Xocalıda kütləvi məzarlıqda daha iki şəxsə aid qalıqlar aşkarlanıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Hazırda Xocalı soyqırımı qurbanlarının sümüklərinin aşkarlandığı yerdən daha
iki nəfərə məxsus olduğu ehtimal edilən qalıqlar var”.
APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Səhiyyə Nazirliyinin
Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət
Həsənov deyib.
Onun sözlərinə görə, hazırda ərazidə qazıntı işləri davam etdirilir.
Tapıntısına rast gəlinən hər iki şəxsin sümükləri qablaşdırılaraq, Bakıya
Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə göndəriləcək: “Qazıntı
işlərinə bu gün başlanılıb. Hələ ki, bir şəxsə məxsus sümük qalıqları aşkar
olunub. Qazıntının divarının o biri tərəfində isə sümük qalıqlarının ucları
görünür. Orda da ən azı yəqin ki, ikinci şəxsin qalıqları var. Hazırda işlər
davam etdiriləcək. Burda neçə şəxsə məxsus sümük qalıqları var. Məhkəmə tibbi
ekspertləri burdadır, işləyirlər. Yaşı, cinsi, boyu, ölüm səbəbi, sümüklərdə
hansı xəsarətlər var, varsa, hansı alətlərlə törədilib, bunlar
aydınlaşdırılacaq. Sonda da sümüklərdən nümunələr götürüləcək və genetik
laboratoriyalarda onların kimliyi müəyyənləşdiriləcək”.