Xocalı şəhərində insan qalıqları tapıldı – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Martın 28-də işğaldan azad edilmiş Xocalı şəhərinin Qaladərəsi adlanan
hissəsində yerləşən su anbarının yaxınlığında həyata keçirilən əsaslı
bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış
vəziyyətdə insana məxsus olması ehtimal edilən sümük fraqmentləri və qalıqların
aşkar olunması barədə Xocalı Rayon Prokurorluğuna məlumat daxil olub.
Bununla bağlı Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Daxil olmuş məlumat əsasında Baş Prokurorluğunun peşəkar əməkdaşları hadisə
yerinə ezam olunmaqla, Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və
Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsi, Azərbaycan Milli Elmlər
Akademiyası, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar
Dövlət Komissiyası əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib,
aşkar edilmiş sümük fraqmentləri ekspertiza və laborator müayinələrin
aparılması məqsədilə müvafiq qaydada götürülüb, eləcə də digər zəruri
prosessual hərəkətlər yerinə yetirilib.
Hazırkı vaxtadək keçirilən prosessual hərəkətlər nəticəsində ərazidə
aşkarlanmış insan qalıqlarının ən azı üç şəxsə məxsus olması müəyyən edilib.
Hazırda hadisə yerinin tam müayinə edilməsi istiqamətində işlər davam
etdirilir.
Faktla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları
idarəsində araşdırma aparılır.
Axtarış işləri tam yekunlaşdıqdan və müvafiq ekspertiza nəticələri müəyyən
olunduqdan sonra ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.