ec37c92a-4dc4-4a3e-805d-b06ec7ad70b5..jpg

Xocavənddə orta əsrlərə aid müsəlman qəbiristanlığı aşkarlanıb – FOTO

Baxış sayı: 918 dəfə baxılıb.

Xocavənddə orta əsrlərə aid müsəlman qəbiristanlığı aşkarlanıb – FOTO

Xocavənddə orta əsrlərə aid müsəlman qəbiristanlığı aşkarlanıb.

Bu barədə AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu məlumat
yayıb.

Qeyd olunub ki, ötən ilin oktyabrın 15-də İnstituta Xocavənd rayonu Ərəkül
(Xətai) kəndi ərazisində insan qalıqlarının aşkar edilməsi ilə bağlı məlumat
daxil olub. Məlumatı ərazidə fəaliyyət göstərən “Caspian Geomatic” MMC-nin
əməkdaşları veriblər.

İnstitut rəhbərliyinin göstərişi ilə Xocavənd-Füzuli arxeoloji
ekspedisiyasının əməkdaşı Vüsal Həsənov aidiyyəti qurumların nümayəndələri ilə
bərabər əraziyə baxış keçirib. Aşkar edilmiş insan qalıqları Xocavənd rayonunun
Ərəkül kəndinin şimalında, təbii təpəliklərin üzərində yerləşir. İnsan
qalıqları Ərəkül kəndi ilə qonşu kəndləri əlaqələndirən torpaq yolun
kənarlarında aşkar edilib.

Qeyd edək ki, torpaq yolun çəkilişi zamanı təpə üzərində olan məzarlıq ərazisi
iki hissəyə bölünüb. Yolun üzərinə düşən qəbirlər zamanında dağıdılıb.
Qəbiristanlığın üst torpaq səviyyəsi yoldan ortalama 3-4 metr yüksəklikdə
yerləşir. Yolun hər iki kənarında, qərb-şərq istiqamətində ən az beş qəbir
kamerasını divar kəsiyindən izləmək mümkündür. Su axıntılarından baş verən
sürüşmə nəticəsində qəbir kameraları bir hissəsi tam, digərləri qismən dağılıb.

Qəbiristanlığın dövrünü və dəfn adət-ayinlərini müəyyən etmək məqsədi ilə
divarda izlənən qəbirlərdən biri arxeoloq tərəfindən açılıb. Məlum olub ki,
sürüşmə prosesində skeletin kəllə sümüyü itirilsə də, digər sümüklər anatomik
şəklini qoruyub. Yaşlı insana aid olan qəbirdə dəfn islam qaydalarına uyğun
həyata keçirilib. Qəbir mövcud torpaq səviyyəsindən 2.10 m. dərinlikdə yerləşir.

Arxeoloq-antropoloq Vüsal Həsənov tərəfindən skeletlərin ilkin müayinəsi
zamanı, məzarlığın Orta əsrlərə (XIII-XV) aid olduğu müəyyən edilib.

Qəbirlərin heç birində yerüstü əlamətlər müşahidə edilmirdi. Kamera indiki
torpaq səviyyəsindən 40-50 sm aşağıda yerləşir. Bu da onu deməyə əsas verir ki,
uzun zaman ərzində təpəliklərdən gələn axıntılar yeni torpaq qatı
formalaşdırıb. Qəbirlərdə yerüstü əlamətlərin olmaması səbəbindən, bu məzarlar
diqqətdən kənarda qalıb.

Xatırladaq ki, Ərəkül kəndində ermənilərə məxsus qəbiristanlıq XIX-XX əsrlərə
aiddir. Bu, onların yuxarıda qeyd edildiyi kimi, XIX əsrin 40-cı illərində
burada məskunlaşdırılması ilə bağlıdır. Əldə edilmiş dəlillər müsəlman əhalinin
bu ərazidə ermənilərdən çox-çox əvvəl yaşadığını sübuta yetirir. Gələcəkdə
abidədə nəzərdə tutulan arxeoloji tədqiqatlar yaşayış məskəninin meydana çıxma
tarixi, məzarlığın yaşı və bir sıra sosial-iqtisadi məsələlərə aydınlıq gətirə
bilər.

Xocavənd rayonunun Ərəkül kəndi müxtəlif vaxtlarda Hərəkül, Qara Quzey, Arakel
adları ilə tanınıb. Tarixi məlumatlara əsasən kənddə 1840-ci ildə Cənubi
Azərbaycanın Qaradağ mahalındakı Sevakar kəndindən və İrəvan əyalətinin Qafan
mahalından köçüb gəlmə erməni ailələri məskunlaşıb. 1988-ci ildə Ermənistandan
qovulmuş Azərbaycan ailələri kənddə məskunlaşdıqdan sonra əhalinin xahişi ilə
yaşayış məntəqəsi Azərbaycan şairi və Səfəvilər dövlətinin görkəmli xadimi Şah
İsmayıl Xətainin şərəfinə Xətai adlandırılıb.

Source link