XİN: “Seçkiləri izləmək istəyən xarici KİV-lərdən çoxsaylı müraciətlər daxil
olub”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisində müşahidəçi
qismində iştirak etmək üçün rəsmi nota göndərdiyimiz beynəlxalq təşkilatların
əksəriyyətindən müsbət cavab almışıq”.
Bunu secki-2024.az saytına açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin
(XİN) mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə bildirib.
“Beynəlxalq təşkilatlara dəvət məqsədilə XİN tərəfindən ATƏT-in Demokratik
Təsisatlar və İnsan Hüquqları Bürosu, Müstəqil Dövlətlər Birliyi, İslam
Əməkdaşlıq Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı, Demokratiya və İqtisadi
İnkişaf naminə Təşkilat (GUAM), Türk Dövlətləri Təşkilatı və Qoşulmama
Hərəkatının Gənclər Təşkilatına müvafiq notalar göndərilib. Mövcud prosedura
əsasən, öz növbəsində qeyd edilən təşkilatlar üzv dövlətlərə müraciət edərək
müvafiq ölkədəki seçkini müşahidə etməyə çağırış edirlər. Dəvət göndərdiyimiz
təşkilatların əksəriyyətindən müsbət cavablar almışıq”, – deyə A.Hacızadə qeyd
edib.
Mətbuat xidmətinin rəhbəri, həmçinin vurğulayıb ki, 7 fevral seçkini izləmək
məqsədilə xarici KİV-lərdən də çoxsaylı müraciətlər alınıb və akkreditasiya
prosesi yekunlaşdıqdan sonra onların dəqiq sayı barədə məlumat veriləcək.