Xocalıda kütləvi məzarlıqda qalıqları tapılan daha bir nəfərin şəxsiyyəti
müəyyənləşib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Xocalıda kütləvi məzarlıqda qalıqları tapılan daha bir nəfərin şəxsiyyəti
müəyyənləşib.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Məlumata əsasən, qeyd olunan ərazidə həyata keçirilən baxış istintaq hərəkəti
nəticəsində aşkar edilmiş insan qalıqlarının müayinəsi zamanı onların 18 nəfərə
məxsus olduğu (dörd nəfərin azyaşlı olması ehtimal edilir), müxtəlif üsullarla
işgəncə, fiziki zorakılıq və qeyri-insani rəftara məruz qalmaları, fərdi
şəkildə və mənsub olduqları dinin tələblərinə uyğun qaydada dəfn olunmamaları,
həmişə tapıla bilmələri üçün lazımi qaydada qorunma və nişanlanmalarının təmin
olunmaması müəyyən edilib.
Bildirilib ki, aşkar edilmiş insan qalıqları xüsusiyyətlərinə görə ən azı 25
il əvvəl basdırılıb.
Qeyd edilib ki, Baş Prokurorluq tərəfindən Əsir və itkin düşmüş, girov
götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, Səhiyyə Nazirliyinin
“Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” publik hüquqi şəxsi,
Azərbaycan Milli Elmlər Akademiyası və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK)
Azərbaycan Nümayəndəliyinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış
keçirilərək aşkar edilmiş sümük fraqmentləri üzrə zərərçəkmişlərin
şəxsiyyətinin, həmçinin, iş üzrə həmiyyət kəsb edən digər halların müəyyən
edilməsi məqsədilə ekspertiza və laboratoriya müayinələr aparılır, eləcə də
digər zəruri prosessual hərəkətlər həyata keçirilir.
Məlumatda o da bildirilib ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Baş
İdarəsi tərəfindən keçirilən məhkəmə-genetik ekspertizasının hazırkı
mərhələsində Xankəndi sakini olmuş daha bir nəfərin şəxsiyyəti müəyyən edilib.
Bununla da kütləvi məzarlıqda qalıqları aşkar olunanlardan 10 nəfərin
şəxsiyyəti müəyyən edilib:
(Xocalı rayon sakinləri)
1. Əliyev Ağaəli Naib oğlu (01.06.1933)
2. Əliyeva Sürəyya Behbud qızı (01.06.1933)
3. Mahmudov Akif Seydulla oğlu (01.06.1962)
4. Səlimov Xəzər Səyavuş oğlu (01.09.1974)
5. Səlimova Tamilla Ağamirzə qızı (01.06.1935)
6. Nəcəfov Şiraslan Məmiş oğlu (01.06.1952)
(Xankəndi şəhər sakinləri)
7. Cavadov Əli Müsül oğlu (15.06.1954)
8. İsmayılov İsmayıl Bəhman oğlu (01.08.1955)
9. Məhərrəmova Bəsirə Vəli qızı (01.06.1954)
10. Məhərrəmov Vaqif Cəmil oğlu (01.06.1951)
İstintaq materiallarına əsasən, qeyd edilən şəxslərin hamısı 26.02.1992-ci il
tarixdə Xocalı rayonu ərazisində itkin düşüb.
Toplanmış materiallar Baş Prokurorluğun İstintaq İdarəsində ibtidai istintaqı
aparılan cinayət işinə əlavə edilərək araşdırılır, nəticəsi barədə ictimaiyyətə
əlavə məlumatın verilməsi təmin ediləcək.