Xiyabaninin dağıdılmış, Səməd Behrənginin şəkli oğurlanmış məzarları –
ARAŞDIRMA
“Güney Azərbaycanın bir çox tarixi qəbiristanlıqları və tanınmış simalarının
məzarları dağıdılmış və ya baxımsız qalıb”.
APA-nın Güney Azərbaycanı tanı” layihəsi çərçivəsində Məhəmməd Rəhmanifərin
Güney Azərbaycanın qəbirləri haqqında məqaləsini təqdim edirik:
“Güney Azərbaycanın tarixi qəbiristanlıqları bu yurdun qədim kimliyinin
təzahürüdür. Günümüzdə tarixi qəbiristanlıqlar tarixçilərlə yanaşı,
antropoloqların da diqqətini çəkir. Bu səbəbdən köhnə və tarixi
qəbiristanlıqların qorunub saxlanması bir xalqın tarixi-mənəvi irsinin
qayğısına qalmaq səylərinin bir hissəsi kimi vacib görünür.
Türk xalqları arasında ən qədim çağlardan bəri əcdadların qəbirlərinə xüsusi
önəm və ehtiram göstərilib. Əski türklərin bu vərdişi tarix atası kimi tanınan
Herodotun da diqqətini çəkib. Herodotun yazdığına görə, iskitlərin başçısı fars
padşahı Daraya cavab olaraq deyir ki, əgər bizim əcdadlarımızın məzarlarını
dağıtsanız, bizdən çox sərt cavab alacaqsınız.
Deməli, bir zamanlar əcdadlarımızın məzarını təhqir etmək bağışlanmaz günah
sayılırdı. Nə yazıq ki, son zamanlarda istər quzeydə, istərsə də güneydə bu
acıları bizə yaşadanlar oldu. Əcdadlarımızın məzarlarını təhqir edənlər sadəcə
bizdən acıq çıxmaq peşində olmamışlar. Onların başqa bir məqsədləri də bizim
tarixi kimliyimizi məhv etmək olub. Deməli, bizi yer üzündən silib məhv etmək
istəyən düşmənlərimiz nənə-babalarımızın məzarlarına da rəhm etməyiblər.
Onların niyyəti bizim tarixi torpaqlarımızda buraxdığımız izləri silmək olub.
Bizim nənə-babalarımızın məzarları da eynən öz varlığımız kimi bu torpaqların
bizə aid olduğunun sübutu sayılır və düşmənlərimizin bir amacı da bu faktları
məhv etmək idi. Məsələn, Təbrizdə məşrutə qiyamı (1906-1911) şəhidlərinin
qəbiristanlığından heç bir əsər-əlamət tapmaq mümkün deyil. Belə ki, Rza şah
dövründə məşrutə şəhidlərinin xatirəsini insanların beynindən silmək üçün
Təbrizin Qacil məhəlləsinin qəbiristanlığını dağıdıb yerində indiki Gülüstan
bağını tikiblər (Xiyabani və başqa məhəllələrin qəbiristanlıqlarında dəfn
edilən başqa məşrutə qəhrəmanlarının taleyi də eyni olub və onlardan da bir iz
tapmaq mümkün deyil)!
Məşrutə qəhrəmanı, Milli Sərdar Səttarxanın (1866-1914) cənazəsi Tehranın Şah
Əbduləzim ziyarətgahında dəfn edilib. Günümüzə qədər qorunub saxlansa da, onun
da məzarının acınacaqlı durumu hər bir azərbaycanlının ürəyini ağrıdır.
Azərbaycan mədəniyyət xadimlərinin dəfələrlə Tehrandan tələb etmələrinə
baxmayaraq, İran hökuməti nə bu məzarın Təbrizə daşınması, nə də
qorunub-saxlanılması üçün işlərin görülməsinə izn verib.
(Bu sadə qəbirdaşı təkcə Azərbaycanın deyil, həm də İranın azadlığının
qəhrəmanı sayılan Səttarxanın məzarıdır)
Güney Azərbaycan türklərinin azadlıq simvolu sayılan daha bir məşrutə
qəhrəmanının məzarının vəziyyəti Səttarxanın məzarının vəziyyətindən də
acınacaqlıdır. Şeyx Məhəmməd Xiyabani (1879-1920) həm İranın, həm də Güney
Azərbaycanın azadlığı uğrunda canından keçən azərbaycanlı qəhrəmandır. Cənazəsi
Səttarxanın cənazəsi kimi Tehranın Şah Əbduləzim ziyarətgahında olan Şeyx
Məhəmməd Xiyabaninin məzarı tikinti bəhanəsi ilə təxrib edilib. Güney
Azərbaycan mədəniyyət xadimlərinin etirazlarına və istəklərinə baxmayaraq,
məzarın Təbrizə daşınmasına icazə verilməyib.
(Şeyx Məhəmməd Xiyabaninin məzarının durumu)
Baxımsız qalan, hətta dağıdılan təkcə Səttarxanın və ya Şeyx Məhəmməd
Xiyabaninin məzarları deyil. Yuxarıdakı sətirlərdə qeyd etdiyimiz kimi, Güney
Azərbaycanın bir çox tarixi qəbiristanlıqları və tanınmış simalarının məzarları
dağıdılmış və ya baxımsız qalıb. Məsələn, Güney Azərbaycanın dünya şöhrətli
yazarı, Səməd Behrənginin məzarı üstə çəkilmiş rəsmi götürülüb.
(Səməd Behrənginin məzarının üstündəki şəkli götürülüb)
Bir çox Güney Azərbaycanlı çağdaş yazar, şair və mədəniyyət xadiminin də
məzarı təxrib edilir və ya hörmətsizliyə məruz qalır. Bəzi məzar daşları yalnız
üzərlərində Azərbaycan türkcəsində yazıldığı üçün təxrib edilir.
Bu yazıda daha 3 tarixi qəbiristanlığın durumunu açıqlayacağıq. Bu
qəbiristanlıqların müəyyən dərəcədə qorunub-saxlanılmasına baxmayaraq, böyük
hissələri bilərək və ya bilməyərək təxrib edilib.
Təbrizdə Dəmir çağına aid 4000 illik qəbiristanlıq
Təbrizin tarixi Göy Məscidinin yanında yerləşən bu qəbiristanlıqda yaşı
3000-4000 il olan qəbirlər var. Bu qəbirlər Göy Məscidin ətrafında ticarət
kompleksinin tikintisi məqsədilə qazılarkən aşkar edilib. Azərbaycan xalqının
və mədəniyyət xadimlərinin ciddi etirazlarına baxmayaraq, təəssüf ki, ticarət
kompleksinin qazıntı və tikintisi prosesi dayandırılmayıb və aşkar edilmiş
möhtəşəm tarixi kompleksin yalnız kiçik bir hissəsi qorunub-saxlanılaraq muzeyə
çevrilib. Bu tarixi qəbiristanlıqda ana bətnindəki döl şəklində basdırılmış
ümumilikdə 38 qəbir diqqət çəkib.
Görünür, onların əksəriyyəti gənc yaşda ölüb. Körpə uşaqların qəbirləri sadə,
yeniyetmələrin qəbirləri isə kvadrat formasındadır və içində 2 saxsı qab var.
Uşaqlar oyuncaqları, qadınlar zinət əşyaları, kişilər isə döyüş silahları ilə
dəfn ediliblər.
Bəzi cəsədlərin yanında saxsı qablar və yemək effektləri aşkar edilib ki, bu
da onların mitraizm inancına inandıqlarını təsdiqləyir. Qeyd etmək lazımdır ki,
Güney Azərbaycanın bəzi bölgələrində mitraizm inancına bağlı məbədlərin aşkar
edilməsi bu inancın qədim zamanlarda Azərbaycanda yayıldığından xəbər verir.
Bəzi qəbirlərdə saxsı qablar var ki, onların daha zəngin adamlara məxsus
olması ehtimal edilir. Meyitlərin yanında basdırılan əşyalardan aydın olur ki,
bu insanlar ölümdən sonra həyata, bəlkə də ölümdən sonra yenidən dirilməyə
inanırmışlar.
Meşkinşəhərdə (Xiyav) Dəmir dövrünə aid 4000 illik qəbiristanlıq
Əvvəlki yazıların birində Meşkinşəhərin, Şəhər Yeri adlı nəhəng kolleksiyasını
təqdim etmişdik. Meşkinşəhər, yaxud Xiyav şəhərində Şəhər Yeri adlı nəhəng
kolleksiyadan başqa dəmir çağına aid bir qəbiristanlıq da yerləşməkdədir.
Əslində, bu qəbiristanlıqla Təbrizdəki dəmir çağına aid olan qəbiristanlıq
arasında çoxlu oxşarlıqlar var. Məsələn, hər iki qəbiristanlıqda ölülərlə
birlikdə saxsı əşyalar və yemək qabları basdırılıb.
Qızıl Qəyə adlı kəndin yaxınlığında tapılan bu tarixi qəbiristanlıqda Dəmir
çağına aid 11 qəbir bulunmaqdadır. Bu kolleksiyanın qəbirlərindən birində
süngü, tunc xəncər və boz saxsı kimi hədiyyələr tapılıb.
Təbrizdə pinə-şalvar (Şadbad-i Məşayix) qəbiristanlığı
Pinə-şalvar (Şadbad-i Məşayix) qəbiristanlığı Təbrizin İslamdan əvvələ qədər
uzanan köhnə və tarixi qəbiristanlıqlarından biridir. Səhənd dağının yamacında
yerləşdiyinə görə, bu qəbiristanlıq soyuq qış iqliminə və nisbətən sərin yay
iqliminə malikdir. Səhənd dağının vulkanik zirvələri var. Günümüzdə
fəaliyyətsiz vulkanik zirvələr hesab edilsə də, tarix boyu bu ərazidəki
vulkanik daşlar keçmişdən müxtəlif tikintilərdə istifadə edilib. Əslində, bu
qəbiristanlığı digər qəbiristanlıqlardan fərqləndirən eyni daşlarla tikilmiş
daş mənhirlərdir. Bu mənhirlər Güney Azərbaycanın daha öncə tanıtdığımız Şəhər
Yeri mənhirlərindən tamamən fərqli olaraq Güney Türkmənistanda, Xəzər gölünün
cənub-qərbində İran sərhədlərinin daxilində yerləşən türkmənlərin yaşadığı
bölgə, Xalid Nəbi qəbiristanlığının mənhirlərinə bənzəməkdədir.
(Təbrizdə pinə-şalvar (Şadbad-i Məşayix) qəbiristanlığı)
(Təbrizin pinə-şalvar qəbiristanlığının mənhirlərinə bənzəyən başqa bir türk
yurdu sayılan Güney Türkmənistandakı Xalid Nəbi qəbiristanlığının mənhirləri)
(Təbrizdə pinə-şalvar (Şadbad-i Məşayix) qəbiristanlığı)
İslamdan əvvəlki dövrə aid olan bu qəbiristanlığın qədim mənhirlərinin
üzərində hər hansı yazı izləri olmadığı üçün onların mahiyyəti haqqında fikir
yürütmək çətinləşib. Təbii ki, bu qəbiristanlıqdakı qəbir daşlarının heç də
hamısı İslamdan əvvəlki dövrə aid deyil. İslamdan sonrakı dövrə aid qəbir
daşlarında, ümumiyyətlə, kufi və ya ərəb qrafikası ilə yazılar var. Qeyd edək
ki, İslamdan sonrakı dövrlərə aid olan qəbir daşları zahiri görkəminə görə
tamamilə fərqlidir və eyni qəbiristanlıqda yerləşən qədim mənhirlərlə heç bir
oxşarlığı yoxdur.
Bu qəbiristanlıqda 13-15-ci əsrlərdə dünyadan köçmüş bir neçə hökmdar, mürşid
və sufinin də torpağa tapşırıldığı məlumdur. Onların arasında atasından sonra
Cəlairi hökmdarlarının ikinci ən məşhur sultanı olmuş Böyük Şeyx Həsən oğlu
Sultan Oveysini qeyd edə bilərik.