“Xocavənd əməliyyatı”nda şəhid olan kəşfiyyatçıların ailə üzvləri Şuşaya səfər
ediblər – YENİLƏNİB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Xocavənd əməliyyatı”nda (1997-ci il) şəhid olan kəşfiyyatçıların ailə üzvləri
Şuşaya səfər ediblər.
“Report” xəbər verir ki, onlar İsa bulağında və şəhərin digər yerlərində
olublar.
Daha sonra isə şəhid ailələrinin Xankəndi şəhərinə səfəri nəzərdə tutulur.
Qeyd edək ki, 1997-ci ilin aprelində Azərbaycan Ordusunun iki kəşfiyyat qrupu
o dövrdə işğalda olan Xocavənd istiqamətində düşmən arxasına keçərək döyüş
tapşırığını şərəflə yerinə yetirib. Qruplardan birincisi itkisiz qayıdıb. Digər
səkkiz nəfərdən ibarət qrup isə geri qayıdarkən mühasirəyə düşüb. Azərbaycan
kəşfiyyatçıları təslim olmaq haqqında düşmənin tələblərini qəti rədd edib və
ağır döyüş başlayıb. Az sayda qrup əsl qəhrəmanlıq nümayiş etdirib, güclü
müqavimət göstərib.
Ağır döyüş əsnasında yaralanmış qrup üzvü çavuş Aqil Əhmədovun artıq
öldürüldüyünü zənn edən digər yeddi nəfər sursatlarının bitdiyini görüb düşmən
əlinə keçməmək üçün qrup şəklində bir yerə yığışaraq özlərini əl qumbarası ilə
partladaraq şəhidliyə ucalıblar.
Onlar – qrupun komandiri leytenant Elxan Ağayev, qrup üzvləri – leytenant
Vüqar Yarəhmədov, çavuşlar – Anar Rzayev, Dinar Mustafayev, Aqşin Həsənov,
Nizami Ələkbərov, Fariz Cavadovdur.
Əməliyyat zamanı şəhid olmuş hərbçilərin nəşləri ulu öndər Heydər Əliyevin
gərgin fəaliyyəti nəticəsində altı aydan sonra geri alınıb. Onlar Bakıda İkinci
Fəxri xiyabanda dəfn olunub və hər biri ölümündən sonra “Azərbaycan Bayrağı”
ordeni ilə təltif edilib. Ulu öndər huşsuz vəziyyətdə əsir düşmüş qrup üzvü,
Ermənistanın barəsində ölüm hökmü çıxardığı çavuş Aqil Əhmədovu da ikiillik
əsirlik həyatından xilas edib.
Qeyd edək ki, Xocavənd əməliyyatı 7 aprel 1997-ci ildə keçirilib.
10:12
“Xocavənd əməliyyatı”nda (1997-ci il) şəhid olan kəşfiyyatçıların ailə
üzvlərinin Xocavənd rayonuna səfəri başlayıb.
Bu barədə “Report”un Xocavəndə ezam olunmuş əməkdaşı xəbər verib.
Onlar kəşfiyyatçıların şəhidlik zirvəsinə yüksəldiyi Xocavənd rayonundakı
əraziyə gediblər.
Daha sonra isə şəhid ailələrinin Şuşa və Xankəndi şəhərlərinə səfəri nəzərdə
tutulur.