Bu gün Rusiyada keçirilən futbol üzrə dünya çempionatında yarımfinal mərhələsinə yekun vurulub.
ÇıxışYolu.Com-ın məlumatına görə, ikinci finalçının adı Xorvatiya – İngiltərə matçından sonra müəyyənləşib.
Oyun ingilislərin üstünlüyü ilə başlayıb və artıq 5-ci dəqiqədə Tripper hesabı açıb.
Lakin görüşün 68-ci dəqiqəsində xorvatlar bərabərlik qolunu vurublar: Perişiç fərqlənib.
90 dəqiqə ərzində qalib müəyyənləşmədiyi üçün hakim əlavə 30 dəqiqə təyin edib.
Bu zaman kəsiyində də Xorvatiya qol vura bilib – 109-cu dəqiqə Mancukiç sərrast zərbə endirib.
Qalan dəqiqələrdə İngiltərənin bərabərlik qolunu vurmaq səyləri nəticəsiz qalıb. Xorvatiya tarixində ilk dəfə dünya çempionatının finalına yüksəlib.
Həlledici görüşdə onların rəqibi Fransa komandası olacaq.