XIV Bakı Beynəlxalq Qısa Filmlər Festivalında 78 ölkədən 704 ekran əsəri
nümayiş olunacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Noyabrın 10-da 14-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalının açılış mərasimi
keçiriləcək, festivalda 78 ölkədən 704 film nümayiş olunacaq.
“Report” xəbər verir ki, Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi
festivalın rəsmi tərəfdaşı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi,
Azərbaycan Respublikası Kino Agentliyidir.
Mərasimdə nazirliyin rəsmiləri, xarici ölkələrin Azərbaycandakı
səfirliklərinin nümayəndələri, festivalın beynəlxalq tərkibli münsiflər
heyətinin üzvləri, həmçinin ölkəmizin mədəniyyət və incəsənət xadimləri iştirak
edəcək.
Bu il festivala 78 ölkədən 704 film göndərilib. Kino mütəxəssislərindən ibarət
Seçim Komissiyası bu filmlər arasından Beynəlxalq, “Asiya istedadları” və Yerli
müsabiqədə yarışan ekran əsərlərini müəyyənləşdiriblər.
Belə ki, beynəlxalq müsabiqədə 32 ölkəni təmsil edən 42 film, “Asiya
istedadları”nda 17 film, yerli müsabiqədə isə 26 film festivalın əsas mükafatı
olan “Qızıl Nar” uğrunda mübarizəyə qoşulacaq.