26 fevral 1992-ci ildə erməni quldurları tərəfindən Xocalı şəhərinin yeddi min nəfərlik əhalisinə qarşı soyqırım törədilib.
Xocalı soyqırımını törədənlər haqqında məlumatlar, şəhər sakinlərinin şahid ifadələri, həmçinin bu hadisənin digər vaxtlarda baş vermiş hadisələrlə qarşılıqlı əlaqəsi haqqında materialların toplandığı kiçik xronologiyanı oxuculara təqdim edirik:
Bu, necə oldu?..
Xocalıya hücum zamanı ermənilər bilərəkdən şəhərin şərq tərəfini açıq saxlayıb. Söhbət şəhərin Ağdam şəhərinə açılan hissəsindən gedir. Gecənin zülmətində yarıçılpaq, bayğın vəziyyətdə hərəkət edən, addımbaşı düşmənin atəşi ilə üzləşən xocalılılar intuitiv olaraq nisbi sakit görünən şərq istiqamətində qaçırdı.
Xocalılılar fevralın mənfi 12 dərəcəli şaxtasında Qarqar çayını keçirdilər. Halbuki onların ifadələrinə görə, çayın qarşı sahilində erməni kəşfiyyat qrupu mövqe tuturdu və şəhərdən qaçan insanların istiqamətləri barədə öz qərargahlarına operativ məlumatlar ötürürdü.
Sözügedən “humanitar dəhliz”də xocalılılar azı üç erməni pusqusu ilə üzləşmişdi. Onların ilk qrupu Qarqarçayın qarşı sahilində güllələndi və əsir götürüldü. Ermənilər buz kimi soyuq sudan quruya çıxan xocalılıları pulemyot atəşinə tuturdu. Daha sonra Ağdama aparan yolda yerləşən Ağgədik (erməni) kəndində xocalılılar yenidən erməni pusqusuna düşdü.
Bu qrup böyük itki verdi və çoxları əsir düşdü. Mühasirədən sağ çıxanlar isə Naxçıvanlı kəndi istiqmətində qaçırdı. O kənd ki, Xocalıya hücumdan bir neçə saat əvvəl ermənilər onun guya Azərbaycan silahlı qüvvələri tərəfindən azad edildiyi barədə dezinformasiya yaymışdı.
Xocalılılar xilas olacaqlarını güman edərək, həmin istiqamətdə qaçırdılar. Onların xilas olmuş qrupu Əskəran şosesinə çatdıqda, artıq dan yeri sökülmüşdü və artıq gizlənə biləcəkləri meşəlik sahə yox idi. Havanın açılmasından sonra düzənlikdə olan sakinlər kənardan “ovucun içində olan kimi” aydın seçilirdilər.
Burada, Naxçıvanlının astanasında onları növbəti erməni pusqusu gözləyirdi. Həmin yerdə əsas qətliam törədildi, hücumdan sağ çıxmış sakinlərin əksəriyyəti öldürüldü. Ermənilər düzənlik ərazidə olan və asan hədəfə çevrilən qadınları, uşaqları, qocaları soyuqqanlı şəkildə güllələyirdi.
Gülablı kəndi yaxınlığında, sonra isə Şelli kəndinin girişində pusqular vardı. Həmin pusqularda çox sayda insan qətlə yetirildi.
Sumqayıt hadisələri və Xocalı soyqırımı arasındakı tarixi əlaqə
Xocalı qırğınından sonra Ermənistanda belə bir söhbət yayılmışdı ki, Azərbaycan şəhərinə hücum etməklə ermənilər 1988-ci ilin Sumqayıt hadisələrini qeyd etməyə çalışır. Məhz buna görə 25 fevral tarixi seçilmişdi. Həmin gün ermənilər şəhəri 10-11 istiqamətdən davamlı şəkildə atəşə tutdu, atışma sıx raket zərbələri ilə müşayiət olunurdu.
ARAYIŞ: 1988-ci ilin məlum “Sumqayıt hadisələri” ermənilərin özləri tərəfindən Dağlıq Qarabağa olan ərazi iddialarını əsaslandırmaq məqsədilə planlaşdırılıb.
Belə bir sual yaranır: Ermənilər bu qanlı akt üçün Xocalını seçməklə hansı məqsədi güdüb?
Bir tərəfdən məqsəd Dağlıq Qarabağda ermənilərin planlarına əngəl törədən strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən Xocalını yer üzündən silmək idi. Ona görə ki, Xocalı Azərbaycanın qədim dövrlərdən müasir zamana kimi tarixi-mədəni irsini təmsil edən yaşayış məntəqələrindən idi. Bu xüsusi mədəniyyət tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşüb.
Xocalı kromlexləri, dolmenləri, siklopları, kurqanları və digər abidələri, o cümlədən müxtəlif tarixi əşyaları insan cəmiyyətinin inkişaf dinamikasini özündə əks etdirir. İşğaldan sonra bütün bu maddi-tarixi abidələrin məhv edilməsi, həmçinin ağır texnikanın köməyi ilə dünyanın ən qədim məzarlıqlarında sayılan Xocalı qəbiristanlığının dağıdılması təkcə erməni vandallığının baris nümunəsi deyil, eyni zamanda, ümumdünya mədəniyyətinə qarşı zorakılıq aktıdır.
Xocalı soyqırımının epizodları insanı dəhşətə gətirir. Xocalının Əntiqə adlı sakini “bu torpaqlar böyük Ermənistana aiddir” ifadəsini işlətməkdən imtina etdiyi üçün diri-diri yandırılıb. Xocalının digər sakini Səriyyə Talıbova erməni qəbri üzərində dörd məhsəti türkü və üç azərbaycanlının başının kəsildiyini, daha iki azərbaycanlının gözlərinin çıxarıldığını dilə gətirib.
“Bu gün Azərbaycan Xocalı faciəsi hadisələrinin araşdırılması üzrə beynəlxalq tribunalın yaradılması istiqamətində ciddi addımlar atır. Xocalı soyqırımını törətməkdə günahkar olanların cinayət məsuliyyətinə cəlb olunmasına nail olmaq çün bu proses Beynəlxaq Haaqa tribunalı səviyyəsində qaldırılmalıdır.
Bu cinayətkarlar arasında Ermənistanın indiki prezidenti Serj Sarkisyan, keçmiş prezidenti Robert Koçaryan, müdafiə naziri Seyran Ohanyan və digər yüksək vəzifəli erməni məmurlar yer alır”, – deyə Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov bildirir.
Onun sözlərinə görə, Xocalının azərbaycanlı əhalisinə qarşı törədilən soyqırıma erməni dəstələri tərəfindən törədilmiş böyük cinayət olaraq baxmaq lazımdır. Bu cinayətlərə vahid şəkildə baxsaq, baş verən faciənin böyük şəklini hazırlamaq, Qarabağ müharibəsi hadisələrinin səbəbləri və nəticələrində daha geniş prizmadan nəzər salmaq olar.
Üstəlik, belə qiymətləndirmə Azərbaycan ərazisində kütləvi etnik təmizləmələr və insanlığa qarşı cinayətlər törətmək üzrə dünya erməniliyinin metodlarını daha təfsilatlı şəkildə təhlil etməyə imkan verir.
Xatırlatmaq istərdik ki, erməni biləşmələrinin Xocalıda törətdiyi vəhşiliklər nəticəsində 613 nəfər öldürülüb, 487 nəfər əlil olub, 1275 dinc sakin – qocalar, qadınlar, uşaqlar əsir düşərək işgəncələrə və təhqirlərə məruz qalıb.