67202049-9e6a-451a-9ac6-481353fd9606..jpg

Xocalı qatili Madat Babayanın hansı maddələrlə ittiham edildiyi məlum olub

Baxış sayı: 560 dəfə baxılıb.

Xocalı qatili Madat Babayanın hansı maddələrlə ittiham edildiyi məlum olub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu ilin sentyabr ayında keçirilmiş lokal xarakterli antiterror tədbirləri
nəticəsində qanunsuz silahlı birləşmələrə daxil olmaqla “AKM” avtomatı ilə
silahlanıb, mütəşəkkil dəstə halında milli ədavət və düşmənçilik niyyəti ilə
terrorçuluq əməlləri törətməkdə şübhəli bilinən Madat Babayanın Cinayət
Məcəlləsinin hansı maddələri ilə ittiham olunduğu məlum olub.

“Report”un əldə etdiyi məlumata görə, ona qarşı beş maddə üzrə ittiham irəli
sürülüb.

Həmin maddələr aşağıdakılardır:

– 214.1 (Terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında
vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar
tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak
olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının
vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi
yaradan partlayış, yanğın və ya digər hərəkətlər (terror aktı) törətmə, habelə
həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmə),

– 214.2.2-ci (terrorçuluq, təkrar törəldikdə),

– 214.2.3 (terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan
predmetlərdən istifadə etməklə törədildikdə),

– 228.3 (mütəşəkkil dəstə tərəfindən təkrar qanunsuz olaraq odlu silah, onun
komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə,
saxlama, daşıma və gəzdirmə),

– 279.3-cü (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qruplar
yaratma və onların fəaliyyətində iştirak etmə).

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yaydığı məlumata əsasən,
bu ilin sentyabr ayında keçirilmiş lokal xarakterli antiterror tədbirləri
nəticəsində qanunsuz silahlı birləşmələrə daxil olmaqla “AKM” avtomatı ilə
silahlanıb, mütəşəkkil dəstə halında milli ədavət və düşmənçilik niyyəti ilə
terrorçuluq əməlləri törətməkdə şübhəli bilinən Babayan Madat Arakeli Kəlbəcər
rayonunun Qozlukörpü kəndi ərazisində tərk-silah edilərək saxlanılıb.

İstintaq zamanı təqsirləndirilən şəxs Madat Babayan ifadəsində digər
xüsusatlarla yanaşı, həmçinin bildirib ki, 1992-ci ilin fevral ayında Xocalı
faciəsinin törədilməsində iştirakçı olub. O, 24 fevral 1992-ci il tarixində
“Xolostoy” ləqəbli Ermənistan silahlı qüvvələrinin polkovnik-leytenantı Arkadi
Şirinyanın rəhbərliyi altında Kəlbəcər rayonunun Çapar, Qozlu və Qozlukörpü
kəndlərinin sakinlərindən ibarət erməni silahlı birləşmələrinin tərkibində
Kəlbəcərin Yayıcı, Heyvalı və Zəylik kəndlərindən gələn digər erməni
silahlıları ilə Xocalı rayonunun Təzəbinə kəndində birləşib. Daha sonra
azərbaycanlı əhalini məhv etmək məqsədilə, qabaqcadan qurulmuş plana uyğun
olaraq, 25 fevral 1992-ci il tarixində gecə saat 23:00 radələrində Xankəndi
şəhərindən Xocalı şəhəri istiqamətində edilən hücum zamanı xilas olmaq üçün
Əsgəran rayonuna tərəf qaçmaq istəyən, əksəriyyəti qadın, uşaq və qocalar olmuş
150 nəfərdən çox əliyalın şəxsdən ibarət mülki əhalini həmin ərazidə pusquya
salaraq avtomat silahlardan atəş açmaqla qətlə yetiriblər.

Eyni zamanda Madat Babayan 26 fevral 1992-ci il tarixində azərbaycanlıların
meyitlərini yığdıqları zaman Vamik Petrosyan, Şirin Şirinyan və digər dəstə
üzvləri tərəfindən meyitlər üzərində təhqiredici hərəkətlərin törədilməsini,
bundan başqa 100-dən çox mülki Xocalı sakininin əsir düşdüyünü müşahidə edib.

Madat Babayan 1992-ci il fevralın 26-da Xocalıda olan erməni silahlıları ilə
birlikdə şəhərdə azərbaycanlılara məxsus olan əmlakların talan edilməsi və
törədilən kütləvi insan qırğını faktlarının gizlədilməsini təmin etmək üçün
Xankəndi istiqamətində Xocalı-Ballıca-Xankəndi yolayrıcında silahlı post
qurduqlarını, üç gün sonra isə bu postda xidmət apardığı vaxt Xocalıda qətlə
yetirilən azərbaycanlıların meyitlərinin üç yük avtomobilində gətirildiyini,
həmin postdan təxminən 400 metr məsafədə Qarqar çayının sol sahilində qazılan
əraziyə tökülərək kütləvi basdırıldığını qeyd edib, eləcə də 1992-ci ilin
fevral-mart aylarında Xocalıda törədilən talanlar barədə məlumat verib.

İfadənin yerində yoxlanılması istintaq hərəkəti həyata keçirilərkən, Madat
Babayan mülki əhaliyə qarşı cinayət əməllərinin törədildiyi yerləri əyani
şəkildə göstərərək bu barədə ətraflı məlumat təqdim edib.

Bundan əlavə, Madat Babayan əsir götürülmüş və qanunsuz olaraq Qozlukörpü kənd
məktəbində saxlanılmış, amansız rəftar və işgəncələr nəticəsində ölmüş
azərbaycanlıların meyitlərini Qozlukörpü kəndində şəxsən dəfn etdiyi yerləri də
göstərib.

Qeyd edək ki, Xocalıda azərbaycanlılara qarşı soyqırımı törətməkdə şübhəli
bilinən Madat Babayan barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırda qeyd olunan və digər əlaqəli cinayətlərlə bağlı kompleks araşdırmalar
aparılır.

Source link