Yəmən vətəndaşı, bloqer Nada Ahmed Ali Al-Nahdi məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”na salınmamasını xahiş edib.
XİN-in mətbuat xidmətindən ÇıxışYolu.Com-a verilən məlumata görə, məktubunda N. Al-Nahdi Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü, suverenliyinə və qanunlarına hörmət etdiyini bildirib.
Qanunsuz səfərin fəsadlarından əvvəlcədən məlumatlı olmadığını bildirən N. Al-Nahdi Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə səfərin heç bir halda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təşviqinə xidmət etmədiyini vurğulayıb və işğal olunmuş ərazilərə qanunsuz səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini qeyd edib.
Məktubunda o, gələcəkdə ölkəmizin işğal altında olan ərazilərinə bu kimi səfərlərdən çəkinəcəyini bildirib.
N. Al-Nahdinin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının “Arzuolunmaz şəxslər siyahısı”na salınmamasına dair qərar qəbul edilib.
Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com