Xocalı sakini: “Anam əsir saxlandığımız yeri görüb infarkt keçirdi” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Nəhayət ki, gedib Xocalını görə bildim. Anam Narxanım evimizi, əsir
saxlandığımız, iki qardaşımın və atamın qətlə yetirildiyi yerləri görəndən
sonra səhhətində problemlər yarandı”.
Bunu Bakupost.az-a açıqlamasında Xocalı sakini Mürvət Məmmədov deyib.
O, Xocalıda olarkən, bir daha keçmişi xatırladıqlarını bildirib:
“Əsir saxlandığımız yerləri gəzdik. Anam Xocalıdan qayıdandan sonra infarkt
keçirdi. Mərkəzi Klinikanın həkimi Firdovsi İbrahimov anamı təmənnasız
əməliyyat elədi. Buna görə həkimə və kollektivinə minnətdarıq. Biz Xocalıdan
qaçqın düşəndən sonra Qobustan rayonunda yerləşmişik, buranın camaatı
əziyyətimizi çox çəkib. Hamısı var olsun”.
M.Məmmədov iki qardaşının və atasının harada dəfn edilməsindən hələ də
xəbərsiz olduqlarını bildirib:
“Bizdən də nümunələr götürülüb. Hər dəfə Xocalıda şəhid olan insanların
qalıqları tapılır, ümidlənirik. Biz əsirlikdə olan ermənilər qardaşlarım
Möhləti və Söhbəti, bir də atam Məmmədi naməlum istiqamətə apardılar və indiyə
kimi onlardan xəbər yoxdur. Bizi isə Xocalıda erməni əsirliyindən Milli
Qəhrəman Allahverdi Bağırov azad etdirdi. Ona görə də Xocalıya gedən kimi ilk
olaraq Allahverdi Bağırovun məzarını ziyarət etdik”.
M.Məmmədov Xocalıda onlara işgəncə verənlərin başında Vitali Balasanyanın
durduğunu deyib:
“Xocalıda törədilən qətliam birbaşa Vitali Balasanyanın adı ilə bağlıdır. O,
məsuliyyətdən canını qurtara bilsə də, Allahın bəlasından qaça bilməyəcək,
Xocalıda şəhid olan insanların ahı onu tutacaq”.