30bb147b-6438-4125-9ae6-0827d8fb1255..jpg

“Xocalıda bizi yerə uzandırıb təhqir etdikləri yeri görsəm, ürəyim dayanar” – MÜSAHİBƏ + FOTO/VİDEO

Baxış sayı: 674 dəfə baxılıb.

“Xocalıda bizi yerə uzandırıb təhqir etdikləri yeri görsəm, ürəyim dayanar” –
MÜSAHİBƏ + FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Üzərindən 31 il keçsə də, hər dəfə haqqında danışdıqca o günləri təkrar
yaşayırlar. Çöhrələri solur, sözləri boğazlarında düyünlənir, qəhərdən
səslərinin tonları da dəyişir.

Onları bu illər ərzində verdikləri müsahibələrindən tanıyıram. Yaşadıqları
talesizliyi, faciələri, şahidi olduqları vəhşəti özüm yaşamış kimi hiss edirəm
artıq. Hər bir hadisəni ardıcıllığı ilə əzbərləmişəm. Amma məni daha çox
maraqlandıran bu illər ərzində cavabsız qalan suallar, danışılmayan məqamlar
idi.

Müsahiblərim səkkiz gün (əslində, 10 gün) erməni əsirliyində qalan bacı-qardaş
-Dürdanə Ağayeva və Elşad Ağayevdir.

Dürdanə Ağayeva onkoloji xəstəlikdən əziyyət çəkdiyi və cərrahiyyə
əməliyyatından yeni çıxdığı üçün onu evində ziyarət etmək qərarına gəldik.
Bacı-qardaşCixisyolu.com-ın əməkdaşlarına o qədər mehriban və səmimi münasibət
göstərdilər ki, cavabı olmayan suallar, düşüncələr beynimin divarlarını
cırmaqladı: ilahi, bu qədər mehriban insanlar niyə belə bir tale yaşadılar?

Dürdanə Ağayeva 1972-ci ildə Xocalı şəhərində anadan olub. Elə oradaca
böyüyüb, boya-başa çatıb. Evin böyük qızı, üç qardaşın tək bacısı olub.
Uşaqlıqdan arzusu telefonçu qız olmaq olub. Arzusuna çatsa da, bu arzu ona
sonradan çox baha başa gəlib. Onun, bəlkə də, əsirlikdə işgəncələr görməsinin
başlıca səbəblərindən biri də bu olub.

Elşad Ağayev də Xocalı şəhərində 1973-cü ildə dünyaya göz açıb. Atalarını
erkən itirdikləri üçün evin bütün yükü onun çiyinlərində olub. Evin həm oğlu,
həm qardaşı, həm də atası – böyüyü olub.

Sualım ümumidir, həm Dürdanə Ağayevaya, həm də Elşad Ağayevə:

– Necə oldu ki, bir-birinizi itirdiniz, əsir düşdünüz?

Elşad Ağayev: Biz bu hadisələrin olacağını 1988-ci ilin fevral ayından hiss
elədik. Həmin dönəmlər Xankəndidə mitinqlər başladı və yavaş-yavaş alovlandı.
Qısa zamanda ermənilər silahlandılar. Artıq 1992-ci ilin fevral ayında Xocalı
ətrafındakı bütün yüksəkliklər tutulmuşdu. Ermənilər PDM-ləri (piyadaların
döyüş maşını – red.), ZTR-ləri (zirehli transportyor – red.) artıq ərazilərə
yerləşdirmişdilər və biz üzük qaşı kimi ortada qalmışdıq.

Fevral ayının 25-dən 26-na keçən gecə, saat 11 radələrində artıq hər yerdən
ağır artilleriya ilə atəşə tutdular Xocalını. Qonşumuzun üstü betonla örtülü
olan tövləsinə girdik. Mən isə həyətdə idim. Birdən bir qadının qaça-qaça mənə
tərəf gəldiyini gördüm. Qadın fəryad edərək qışqırdı ki, niyə dayanmısınız,
digər qadınlar hanı, qonşu kənddə Axıska türklərini öldürdülər, indi bizim
kəndə gəlirlər. Hamımız tez çıxıb üzü Ağdam istiqamətinə tərəf, meşəliyə doğru
qaçdıq. Hər yer dizə qədər qar idi, yollar isə sürüşkən. Meşəlik ərazidə isə
qar daha çox idi, sinəmizə qədər qalxmışdı. Qarqar çayına qədər gəldik. Nənəm
çayı keçə bilmədi deyə onu çiynimə alıb keçirdim, uşaqların da keçməsinə
köməklik etdim.

İstiqamət Ağdamın Şelli kəndi idi. Bilirdik ki, oradakılar bizim halımızdan
xəbərdardırlar və bizi orada gözləyirlər. Sonra bizi iriçaplı silahlardan atəşə
tutdular. Hamımız pərən-pərən düşdük. Ananın baladan, bacının qardaşdan, atanın
övladdan xəbəri olmadı. Mən yaralandım, güllə mənim kürəyimdən girib qarnımdan
çıxdı. Qucağımdakı uşaq düşdü və qaçmağa başladı. Bir az gedəndən sonra ona
güllə dəydi və öldü. Xocalının səması həmin an qıpqırmızı idi. Gecə gündüzə
dönmüşdü. Güllələr, raketlər uçuşurdu, səsdən, uğultudan adamın ürəyi yerindən
çıxırdı. Hər yer meyit idi. Onların taleyindən heç indi də xəbər yoxdur. Artıq
ermənilərin səsləri eşidilirdi. Onlar gəlib bizi əsir götürdülər, sağ
qalanların hamısını bir yerə yığdılar.

Dürdanə Ağayeva: Həmin gecə bizi atəşə tutanda mən də ayağımdan yaralandım,
yıxıldım. Anamın isə yanında qumbara partlamışdı. Bütün bədəninə qəlpələr
dolmuşdu. Pərən-pərən düşdük, hamımız bir-birimizi itirdik. Mən yıxılıb yerdə
qalmışdım. Ermənilər deyirdilər ki, biz dinc əhalinin keçməsi üçün dəhliz
(koridor) vermişik. Amma yalan deyirlər, bizi elə o dəhlizdə gülləbaran
etdilər. Sonra silahlı ermənilər gəldilər, bizi əsir götürüb hamımızı bir yerə
yığdılar.

– Sizi Xocalıda saxladılar, yoxsa başqa yerə apardılar?

Dürdanə Ağayeva: Əsir düşdükdən sonra erməni silahlıları bizi keçmiş Əsgəran
rayonu istiqamətinə apardılar. Rayona çatandan sonra isə Əsgəran Rayon Polis
Şöbəsinin müvəqqəti saxlama məntəqəsinə (KPZ) yerləşdirdilər.

Elşad Ağayev: Bizi yolboyu təhqir edə-edə gətirdilər Əsgərana. Sonra bizi yerə
uzatdılar. Orada erməni qadınlar gəlib bizi təhqir edirdilər, daş atırdılar
bizə, tüpürür, aşağılayırdılar. Bizi saxlama məntəqəsinə salandan sonra da
mülki geyimli ermənilər rahat şəkildə gəlib bizə işgəncə verir, döyürdülər,
istədikləri kimi rəftar edirdilər. Biri avtomatın lüləsi ilə ağzıma vurdu, üst
dodağım cırıldı. Hamısı da içkili olurdu. Yan otaqda yeyib-içir, sonra gəlib
bizə işgəncə verirdilər.

– İşgəncə verən şəxsləri bu gün görsəniz, tanıyarsınız?

Elşad Ağayev: Əsirlikdə olanda erməni hərbi formasını geyinən ərəb də gördük,
fars da gördük, qaradərili də gördük… Bizdən aramızda olan hərbçilərin
adlarını deməyimizi istəyirdilər. Həmyerlilərimizi satmadığımız üçün bizi daha
da sərt döyürdülər. Bəzilərinin adlarını necəsə öyrənirdilər. Bir neçə hərbçini
elə yanımızdaca güllələdilər, birinin qarnına bıçaq vurub öldürdülər. Bu gün
məhkəmə qarşısına çıxarılan, “heç nədən xəbərim yoxdur, mən orada iştirak
etməmişəm” deyən, ağlayan Vaqif Xaçatryan da orada bizə işgəncə verənlər
sırasında idi.

Qadınları ayrı kameraya, kişiləri isə ayrı kameraya yığmışdılar, aramızda tək
divar var idi. Bir gün gəlib bir kəndçimizi danışdırdılar. Yanındakı uşaqları
göstərib kim olduğunu soruşdular. Dedi, övladlarımdır. Onu övladları ilə
birlikdə bayıra çıxardılar. Onlar amma geri qayıtmadılar. Sonradan məlum oldu
ki, həmin ata ilə övladlarının başlarını kəsiblər. Meyitlərini isə basdırmaq
üçün bizim kamerada olan əsirləri çağırıb, qəbir qazdırıb basdırtdılar. Digər
bir yeniyetmənin – Axıska türkünün – başını isə erməni hərbçinin məzarının
üstündə kəsdilər.

Dürdanə Ağayeva: Bizi saxlama məntəqəsinə saldılar. Bütün Xocalı camaatı,
demək olar ki, orada idi. Bir qadın öz şalını mənim başıma bağladı, üz-gözümü
də toz-torpaqla, palçıqla çirkləndirdi ki, diqqət çəkməyim. Mənim rabitəçi
olduğumu biləndən sonra isə qara günlərim başladı. Mənə olmazın işgəncələr
verdilər. Elə bilirdilər ki, mən hərbi rabitəçiyəm, çox şeyləri bilirəm. Ona
görə də mənə daha çox şiddət göstərirdilər. Nəfəsim kəsilənə qədər döyürdülər.

Bu gün Ermənistana qaçan Vitali Balasanyan özü şəxsən göstəriş verirdi ki,
mənə xüsusi amansızlıqla işgəncə versinlər. Məni yerə yıxıb palçıqlı
botinkasının ucunu ağzıma salıb ağzımı torpaqla doldururdular ki, torpaq
istəyirsiniz, al, bu da sənə torpaq, ye doyunca. Əlimi qapı arasında
qoyurdular, soyuq suyun altında məni saatlarla saxlayırdılar. Bütün bədənim
donub, keyiyirdi. Atırdılar məni bayıra, qarın üstündə qalırdım saatlarla,
tərpənə bilmirdim. Balasanyan özü də şəxsən bizə olmazın işgəncələrini verib. O
qədər işgəncə verirdilər ki, ölmək üçün Allaha yalvarırdıq. Ağrılar bir yandan,
qızdırma bir yandan…

– Ən çox kimlər canfəşanlıq edirdilər?

Elşad Ağayev: Bir neçə erməni xüsusi amansızlığı ilə digərlərindən
fərqlənirdi. Bunlardan biri erməni Karo idi. O, yanğınsöndürmə idarəsinin rəisi
idi. Həmin vaxtlar ermənilər azərbaycanlıların maşınlarını daşa basırdılar.
Harada görsələr, daşlayırdılar, azərbaycanlı uşaqlar da onların bu
hərəkətlərinə cavab olaraq Karonun maşınına daş atmışdılar. Kiçik daşlardan
biri onun alnını zədələyib balaca çapıq izi buraxmışdı. Karo isə o izə görə
əsirlikdə olanlara zülm edir, başkəsənliklə məşğul olurdu. Bütün bunların
əmrini isə Vitali Balasanyan verirdi. Bayaq da qeyd etdiyim kimi, bu gün
məhkəmə qarşısında ağlayan Vaqif də əsirlikdə olanlara işgəncə verirdi.

Dürdanə Ağayeva: Əsirlikdə olan azərbaycanlılara, xüsusilə kişilərə işgəncə
verənlərdən biri də məşhur qaniçən cani Monte Melkonyan idi. Onun geyimi
digərlərindən fərqlənirdi. Bütün gün Balasanyanın yanında gəzirdi, onun əmrinə
amadə idi. Həmin vaxt Melkonyanın kim olduğunu bilmirdim. Əsirlikdən azad
olunandan sonra məni burada ovaxtkı Milli Təhlükəsizlik Nazirliyində
dindirdilər. Müharibədə iştirak edən erməni hərbçilərin şəkillərini
göstərdilər. Mən onu dərhal tanıdım. Mənə dedilər ki, bu cani Monte
Melkonyandır. O, türk dilini bilirdi, məndən soruşmuşdu ki, sənin ismin nə? Mən
də adımı dedim, dedi, sənin adın Arzu. Mənə Arzu adını qoymuşdu. Sonradan məlum
oldu ki, onun Əsgəran istiqamətində çətənə plantasiyaları var. Əsirlikdə olan
oğlanlarımızın bəzilərinin başını elə məhz Melkonyan kəsdi.

– Bu yaxınlarda “Oğul” filmi nümayiş olundu. Onun bəhs etdiyi Natiq Qasımovu
tanıyırdınızmı? Əsirlikdə olanda görmüşdünüzmü?

Dürdanə Ağayeva: Natiq Gədəbəy rayonundan idi. Baş verən hadisələrə səssiz
qala bilməyib döyüşmək üçün gəlmişdi. Elə həmin ərəfələrdə biz də əsirlikdə
idik. Əsirlikdə bizimlə birlikdə olan Cəfər müəllim var idi, Xocalı məktəbinin
direktoru idi. Ermənilər Cəfər müəllimlə danışdılar ki, Natiqlə danışsın, onu
təslim olmağa razı salsın. Sonra erməni Karo məni Əsgərandan Xankəndiyə
aparırdı dəyişmək üçün. Bizim maşının arxasında da bir nəfəri uzatmışdılar. O
qədər döymüşdülər ki, üzü-gözü şişmişdi, al qanın içində idi. Eləcə boğunuq
səslə inildəyirdi maşının arxasında. Sonra Balasanyan məni görən kimi Karoya
əmr etdi ki, bu qızı qaytarın. Məni qaytaranda o oğlanı maşından atdılar yerə.
Karo Balasanyana dedi ki, bu, xocalı deyil, yəni oğlanın Xocalıdan olmadığını
bildirdi. Sonradan ermənilər Natiqi doğrayıb öldürdüklərini etiraf etdilər. Mən
ehtimal edirəm ki, həmin vaxt mənimlə bir maşında olan məhz elə Natiq idi.
Balasanyanın bir əmri ilə məni Əsgərana geri qaytardılar. Həmin vaxt bütün
əmrləri Balasanyan verirdi.

Özümlə gətirdiyim fotonu müsahiblərimə göstərirəm. Orada Natiqi dindirən zaman
xarici jurnalist tərəfindən fotosu çəkilən Vitali Balasanyandır. Balasanyanın
baxarkən özünü “tanımadığını” bildirdiyi foto.

– Bu şəkildəki şəxs kimdir?

Dürdanə Ağayeva: (tərəddüdsüz) Bəli, bu, məhz Vitali Balasanyandır. Həmin vaxt
o istiqamətdə bütün proseslər onun nəzarəti altında idi. Bütün əmrləri də o
verirdi. Həmin vaxt Əsgəran istiqamətində ermənilərə o komandirlik edirdi.

– Əsirlikdən necə xilas oldunuz?

Dürdanə Ağayeva: Mənim ögey əmim Allahverdi Bağırova (Azərbaycanın Milli
Qəhrəmanı – red.) məlumat vermişdi ki, qardaşım qızından xəbər yoxdur, rabitəçi
işləyib. O da Balasanyana xəbər yollamışdı ki, rabitəçi qızımızdan xəbər
yoxdur. Sonra Balasanyan məni gətizdirdi otağına. Mənə məktub yazdırdılar.
Məktub yazandan sonra Balasanyan məni yenə çağırıb dedi ki, Allahverdi Bağırov
səni buraxmağımı istəyir. Mən də dedim ki, sizdən bir tələbim var. Bu sözüm
oradakı digər ermənilərin acığına gəldi. Məni döymək istəyəndə Balasanyan
soruşdu ki, nə istəyirsən? Dedim, qardaşım da əsirlikdədir. Ya ikimizi də
burax, ya ikimizi də öldür. Sonra qardaşımın adını, soyadını dedim. Gətirdilər
qardaşımı. Onun yanında məni döyməyə başladılar. Qardaşımı da o qədər
döymüşdülər ki, taqəti qalmamışdı müqavimət göstərməyə. Yalnız gücü ağlamağa
çatdı, məni döyəndə gözündən yaş süzülürdü.

Bizə bax belə olmazın işgəncələr verdilər. Sonra bizi gətirib Əsgəranda
dəyişdilər və təhvil verdilər azərbaycanlılara. Anam məni görəndə tanımadı,
dedi, mənim qızım hanı? Dedim ki, mənəm, mən sənin qızınam.

– Əsirlikdə olmazın işgəncələr görmüsünüz. Bunlar adamın qanını dondurur.
Ermənilərin insanlıq adına yaraşmayan cinayətlər törətdikləri barədə yüzlərlə
şahid ifadəsi var. Heç vaxt açıqlaya bilməyəcəyiniz məqam varmı?

Dürdanə Ağayeva: Bu illər ərzində onlarla, bəlkə də, yüzlərlə müsahibə
vermişəm. Amma tək cavab verə bilmədiyim sual var. Təcavüz… Bu barədə verilən
suallar ürəyimi titrədir. Bir onu deyə bilərəm ki, mənim anam məni ermənilər
üçün dünyaya gətirməmişdi, məni əsirlikdə qalmaq üçün dünyaya gətirməmişdi. Biz
xocalıları, Xocalının əsirlikdə olan qız-gəlinlərini, solmuş çiçəklərini
bədbəxt elədilər. Bir oğlan əsirlikdə olan bir qıza yaxınlaşmırdı. Bizə murdar
ət parçası kimi baxırdılar. Bu belə olmamalı idi…

Onkoloji xəstəlikdən əziyyət çəkməyimə, sağlamlığımın yerində olmamasına
rəğmən, gücüm yetdiyi qədər əsirlikdə başımıza gətirilən müsibətlər haqqında
danışır, müsahibə verirəm ki, dünya bütün bu yaşananları oxusun, izləsin,
baxsın, məlumatı olsun. Ədalətsizliyə susmasın.

Bizə işgəncə verən Vaqif Xaçatryan bu gün mühakimə olunur. Bizim heç birimizə
onun saxlanıldığı yerə yaxınlaşmağa belə, icazə verməzlər. Amma vaxtilə bizi
saxladıqları yerə erməni qadınlar, mülki şəxslər gəlib bizə işgəncə verirdilər,
üzümüzə tüpürürdülər, bizi daşlayırdılar. O vaxt məni yerə yıxıb ağzıma palçıq
doldururdular, bu gün isə Bakıda saxlanılan canilərə, cinayətkarlara,
başkəsənlərə normal yemək, çay verirlər, onlarla sivil qaydada davranırlar.

Mən çox istəyərəm ki, Vitali Balasanyan da Vaqif Xaçatryan kimi qanun
qarşısında cavab versin. Onun sağ qalması üçün dua edirəm Allaha. Kaş ona heç
nə olmasın, sağ-salamat qalsın və Azərbaycanda qanun qarşısında, bizim
qarşımızda cavab versin. Ona veriləsi çoxlu suallarım var.

– Vaqif Xaçatryanın məhkəməsinə gedəcəksiniz?

Dürdanə Ağayeva: Bu gün mən özümdə taqət tapıb Vaqifin məhkəmə prosesinə gedə
bilmirəm, çünki yenicə əməliyyat olunmuşam. Məhkəmədə o hissləri təkrar
yaşayacağımı bilirəm. Həkimlər 30 faiz sağlamlığımın qaldığını deyirlər. Qalan
sağlamlığımı da Balasanyanın məhkəməsinə saxlayıram. Bir neçə gün bundan qabaq
yarı yoldan qayıtmışam. Vaqifin məhkəməsinə getmək istəyirdim. Sonra qardaşım
dedi ki, elə o məhkəmədə sənin ürəyin dayanar, getmə.

Bu gün çox sevinirəm. Heydər Əliyev hakimiyyətə gələndən sonra atəşkəsə imza
atıldı, ölkədə stabillik yarandı. Ağrı-acımız, yaralarımız qaysaqladı,
toparlandıq. Ölkə olaraq toparlandıq, çatışmazlıqları aradan qaldırdıq.İlham
Əliyevindövründə də bu siyasət uğurla davam etdirildi. Bir neçə gün öncə ölkə
başçısı Xocalıda bayraq qaldıranda dedim ki, böyük sərkərdə, sənin əllərindən
öpürəm. Artıq Qarabağımız tamamilə azaddır, Xocalıda Azərbaycan bayrağı
dalğalanır. O yerləri görməkdə tərəddüd edirəm. Gedib bizim əsir düşdüyümüz
yeri görsəm, bizi yerə uzandırıb təhqir etdikləri, daşladıqları yeri görsəm,
bəlkə də, ürəyim dayanar. Bəlkə, sevincdən, bəlkə, üzüntüdən, bilmirəm.

Allah Azərbaycan xalqını qorusun, Allah müzəffər Ordumuzu qorusun. Bu günümüz
üçün Ordumuza borcluyuq, Ali Baş Komandanımıza borcluyuq. Nə qədər təşəkkür
etsək də, azdır. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə,
veteranlarımıza cansağlığı versin. Sizə də müsahibə aldığınız, səsimizi dünyaya
çatdırdığınız üçün təşəkkürümü bildirirəm.

Daha çox foto burada: PhotoStock.az

Rövşən Əsədov


Source link