d103474e-9e03-4767-a247-ae23de798b2a..jpg

Xocalı sakini: “Ermənilər məni döyüb yerə yıxdılar, kəlbətinlə dırnaqlarımı çıxarıb dişlərimi qırdılar” – FOTO

Baxış sayı: 953 dəfə baxılıb.

Xocalı sakini: “Ermənilər məni döyüb yerə yıxdılar, kəlbətinlə dırnaqlarımı
çıxarıb dişlərimi qırdılar” – FOTO

“Ermənilər uşaq, qadın və qoca arasında fərq qoymadan işgəncə verirdilər.
Əvvəl məni döyüb yerə yıxdılar, sonra əlimin üzərinə çıxıb barmaqlarımı
qırdılar. Daha sonra isə kəlbətinlə dırnaqlarımı çıxarıb, dişlərimi qırdılar”.

Bu sözləri “Report”a açıqlamasında Xocalı soyqırımı zamanı iyirmi yeddi gün
erməni əsirliyində olan Valeh Hüseynov deyib.

O, böyüyüb boya-başa çatdığı Xocalı rayonu ilə bağlı xatirələrini bölüşüb.
Rayonun təbiətinin əsrarəngizliyindən söz açan müsahib bildirib ki, bu ərazi
onun xatirələrində uşaqlıq və gənclik illəri kimi qalıb:

“Təbiətini və orada keçən gözəl günlərimi heç vaxt unuda bilmərəm. Xocalının
iki tərəfindən çay axırdı. Təbii bulaqları, dağları, gözəl bağları var idi.
Burada insanlar kənd təsərrüfatı və maldarlıqla məşğul olurdular. Xocalıda
bitən kartof, pomidor, kələm kimi kənd təsərrüfatı məhsulları Xankəndi, Ağdam,
Şuşa, hətta Laçında bazarlara çıxarılırdı. Həmin məhsullar həmişə öz dadı və
keyfiyyəti ilə seçilirdi”.

V.Hüseynov açıqlamasında 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Xocalı
faciəsinin yaşandığı anlardan da danışıb:

“Xocalı 1988-ci ildən 1992-ci ilədək düz dörd il mühasirədə qaldı. Bura bir
qədər yaxın Cəmilli, Kosalar, Kərkicahan, Quşçular, Malbəy kimi kəndlər
yandırıldıqca növbənin Xocalıya çatdığını hiss edirdik. O zamankı ölkə
rəhbərliyinə təhlükə barədə nə qədər xəbər etsək, kömək istəsək də, onlardan
səs-soraq çıxmadı. Ermənilər keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının
iştirakı ilə fevralın 25-dən 26-na keçən gecə Xocalıya hücuma keçdilər. Onlar
bu zaman ağır hərbi texnika ilə silahlanaraq əliyalın xalqın üzərinə yeridilər.
Ermənilər Xocalıya hər bir cığırdan hücuma keçmişdilər. Bu zaman küçə döyüşləri
başladı. Xocalı camaatı kiçik dəstələr yaradıb ov tüfəngi və digər yüngül
silahlarla erməni yaraqlılarına qarşı qəhrəmancasına döyüşürdü. Qadınlar da
kişilərə köməklik göstərirdilər. Təsəvvür edin ki, biz bu kiçik silahlarla
tank, BMP (piyadanın döyüş maşını), zirehli texnikalar və minaatanlara qarşı
vuruşurduq”.

V.Hüseynov vurğulayıb ki, qeyri-bərabər döyüşdə Xocalıdan çıxmaqdan başqa
çarələri qalmayıb. Ona görə də Kətik meşəsinə sarı üz tutublar və Tərtər çayı
ilə Qarqar çayının kəsişdiyi yerdən keçməli olublar:

“Biz cavanlar oradan qadınları, uşaqları, yaşlıları keçirmək məcburiyyətində
idik. 23 yaşım vardı və 4 ay idi ki, ailə həyatı qurmuşdum. Həyat yoldaşım
Səadətlə birlikdə o qarlı, şaxtalı havada Kətik meşəsinə çatdıq. Meşənin
yolları o qədər çətin, o qədər enişli-yoxuşlu idi ki, qar yağması bu çətinliyi
daha da artırmışdı. Burada bir çox insan donaraq, digərləri isə erməni
gülləsinə tuş gələrək həlak oldu. Ermənilər qaçarkən Kətik meşəsindən
keçəcəyimizi bildikləri üçün buranı mütəmadi atəş altında saxlayırdılar. Səhərə
qədər dayanmadan yeridik, Əskərana çatanda ermənilər bizi zirehli maşınlarla
qarşıladılar və bizi atəşə tutdular. Qadın, qoca, uşaq demədən hər kəsi
güllələdilər. Xocalı aeroportunun komandiri Əlif Hacıyev də orada vurulmuşdu”.

Əsir düşdüyü anlardan söz açan müsahib bildirib ki, həmin vaxt həyatının ən
çətin anlarını yaşayıb:

“Qaçarkən yerdə az sayda sağ qalanlar da pərəm-pərəm düşdülər. Həmin vaxt biz
atəş nöqtələrini öyrənmək üçün ayrıldıq ki, qadınlar və uşaqların sağ
qurtulması üçün ermənilərin qarşısını kəsək. Həyat yoldaşım Səadəti də digər
qadın və uşaqlarla birgə Əskərandan yola saldım. Ağdamın Şelli kəndinə
çatmağımıza az qalmışdı ki, Səadəti xəbər aldım. Dedilər ki, Səadət orada qalıb
gələ bilməyib. Onu gətirmək üçün yenidən geri qayıtmalı oldum. Səadət 12 nəfər
qadın və uşaqla bir yerdə bir dərədə gizlənmişdi. Qayıdarkən yerimək üçün heç
birində taqət qalmamışdı. Qaraqaya kəndinə çatmağa az qalmışdı ki, 4 tərəfdən
mühasirə altına alındıq. Səadət erməni gülləsinin qurbanı oldu. Onu qoyub
getmək istəmədim, elə orada da əsir düşdüm”.

V.Hüseynov həmçinin erməni əsirliyində məruz qaldığı işgəncələrə də toxunub.
O, həmin vaxt yaşadığı ağrı-acılı günlərlə bağlı xatirələrini bölüşüb. 27 gün
əsirlikdə qaldığını xatırladan müsahib söyləyib ki, həmin günlərin hər anı
əzab-əziyyətlə və olmazın işgəncələrlə keçib:

“Uşaq, qadın, qoca ayırd etmədən işgəncə verirdilər. İlk əvvəl məni döyüb yerə
yıxdılar. Daha sonra əlimin üzərinə çıxıb barmaqlarımı qırdılar. Kəlbətinlə
dırnaqlarımı çıxarıb, dişlərimi qırdılar. Daha sonra yenidən məni döyəndə odun
sobasının üstünə yıxıldım. Yerə aşan qaynar sobanı qırılmış əllərimlə yenidən
düzəltməyə məcbur etdilər. Əlim yanmasın deyə əynimdən çıxarmağa çalışdığım
cırılmış köynəkdən istifadə etmək istədiyimi görəndə imkan vermədilər və əlimi
sobaya yapışdırdılar. Əllərim o qədər pis yanmışdı ki, sərinləməsi üçün
divardakı soyuq dəmirdən tutdum.Bu an əllərim dəmirə yapışdı. Bunu görən
ermənilər ayaqlarımdan özlərinə sarı dartanda əllərimin dərisi buz tutmuş dəmir
boruya yapışıb qaldı. Məni avtomatın qundağı ilə o qədər döymüşdülər ki, qan
qusurdum. Soyuqdan qan donaraq ağzımı bağlamışdı. Ermənilər mənə dedilər ki,
“it ölür, sən ölmürsən, sən necə adamsan?!” Həmin dəhşətli ağrıları sanki bu
gün də yaşayıram. Sonuncu işgəncələri isə gözlərimə sıxdıqları maye idi. Onun
nəticəsidir ki, sol gözüm görmə qabiliyyətini itirib”.

Müsahib, həmçinin erməni əsirliyindən necə xilas olması ilə bağlı sualları da
cavablandırıb:

“Bir gecə mənə dedilər ki, sabah sənin ətini, qulağını kəsib, özünə
yedirəcəyik, gözlərini çıxaracağıq, burnunu kəsəcəyik. Hərdən bir bizi yoxlamaq
üçün həkim gəlirdi. Bunu sadəcə gözdən pərdə asmaq, guya humanist olmaları ilə
bağlı görüntü yaratmaq üçün edirdilər. Bu zaman bizim üçün gətirilən
dərmanlardan bir ovuc içərək bu əzablara özüm son vermək istədim. Lakin o qədər
qan qusmuşdum ki, dərmanları uda bilmədim. Qorxudan səhərə qədər saçlarım
ağarmışdı.

Günorta saatları idi, saxlanıldığımız otağın qapısı açıldı. Vitali Balasanyan
və yanında bir neçə erməni əsgəri içəri daxil oldu. Şəklimi mənə göstərdilər
ki, bu sənsənmi? Dedim mənəm. Mənlə əlaqəli bir neçə dənə də sual verib
getdilər. Axşamçağı geri gəlib mənim üz-gözümün qanını təmizləyib, əynimə əsgər
paltarı geyindirdilər. Aparıb bir maşına mindirdilər. Maşında arxadan biri
səsləndi ki, sən Valehsən? Danışığından azərbaycanlı olduğunu anladım. Həmin
adam Milli Qəhrəman Allahverdi Bağırovun döyüş yoldaşı Zahid Qarayev idi. Məni
əsirlikdə olan 3 erməni ilə dəyişmişdilər. Beləcə 27 gün cəhənnəm əzabı
gördüyüm əsirlikdən azad oldum”.

Qeyd edək ki, Hüseynov Valeh Sahib oğlu 1968-ci ildə Xocalıda anadan olub. O,
orta məktəbi burada oxuyub və burada da boya-başa çatıb.

Source link