Xocalı soyqırımı XX əsrin ən amansız və qəddar zorakılıq aktlarından biridir.
XX əsrin sonunda törədilmiş bu faciə təkcə Azərbaycan xalqına qarşı deyil, eyni zamanda, bütün insanlığa qarşı yönəlmiş ən ağır cinayətlərdən hesab olunur. Xocalı soyqırımı Xatın, Xirosima, Naqasaqki və Sonqmi kimi dəhşətli faciələrlə bir sırada dayanır.
Ötən 26 il ərzində Xocalı soyqırımı haqqında çoxsaylı materiallar, kitablar, elmi işlər, analitik şərhlər yazılıb, filmlər lentə alınıb, həmin kənddən sağ çıxa bilmiş nadir insanlardan müsahibələr alınıb; bu insanlar 1992-ci il fevralın 26-na keçən gecənin tükürpədici hadisələri haqqında danışıb…
Xocalı soyqırımı ilə bağlı əsas suallara (həmin faciəvi gündə nələrin baş verdiyi, nə üçün Xocalının hədəf seçildiyi) cavab tapmaq, ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımların tarixini təfsilatı ilə araşdırmaq üçün ən vacib aspektlər, təkzibolunmaz sübutlar və nadir kadrlar təqdim olunub.
200 il ərzində Azərbaycan xalqı mütəmadi olaraq erməni şovinistlərinin etnik təmizləmə və soyqırımı siyasətinə məruz qalıb. Azərbaycanlılar öz tarixi torpaqlarından qovulub, qaçqın və məcburi köçkün düşüb, bunlar ermənilər tərəfindən törədilən kütləvi qətllərlə müşayiət olunub.
Azərbaycanlıların öz tarixi torpaqlarından qovulması sovet dönəmində də davam edib. 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya edilərək, Kür-Araz ovalığına yerləşdirilib.
1988-ci ildə 250 min azərbaycanlı öz tarixi torpaqlarından qovulub və beləcə, Ermənistan mono-etnik dövlətə çevrilib. 1988-ci ildən etibarən Dağlıq Qarabağ ətrafında yaşanan hadisələr, erməni ideoloqların “dənizdən dənizə qədər Ermənistan” kimi axmaq ideyanı gerçəkləşdirmək arzusu, kəndlərin, şəhərlərin dağıdılmasına, on minlərlə günahsız insanın ölümünə, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsinə yol açıb.
26 fevral 1992-ci ildə erməni hərbi birləşmələri yeddi min nəfər əhalisi olan Xocalı şəhərində soyqırımı törədib. Hərbi birləşmələr şəhərə hücum edən zaman şəhərdə cəmi üç minə yaxın insan olub.
Şəhərin dörd aydan çox blokadada olması əhalinin böyük hissəsinin şəhəri tərk etməsinə səbəb olub.
Xocalı faciəsi zamanı 613 nəfər qətlə yetirilib, minə yaxın dinc sakin aldıqları güllə yaralarından əlil olub. 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb, səkkiz ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini itirib, 130 uşaq valideynlərindən birini itirib. Faciə günündə 1275 dinc sakin əsir götürülüb, onlardan 150-nin aqibəti barədə indiyə kimi heç bir məlumat yoxdur.
Bu cinayətlər erməni hərbçiləri tərəfindən xüsusi amansızlıq və ağılasığmaz vəhşiliklə törədilib. Şəhərə edilən hücumda mayor Ohanyan Seyran Mişeqoviçin (2016-cı ilə qədər Ermənistanın müdafiə naziri olub) başçılığı altında 366-cı motoatıcı alayın II batalyonu və Yevgeni Nabokixinin başçılığı altında III batalyonu, I batalyonun qərargah rəisi Çitçyan Valeri İsayeviç və alayın 50-dən çox erməni zabiti və giziri iştirak edib (“Xocalının işğalı işi üzrə istintaq materiallarından”).
Qaçış yolu ilə azad olmağa çalışan sakinlər qabaqcadan təşkil olunmuş pusqularda öldürülüb. Rusiyanın “Memorial” hüquq-müdafiə mərkəzinin informasiyasına görə, dörd gün ərzində Xocalıdan Ağdama 200-ə yaxın meyit gətirilib, onlarla meyitin təhqir olunduğu barədə faktlar qeydə alınıb.
Ağdamda 181 meyit (130 kişi və 51 qadın, o cümlədən 13 uşaq) məhkəm-tibbi ekspertiza müayinəsindən keçib.
Ekspert müayinəsi nəticəsində məlum olub ki, 151 nəfərdə ölüm səbəbi güllə yaraları, 20 nəfərdə mərmi yaraları olub, 10 nəfər sərt əşyalarla zərbə nəticəsində ölüb. Hüquq-müdafiə mərkəzi insanların diri-diri skalpının çıxarılması faktını qeyd edir.
Xocalı faciəsinin epizodları insanıb dəhşətə gətirir. Əntiqə adlı Xocalı sakini erməni hərbçilərinin tələbi ilə “Bu torpaqlar Böyük Ermənistana aiddir” ifadəsini dilə gətirməkdən imtina etdiyi üçün diri-diri yandırılıb.
Digər Xocalı sakini Səriyyə Talıbovanın dediyinə görə, erməni qəbri üzərində dörd məhsəti türkü və üç azərbaycanlının başı kəsilib. İki azərbaycanlının gözləri çıxarılıb.
Ermənilər sağ qalan insanları aşağılayıb. Sakinlərin skalpları çıxarılıb, başları və digər bədən üzvləri kəsilib, uşaqların gözləri çıxarılıb, hamilə qadınların qarınları yarılıb.
Xocalıya edilən hücumlar zamanı qadağan olunmuş 5,45 kalibrli güllələrdən və kimyəvi silahdan istifadə olunub. Bu, Ermənistanın Cenevrə Konvensiyası protokollarını pozduğunu və dinc əhaliyə qarşı soyqırımı törətdiyini təsdiqləyir.
Xocalı sakinlərindən biri – Kübra Paşayeva bunları deyib:
“Öldürülmüş azərbaycanlı uşaqların meyitləri yarılmışdı, onların ürəkləri yerindən çıxarılmışdı. Meyitlər parçalara doğranmışdı. Kətik meşəsinə girəndə ermənilərin mühasirəsinə düşmüşdük. Gizləndiyi kolluqdan ərimin və uşağımın güllələndiyinin şahidi olmuşdum”.
Xocalı soyqırımının xüsusi amansızlıqla törədilməsi rus, gürcü, ingilis, fransız, alman, amerikalı, həmçinin digər ölkələrin jurnalist və publisistlərini, adi vətəndaşlarını dəhşətə gətirib.
Azərbaycan hökuməti və ölkə xaricində olan diaspor bu hadisələr barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün əlindən gələni edir. Xocalı faciəsi unudula bilməz, günahkarlar mütləq layiqli cəzasını almalıdır.
Toğrul Ruhullaoğlu
www.ÇıxışYolu.Com