Xocavənddə sinif otağında partlayıcı tələ qurğusu aşkarlanıb – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Xocavənd rayonu Yemişcan kəndi ərazisində yerləşən məktəbdə partlayıcı tələ
qurğusu aşkarlanıb.
Bu barədə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat
Xidmətindən məlumat verilib.
Məlumata görə, ANAMA əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar
zamanı məktəbin sinif otaqlarının birində yazı masasına yapışqan lent
vasitəsilə quraşdırılmış “F-1” əl qumbarası aşkarlanıb. Döyüş vəziyyətinə
gətirilərək kəndir vasitəsilə stula və qapının tutacağına bərkidilib.
Belə ki, qapını açdıqda və ya bağladıqda kəndirin dartılması nəticəsində tələ
qurğu işə düşə bilər. Bununla yanaşı, daha böyük partlayışın törədilməsi üçün 1
ədəd “F-1” əl qumbarası yazı masasının altına da yerləşdirilib.
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə icra edilən minatəmizləmə
əməliyyatları zamanı dəfələrlə tələ minaları, improvizə edilmiş partlayıcı
qurğulara rast gəlinib. Ərazini tərk edən ermənilər dinc əhaliyə zərər yetirmək
məqsədilə təhsil ocağında da bu növ qurğular yerləşdirib.
Aşkar edilən tələ qurğu ANAMA əməkdaşları tərəfindən zərərsizləşdirilərək,
ərazinin təhlükəsizliyi təmin edilib.
ANAMA bir daha vətəndaşlara çağırış edərək bildirir ki, təhlükəsizliyinə əmin
olmadıqları ərazilərə, obyektlərə daxil olmasınlar, tanımadıqları əşyalara
toxunmasınlar.