b763b701-722f-4688-9eb4-157033946dcc..jpg

Xonçalara şam düzün, qoy arzular çin olsun – FOTO

Baxış sayı: 645 dəfə baxılıb.

Xonçalara şam düzün, qoy arzular çin olsun – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əzizə İsmayılova yazır…

Novruz Azərbaycanda mənşəyi ən qədim zamanlara bağlı olan bayramlardan
biridir. Hətta min il bundan əvvəl Əbu Reyhan Biruni də Novruz bayramı haqqında
olan müxtəlif rəvayətlərdən, Novruz adət-ənənələrindən və Novruz bayramının
yaranma səbəblərindən bəhs edib. O öz əsərlərində Novruz bayramının təbiətin
canlanması, yeni fəslin gəlişi ilə əlaqəli dünyəvi bir bayram olduğunu qeyd
edib.

Novruz – yazın gəlişini simvolizə edir. Novruz bayramı gecə ilə gündüzün
bərabərləşdiyi 21 mart tarixində qeyd olunur.

Novruzdan əvvəl isə dörd həftə bayram ab-havalı çərşənbələr başlayır. Bu
çərşənbələrin hər biri özünəməxsusluğu ilə seçilir.

İlk çərşənbəmiz Su çərşənbəsi adlanır.

Su çərşənbəsi, adətən, qış sazağının “sındığı”, dağlardakı buzların əriyərək
çaylara qarışdığı vaxta təsadüf edir. Su çərşənbəsinə həm də “Əzəl çərşənbə”
deyirlər. Onun özünəməxsus inancları da var. Su çərşənbəsində suyun üstündə bir
sıra ayinlər icra olunur. Məsələn:

Əzəl çərşənbədə insanlar su üstündən atlanarlar. Bu, azarını-bezarını suya
vermək, ilboyu xəstəliklərdən uzaq olmaq kimi simvolizə edilir. Məhz Su
çərşənbəsində insanlar sübh tezdən su üstünə gedər, əl-üzlərini suda yuyar,
bir-birinin üstünə su çiləyər, suyun üzərindən atlanar, yaralıların yarasına su
səpərdilər – bu, aydınlıq əlaməti idi. Əzəl çərşənbənin ilk köpüklənən suyu isə
min bir dərdin dərmanı hesab olunardı. Bu çərşənbədə bulaq başından gətirilən
suyu quyulara, evlərə səpərdilər ki, illəri xoş, bərəkətli, ruzili olsun. Suyun
üstündən atlandıqdan sonra sudan uzaq məsafədə bir saxsı qab sındırırdılar.
Azarın-bezarın bu saxsı qabın sınması ilə getdiyinə inanırdılar.

Əzəl çərşənbə üçün açılan süfrədə isə mütləq bir qab su qoyulmalıdır. Bu sudan
bütün ailə üzvləri içməlidirlər. Su çərşənbəsinin əsas yeməyi isə paxlalı
yeməklər hesab olunur.

Çərşənbələrin ən maraqlı əyləncələrindən biri də faldır.

Məsələn, Su çərşənbəsində sübh tezdən su üstünə gedilərdi. Oradan gətirilən
suya lal su deyirdilər. Falın tələbinə görə, bulaq başından suyu gətirən adam
evə çatana qədər heç kimlə danışmamalı, yolboyu heç kim ondan heç nə
soruşmamalı idi. Əks halda fal batil sayılardı. Bulaqdan gələn həmin su isə
axşam piyalələrə tökülərdi. Qızlar iki iynənin gözü olan hissəsinə pambıq
bağlayıb suya atardılar. Əgər iynələr eyni istiqamətdə dursa, qızlar sevdikləri
oğlana qovuşacaqdılar. Ayrı-ayrı istiqamətə getsə, qovuşmayacaqdılar.

Novruzun ikinci çərşənbəsi isə Od çərşənbəsi adlanır.

Rəvayətlərə görə, Od çərşənbəsi qədim insanların Günəşə, oda olan inamından
qaynaqlanır. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən
atlanarlar. Bu isə daxildəki bütün çirkabın, pisliklərin, azar-bezarın yanıb
kül olduğunu simvolizə edir, odun insanı hər cür pisliklərdən, şərdən
qoruyacağına, xeyirin qələbə çalacağına inam ifadə edir.

Od çərşənbəsinə qədimdə “Üskü çərşənbə”, “Üskü gecəsi” də deyilib. Qədim
dövrlərdə Od çərşənbəsində tonqalı hündür yerdə – dağ, təpə başında
qalayardılar. Bütün el-oba da həmin tonqalın başına yığışardı. Ocaq yenicə
tutuşmağa başlayanda qız-gəlin odun şərəfinə mahnı oxuyar, ətrafında dövrə
vurardı.

Od çərşənbəsində bayram tonqalını hər kəs öz həyət darvazasının ağzında da
qalayardı.

Mənası isə həyətə keçənlərin özü ilə bərabər ağırlığı, pis niyyəti
gətirməməsi, pis hər şeyin odda yanması, yox olması idi. Qədimdə həm də Od
çərşənbəsində qonum-qonşular yasda olan ailənin həyətində tonqal qalayar,
bununla da o ailəni yasdan çıxarardılar.

Od çərşənbəsinin əsas fallarından biri açar falıdır. İnanca görə, ürəyində
niyyət tutan şəxs özü ilə açar götürüb evlərinin yanındakı yola çıxır.
Yolayrıcı olan yerdə açarı sağ ayağının altına qoyub gözləyir. Yoldan ötənlərin
ilk sözünü eşidib yadında saxlayır və açarı da götürərək geri qayıdır. Eşitdiyi
söz xoş bir məna verirsə, həmin adam niyyətinin baş tutacağına inanmış olur.
Açarın bu falda “rolu” onun niyyətə bağlı olmasıdır.

Novruzun üçüncü çərşənbəsi Yel çərşənbəsidir. Məhz Yel çərşənbəsindən etibarən
təbiət qış yuxusundan oyanmış hesab olunur. İnanclara görə, bu çərşənbədə külək
oyanmış suyu, odu hərəkətə gətirir. Bəzi ağaclarda tozlanma başlayır ki, burada
da əsas rolu külək oynayır.

Bu çərşənbəyə xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə”,
“Yelli çərşənbə” və “Heydər çərşənbəsi” də deyilir. Məhz bu çərşənbədə “Yel
baba” mərasimi keçirilir, insanlar yelin şərəfinə mahnılar oxuyub, rəqs
edirlər. Folklorşünaslarımızın fikrincə, bu mərasim kök etibarilə qədim
əcdadlarımızın Yel tanrısına etiqadı ilə bağlıdır. Hətta əski etiqadlara görə,
torpağın altında – “qara nəhr”də yatmış dörd cür külək Yer üzərinə çıxaraq
müxtəlif libaslarda özünü göstərir. Bu səbəbdən mifologiyamızda ağ yel – ağ,
qara yel – qara, xəzri – göy, gilavar – qırmızı libasda təsvir edilir. İnanca
görə, Yel çərşənbəsi günü yel bu dörd yellə birləşib dünyanı dolaşır, oyanmış
suyu, odu hərəkətə gətirərək yazın gəlişindən xəbər verirmiş. Qədim
adətlərimizə görə, Yel çərşənbəsində qəfəsdə saxlanılan quşları və heyvanları
azadlığa buraxmaq lazımdır.

Dördüncü və ilin ən son çərşənbəsi Torpaq çərşənbəsi adlanır. Bu çərşənbəyə
xalq arasında “Yer çərşənbə”, “İlaxır çərşənbə”, “Çərşənbə-suri” də deyilir.

Bütün bu dörd həftə ərzində ən birinci Su çərşənbəsi ilə təbiət torpağı
sulanır, Od çərşənbəsi ilə torpaq qızır, Yel çərşənbəsi ilə təbiəti oyanır və
nəhayət sıra torpağa çatır. Torpaq ünsürü insan yaradılışının əsasını təşkil
edir. Torpaq həm türk mifologiyasından, həm də milli-mənəvi dəyərlərimizdən
qaynaqlanaraq, həmişə müqəddəs hesab olunur. Hələ qədim dövrlərdən bəri insanın
ən böyük andı torpaqla bağlı olub. Bu gün də “Torpaq haqqı” andı keçilməz and
sayılır. Torpaq uğrunda ölmək şərəf hesab olunur. Torpaq çərşənbəsində
əkinçilər əkin-biçin işlərinə başlayırlar. Yer şumlanır, toxum səpilir.

İlaxır çərşənbədə də qadınlar, qızlar çilələrini tökmək üçün çaya gedər, su
üstündən tullanarmışlar. Həmin gün axşam isə tonqallar qalanar, hamı od
ətrafına toplaşıb deyib-gülərmiş.

Torpaq çərşənbəsinin də özünəməxsus inancları, xüsusiyyətləri var. Həmin gün
insanlar öz qohumlarını yad edər, onlara qonaq gedər, dünyalarını dəyişmiş
insanların qəbirlərini ziyarət edərlər. Əcdadlarımızın inancına görə, çərşənbə
və bayram günlərində ruhlar qayıdıb öz doğmalarının yanına gəlirmiş. Ruhların
şad olması üçün isə əsas şərtlərdən biri ailə üzvlərinin, əzizlərinin şən
əhvali-ruhiyyədə olması əsas şərtlərdən idi. İnanca görə, ruhun evdən-ocaqdan
bikef qayıtması uğursuzluq gətirərmiş. Ona görə insanlar həm çərşənbələri, həm
Novruz bayramını xüsusi hazırlıqla, təmtəraqla, böyük sevinc hissi
qarşılayardılar.

İnanclara görə, bu çərşənbədə evdən od, neft, kibrit, ağartı məhsulu verilməsi
düzgün hesab olunmur: evin xeyir-bərəkəti itirmiş.

İlaxır çərşənbə həm də öz falları ilə də əlamətdardır. Məsələn, İlaxır
çərşənbə süfrəsində yeyilən balığın sümüyü ilə ilk övladın qız və ya oğlan
olmasını, üzük ilə subayların evlənmə vaxtını təyin etmək məşhur fal
inanclarımızdandır. İlaxır çərşənbədə yumurta, kömür, cövhəri bir yerə basdırıb
niyyət edərdilər. Sonra gedib onları çıxarardılar. Əgər yumurtanın üstü kömür
ilə yazılarsa, niyyətin uğurlu olacağına işarə hesab edilərdi.

İlaxır çərşənbədə ən məşhur, ən sevilən adətlərdən biri papaq atmaqdır.
Əsasən, gənclər və uşaqlar arasında yayılan bu adətə görə, qapılara atılan
papağı heç vaxt boş qaytarmazdılar. Papaq atan uşaqlar yığdıqları azuqə ilə
tonqal ətrafına toplaşar, yeyib şənlənərdilər.

Torpaq çərşənbəsinin daha bir məşhur adəti qulaq falına çıxmaqdır. Bu adətə
görə, qulaq falına gedən şəxs ürəyində bir arzu tutar, qonşuların qapısını
pusar, danışılanları gizlincə dinləyərdi. Əgər eşitdiyi ilk söz müsbət
olardısa, yaxşı söhbətlər danışılardısa, bu, arzunun çin olmasına işarə
sayılardı. Məhz qulaq falına görə insanlar həmin axşam ancaq yaxşı söhbətlər
etməyə, deyib-gülməyə üstünlük verirdilər. Həmin gün xoş söhbət etməyən qonşuya
da yaxşı baxılmazdı.

Novruz adətləri arasında üzük falı isə gənclər, xüsusən də, qızlar arasında
yayılan ən məşhur adətlərdən biridir. İlaxır çərşənbədə bir yerə toplaşan subay
qızlar saç telinə bağlanmış nişan üzüyünü su ilə dolu bir stəkanın içərisinə
sallayar və əlini əsdirmədən üzük hərəkətini dayandırana kimi gözləyərdilər.
Üzük neçə dəfə stəkanın divarlarına dəyərdisə, bu o qızın həmin yaşda ərə
gedəcəyinə işarə olardı.

Novruzun gəlişini müjdələyən səməni cücərtmək isə bayramı qeyd edən bütün
ailələrdə həyata keçirilən bir adət idi. Hər bir ailədə səməni yetişdirilər,
İlaxır çərşənbədə belinə qırmızı lent bağlanardı.

Novruzun vazkeçilməz adətlərindən biri də həm uşaqların, həm böyüklərin çox
sevdiyi yumurta döyüşdürmək idi. Yumurta döyüşdürəcək şəxslər ortaya bir şərt
qoyardılar, yumurtası qırılan tərəf digərinin şərtini yerinə yetirməli olardı.

Novruz bayramının əsas rəmzləri isə bir-biri ilə heç vaxt yola getməyən
“Keçəl” ilə “Kosa”dır. Kosa üzündə ya heç tük bitməyən və ya çox seyrək tük
olan adama deyərdilər. Əvvəllər köhnə ilin çıxıb, təzə ilin gəlməsini simvolizə
etmək üçün “Qoca Kosa” obrazından istifadə edilərdi.

Rəvayətə görə, “Qoca Kosa”nın bir gözü varmış və bu, onun o biri dünya ilə
olan bağlılığından xəbər verirmiş. Təsadüfi deyil ki, Novruz bayramının əsas
oyunlarından biri də “Kos-kosa” oyunudur.

Professor Kamil Hüseynoğlu “Novruz ənənələri və onların mənaları” yazısında
qeyd edir ki, “Kos-kosa” tamaşası yalnız Azərbaycan Novruzuna mənsubdur. Onun
indi göstərilən variantında “Kosa” ilə “Keçəl” sanki zarafatlaşırlar. Qədim
variantda isə onlar bir-biri ilə mübarizə aparırdılar. Qara paltar geyinmiş
“Keçəl” qışın, qaranlığın, şər qüvvələrin simvoludur. Keçi dərisindən kürk
geyinmiş “Kosa” isə yayı, istini, bərəkəti və işıqlı qüvvələri təmsil edir.
Əlində qara bayraq fırladan “Keçəl” müxtəlif qorxunc hərəkətlər edərək sanki
uçur. Bununla da o, dünyada öz hökmranlığını göstərmək istəyir. Soyuqdan donan
“Kosa” isə ətrafdakı odun parçalarını bir yerə toplayaraq, tonqal qalamaq
istəyir. “Keçəl” hər vəchlə ona mane olmağa çalışır. Ancaq nəhayət Kosa tonqalı
alovlandıra bilir. Şər qüvvələr işıqdan, oddan qorxduqlarına görə “Keçəl” qaçıb
yaxınlıqdakı divarın arxasında gizlənir. “Kosa” gedib onu vurub “öldürür” və
əlindəki qara bayrağı da alıb tonqalın üstünə ataraq yandırır. Ətrafdakı
insanlar da tonqalın başına toplanaraq, isinməyə və şənlənməyə başlayırlar.

Əsrlərdən yol alıb gələn Novruz şənlikləri yalnız Azərbaycanda deyil, İran,
Əfqanıstan, Tacikistan, Özbəkistan kimi bir sıra şərq ölkələrində qeyd olunur.
Hətta İran və Əfqanıstanda məhz həmin gün, yəni 21 mart tarixi təqvimin ilk
günü hesab olunur və yeni il başlayır.

Novruz bayramı 2009-cu ildə UNESCO tərəfindən qeyri-maddi mədəni irs
siyahısına daxil edilib. 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü
sessiyasının iclasında 21 mart tarixi “Beynəlxalq Novruz Günü” elan edilib.

Novruz bayramınız mübarək, yurdumun insanları! Neçə xoş bayramlara!

Source link