1992-ci ildə Dağlıq Qarabağın Xocalı şəhərində vəhşicəsinə qətlə yetirilmiş dinc sakinlərin xatirəsini yad etmək üçün hər il fevralın 26-da Bakıda anım yürüşü keçirilir.
Azərbaycanda bu tarixi hadisə ən qatı cinayətlərdən biri, insanlığa qarşı cinayət, Azərbaycan xalqına qarşı soyqırım olaraq qiymətləndirilir. Ermənistan Xocalı faciəsi barədə susmağa üstünlük verir və ona hərbi əməliyyatın gedişində sıradan bir hadisə kimi yanaşır.
1992-ci il, fevralın 25-dən 26-na keçən gecə nə baş verib?
Həmin hadisələrin düzgün siyasi qiymətini vermək üçün tarixə nəzər salmaq yerinə düşər. Sovet İttifaqının süqutundan sonra yeni qurulmuş dövlətlərdə etnik separatçılıqla müşayiət olunan hərbi münaqişələr meydana gəldi.
Azərbaycanda Dağlıq Qarabağ, Gürcüstanda Abxaziya və Cənubi Osetiya, Moldovada Dnestryanı münaqişələr regionun üzləşdiyi təhdidlərin bariz nümunəsidir.
Dağlıq Qarabağda vəziyyət hələ 1988-ci ildən gərginləşməyə başlamışdı. Bu, 1990-cu ilin sonları – 1991-ci ilin əvvəllərində təkcə həmin bölgədə deyil, eyni zamanda, Azərbaycanın Ermənistanla həmsərhəd bölgələrinə açıq-aşkar erməni təcavüzü ilə nəticələndi.
İyun-dekabr aylarında erməni silahlı qüvvələrinin Xocavəndin Qaradağlı kəndinə və Əskəran rayonunun Meşəli kəndinə etdiyi hücum nəticəsində 12 nəfər qətlə yetirildi, 15 nəfər yaralandı.
1991-ci ilin avqust və sentyabr aylarında Şuşa-Cəmilli, Ağdam-Xocavənd və Ağdam-Qaradağlı marşrutlarında avtobusların atəşə tutulması nəticəsində daha 17 nəfər həlak oldu, 90-a yaxın azərbaycanlı yaralandı.
Həmin ilin sonlarında toqquşmalar daha geniş miqyas aldı və Qarabağın dağlıq hissəsində daha 30 yaşayış məntəqəsi, o cümlədən strateji əhəmiyyətli Tuğ, İmarət-Qərvənd, Sırxavənd, Meşəli, Cəmilli, Ümüdlü, Qaradağlı, Kərkicahan və digər Azərbaycan kəndləri ermənilər tərəfindən dağıdıldı, talanlara məruz qaldı, yandırıldı.
Azərbaycanın Qarabağın dağlıq hissəsindəki son yaşayış məntəqələrinin erməni ordusu tərəfindən işğalı 1992-ci ildə yekunlaşdı. Həmin vaxt Xocalı soyqırımı artıq törədilmişdi.
Əhalisi azərbaycanlılardan ibarət olan və 926 kv.km sahəni tutan Xocalı şəhəri Xankəndidən 12 km şimal-şərqdə, Ağdam-Şuşa və Əskəran-Xankəndi yolları arasında yerləşib.
Strateji əhəmiyyətli mövqeyə malik olan Xocalıda Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki yeganə aeroportu yerləşib.
Şəhər əhalisi, özünümüdafiə dəstələrinin döyüşçüləri separatçıların mənfur planlarını gerçəkləşdirməyə əngəl olurdu. Əskəran-Xankəndi yolu və aeroportun tutulması bütün Dağlıq Qarabağ bölgəsinin işğalını əhəmiyyətli dərəcədə asanlaşdıracaqdı. Ona görə faciəyə dörd ay qalmış, 1991-ci ilin oktyabr ayından etibarən şəhərə aparan bütün yollar bağlanmışdı və Xocalı faktiki olaraq ermənilərin mühasirəsinə düşmüşdü.
2 yanvar 1992-ci ildən şəhərin elektrik təchizatı dayandırılıdı. Təcrid olunan şəhərlə yeganə rabitə helikopter nəqliyyatı vasitəsilə təmin olunurdu, ancaq erməni separatçılarının yanvarın 28-də Ağdamdan Şuşaya uçan Mİ-8 helikopterini vurmasından sonra (üç ekipaj üzvü və 41 sərnişin həlak olub) bu həyati əhəmiyyət daşıyan rabitə vasitəsi tamamilə iflic oldu.
Nəticədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xankəndidə yerləşən və keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü diviziyasına daxil olan 366-cı motoatıcı alayın 10 tank, 16 zirehli şəxsi heyət daşıyıcısı, doqquz piyada döyüş maşını, 180 hərbi mütəxəssisi və çoxsaylı canlı qüvvədən ibarən erməni silahlı qüvvələri Xocalını mühasirəyə aldı. Silahsız olan mülki əhalidən 3000 minə yaxın insan düşməndən xilas olmaq üçün şəhəri tərk etdi.
Elə həmin vaxt günahsız insanları qırmağa başladılar. Şəhər viran qoyulmuşdu, sakinlər xüsusi amansızlıqla öldürülmüşdü. Dəhşətli statistika olsa da, rəsmi məlumatlara görə, həmin gecə 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca qətlə yetirilib.
Səkkiz ailə tamamilə məhv edilib, 487 insan əlil olub (onlardan 76-sı həmin vaxt yetkinlik yaşına çatmamış uşaqlar və yeniyetmələr idi), 1275 nəfər əsir düşüb, 150 nəfərin aqibəti barədə günümüzə kimi heç bir məlumat yoxdur.
Faciə yerinə Azərbaycan ordusunun döyüşçüləri gələndə, xüsusi amansızlıqla qətlə yetirilmiş dinc sakinlərin meyitlərini aşkarladı, onların çoxunun başı kəsilmiş, gözləri çıxarılmış, dəriləri soyulmuş və diri-diri yandırılmışdı.
Bu heç də Azərbaycan tərəfinin əsassız uydurmaları deyil, bir neçə gündən sonra faciənin baş verdiyi yerə döyüşçülərlə yanaşı, sonradan hadisələri dünya ictimaiyyətinə çatdıran xarici jurnalistlər də gələ bilmişdi.
“İzvestiya” qəzetinin 13 mart 1992-ci il tarixli buraxılışında rusdilli hərbçi aşağıdakı məlumatları çatdırıb:
“Mayor Leonid Kravets: Yüksəklikdə öz gözlərimlə 100-ə yaxın meyit gördüm. Oğlanlardan biri başsız idi, hər yerdə xüsusi amansızlıqla öldürülmüş qadın, uşaq və qoca meyitlərinə rast gəlmək olurdu”.
Dinc əhaliyə qarşı zorakılıq faktlarını təsdiq edən Rusiyanın “Memorial” hüquq-mühafizə mərkəzinin yazdığına görə, dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyitləri daşındı, onlarla meyit təhqir olunmuşdu.
İngiltərənin “The Sunday Times” qəzetinin 1 mart 1992-ci il tarixli nömrəsində ermənilərin törətdiyi vəhşiliklər sağ qalmış Xocalı sakinlərinin dilindən təsvir olunub:
“Erməni əsgərləri yüzlərlə ailəni qırıb. Sağ qalan sakinlərin dediyinə görə, ermənilər 450-dən çox azərbaycanlını, başlıca olaraq qadınları və uşaqları güllələyib. Yüzlərlə, bəlkə də, minlərlə insan itkin düşüb. İnsanları diri-diri yandırırdılar, baş dərilərini soyurdular”.
Fransanın “Le Mond” qəzetinin 14 mart 1992-ci il buraxılışında isə bunlar yazılıb:
“Ağdama gələn xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqlar arasında baş dərisi soyulmuş və dırnaqları yerindən qoparılmış üç meyit aşkarlayıb. Bu, Azərbaycan tərəfinin təbliğatı deyil, bir reallıqdır”.
Öz növbəsində, Fransanın “Valer aktuel” jurnalının 14 mart 1992-ci il buraxılışında bunlar qeyd olunur:
“Bu “muxtar bölgədə” erməni hərbi birləşmələri və Yaxın Şərqdən gəlmiş yaraqlılar ən müasir hərbi texnikaya, o cümlədən helikopterlərə sahibdir. ASALA Livan və Suriyada hərbi düşərgələrə, silah-sursat anbarlarına malikdir. Ermənilər Qarabağ azərbaycanlılarını qırıb, 100-dən çox müsəlman kəndində talanlar həyata keçirib”.
Erməni yaraqlılarının fevralın 25-dən 26-na keçən gecə törətdiyi əməlləri necə qiymətləndirmək olar? Suala beynəlxalq hüquq müstəvisindən yanaşsaq, BMT Baş Assambleyasının 9 dekabr 1948-ci il tarixli “Soyqırım cinayətinin qarşısının alınması və ona görə cəzalandırma” haqqında konvensiyası, “Ordularda yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması”, “Hərbi əsirlərlə rəftar” və “Hərbi dövrdə mülki əhalinin müdafiəsi” haqqında 12 avqust 1949-cu il tarixli Cenevrə konvensiyalarının hərbi əməliyyatların yerinə yetirilməsi zamanı hərbçilərdən tələb olunan tələblərin kobudcasına pozulduğunu görərik.
Bu sənədlər döyüşlərdə, hərbi əməliyyatlarda bilavasitə olaraq iştirak etməyən şəxslərin həyatına və fiziki toxunulmazlığına qəsdi, o cümlədən qətl, şikəst etmə, qəddar davranma, işgəncə, əsir götürmə, insan ləyaqətini alçaltma, o cümlədən bu və ya digər şərtlərdə insanlarla təhqiredici və alçaldıcı rəftarı qadağan edir.
Hüquqi qiymətləndirmədən savayı, hərbçilərin bu və ya digər əməllərini əxlaqi cəhətdən də qiymətləndirmək olar.
Düz 26 il əvvəl Azərbaycan xalqı öz doğma torpaqlarında etnik təmizləməyə, maddi və əxlaqi terrora məruz qalıb. Bütün ölkə bu qəddar cinayətləri törədənləri lənətləyir, ədalətin bərqərar olmasını, dünya ictimaiyyətinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə azərbaycanlılara qarşı törədilən soyqırımın dünya ictimaiyyəti tərəfindən tanınmasına nail olmağa çalışır.
Ən dəhşətlisi isə odur ki, həmin hadisədən 26 il keçməsinə baxmayaraq, erməni terrorçuları və faciənin digər günahkarları indiyə kimi törətdiyi əməllərin cəzasını çəkməyib. Xocalı faciəsinə dünya ictimaiyyəti müstəvisində layiqli qiymət verilməsə, dünyada insanlığa qarşı cinayətlər, humanitar fəlakətlər, terrorçuluq, ekstremizm, separatçılıq, və əlbəttə ki, digər xalqlara qarşı soyqırımların təkrarlanmayacağına heç kim zəmanət verə bilməz.