70a73ee5-5419-48c1-abf7-7a36f322d5bb..jpg

XİN: “Paşinyanın iddiaları sülh prosesinə növbəti zərbədir”

Baxış sayı: 848 dəfə baxılıb.

XİN: “Paşinyanın iddiaları sülh prosesinə növbəti zərbədir”

“Ermənistanın baş naziri Nikol Paşinyanın mətbuat konfransı zamanı Azərbaycana
qarşı səsləndirdiyi tamamilə əsassız və tarixi faktları kobudcasına təhrif edən
iddiaları bölgədə sülhün bərqərar edilməsi prosesinə növbəti zərbədir”.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə
martın 14-də Ermənistanın baş naziri N.Paşinyan tərəfindən mətbuat konfransı
zamanı səsləndirilmiş əsassız iddialarla bağlı yerli medianın sualını
cavablandırarkən deyib.

O bildirib ki, baş nazir N.Paşinyanın bugünədək müxtəlif beynəlxalq
platformalarda verdiyi vədlərdən və üzərinə götürdüyü öhdəliklərdən boyun
qaçıraraq həyata keçirdiyi anti-Azərbaycan kampaniyası, o cümlədən sülh sazişi
üzrə danışıqları və beynəlxalq vasitəçilərin səylərini heçə endirən ritorikası
Ermənistan üçün heç bir xeyirli gələcək vəd etmir:

“Ermənistan baş nazirinin azərbaycanlıların indiki Ermənistan ərazisindəki
torpaqlarından zor gücünə qovulması faktını inkar etməsi, Ermənistanın sistemli
və məqsədyönlü şəkildə onilliklər ərzində həyata keçirdiyi etnik təmizləmə
siyasətinə bəraət qazandırması niyyətindən xəbər verir.

Ermənistan ərazisində yaşayan dinc azərbaycanlıların fiziki məhvi, onlara
qarşı qanlı qırğınlar törədilməsi, hədə-qorxu vasitəsilə əhalinin zorla
köçürülməsi tarixi bir faktdır. Ermənistan tərəfinin təxribatçı iddialarına
baxmayaraq, indiki Ermənistan ərazisində azərbaycanlı əhaliyə qarşı zorakılığın
və deportasiyanın miqyasına dair tam təsəvvürə malik olmaq üçün baş nazirin
bölgədə azərbaycanlı və erməni əhalinin nisbətində hansı dəyişikliklər baş
verdiyi ilə tanış olması kifayətdir. Yaxşı məlumdur ki, vaxtilə Ermənistanın
indiki ərazisində faiz nisbətində say çoxluğuna malik olan azərbaycanlılardan
heç bir əsər-əlamət qoyulmayıb, bu fəaliyyət mütəşəkkil və məqsədyönlü
siyasətin tərkib hissəsi olub.

Ermənistan rəhbərliyinin azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz
doğma torpaqlarına geri qayıtması hüququnu təkzib etməsi, yüz minlərlə
azərbaycanlının daxil olduğu Qərbi Azərbaycan İcmasının Ermənistan rəhbərliyini
bu istiqamətdə dialoqa çağırışına qarşı çıxması, bu hüquqların tələbinin “ərazi
iddiası” kimi təqdim edilməsi Ermənistanın “insan hüquqları”na heç bir dəyər
verməyən və “etnik təmizləmə əsasında monoetnik dövlət titulu”nu qorumaq üzrə
məkrli siyasətinin bir göstəricisidir.

Ermənistan baş nazirinin növbəti dəfə erməni sakinlərlə dialoq məsələsinə
müdaxilə etməyə çalışması, Azərbaycanın Qarabağ bölgəsi üzərində beynəlxalq
səviyyədə tanınmış suverenliyinə və ərazi bütövlüyünə qarşı təxribat dolu
bəyanatlar səsləndirməsi, “Qarabağın xalqı və hökuməti” kimi ifadələr işlətməsi
qəbuledilməzdir.

Erməni əsilli sakinlərin reinteqrasiyası üzrə müzakirənin Azərbaycanın daxili
işi olduğu və kənar dövlətlərin bu məsələdə heç bir rolunun olmadığı barədə
mövqeyimizə Ermənistanın məhəl qoymaması, onun “xalqların öz müqəddəratlarını
təyin etməsi” prinsipi pərdəsi altında 90-cı illərin əvvəllərində ölkəmizə
qarşı başlatdığı təcavüz siyasətindən əl çəkmədiyindən xəbər verir. Ermənistan
baş naziri anlamalıdır ki, Qarabağ bölgəsinin erməni sakinlərinin hüquqları
bölgənin azərbaycanlı əhalisinin hüquqlarından heç zaman üstün ola bilməz və
Azərbaycan ərazisində yaşayan müxtəlif etnik xalqlara münasibətdə yalnız
bərabər yanaşma tətbiq edir və edəcək.

İndiyə qədər heç bir razılaşmaya və öhdəliyinə riayət etməyən Ermənistanın
Azərbaycanı xəyali razılıqları inkar etməkdə təqsirləndirməsi, Azərbaycanın
sərhədyanı bölgələrdə vəziyyəti gərginləşdirəcəyini iddia etməsi yalnız və
yalnız Ermənistanın öz mümkün hərbi təxribatlarını ört-basdır etməyə yönəlmiş
bir addımdır.

Sülh sazişinin mətnində Azərbaycana qarşı ərazi iddialarını istisna edən
müddəalara hər vəchlə qarşı çıxması, gələcək pozuntulara saziş mətni hazırlanan
müddətdə belə rəvac yaratması, bu qeyri-konstruktiv yanaşmaları gizlətməklə
“beynəlxalq mexanizmlər”, “beynəlxalq zəmanət institutu” kimi ideyalarla çıxış
etməsi Ermənistanın sülh sazişində maraqlı olmadığının göstəricisidir.

Bununla yanaşı, sonuncu dəfə ötən ilin dekabr ayında sülh sazişi üzrə
danışıqlardan imtina edən Ermənistan tərəfinin Avropa İttifaqının vasitəçilik
səylərinə müxtəlif bəhanələrlə qarşı çıxması, onun 30 ilə yaxın müddətdə işğal
dövründə danışıqlara maneələr yaradılması təcrübəsindən əl çəkmədiyini nümayiş
etdirir.

Ermənistan baş nazirinin yalnız Ermənistanın təkliflərinin qeyd olunduğu və
Azərbaycanın təkliflərinin nəzərə alınmadığı layihəni imzalanma üçün hazır
olduğunu brifinq zamanı bəyan etməsi isə onun sülh prosesinə laqeyd
yanaşmasının növbəti sübutudur və hesab edirik ki, Ermənistanın bu destruktiv
fəaliyyətləri beynəlxalq ictimaiyyət tərəfindən qınanmalı və onların qarşısı
alınmalıdır.

Source link