0ec9a52f-6b39-4b85-92e8-9371510109ad..jpg

Xorvatiyanın ədliyyə naziri Azərbaycana səfərə gəldi

Baxış sayı: 637 dəfə baxılıb.

Xorvatiyanın ədliyyə naziri Azərbaycana səfərə gəldi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan-Xorvatiya dostluq və səmərəli əməkdaşlıq münasibətləri strateji
tərəfdaşlıq səviyyəsinə yüksələrək müxtəlif, o cümlədən hüquqi sahədə uğurla
inkişaf edir. İki ölkənin ədliyyə nazirlikləri arasında imzalanmış Əməkdaşlıq
haqqında Memorandum çərçivəsində ədliyyə nazirlərinin qarşılıqlı səfərləri
həyata keçirilir, səmərəli təcrübə mübadiləsi aparılır.

Ədliyyə Nazirliyindən verilən məlumata görə, əməkdaşlığın genişləndirilməsi,
Azərbaycanın məhkəmə-hüquq sistemi və aparılan islahatlarla tanış olmaq
məqsədilə Xorvatiyanın ədliyyə naziri İvan Malenitsa nümayəndə heyəti ilə
Azərbaycana səfərə gəlib.

Qonaqlar oktyabrın 30-da əvvəlcə Fəxri xiyabanda bu il 100 illiyini qeyd
etdiyimiz ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edərək məzarı önünə gül
dəstələri qoyublar. Həmçinin, Şəhidlər Xiyabanında Vətən uğrunda həlak olmuş
həmvətənlərimizin məzarları ziyarət olunaraq üzərinə tər çiçəklər düzülüb.

Sonra Ədliyyə Nazirliyində iki ölkənin ədliyyə nazirlərinin görüşü keçirilib.

Görüşdə Azərbaycan və Xorvatiya arasında əlaqələrin uğurla inkişaf etdiyi,
ikitərəfli münasibətlərin möhkəmləndirilməsində dövlət və hökumət başçılarının
xüsusi rolu və qarşılıqlı səfərləri vurğulanıb, Xorvatiya Baş nazirinin yaxın
zamanda Azərbaycana səfər edəcəyi qeyd olunub.

Ədliyyə naziri Fikrət Məmmədov Xorvatiyaya səfərlərini xatırladaraq hüquqi
sahədə qarşılıqlı fəaliyyətin perspektivlərinə toxunub, ədliyyə və məhkəmə
sistemindəki islahatlar barədə məlumat verərək ölkə Prezidentiİlham Əliyevin bu
sahəyə xüsusi önəm verdiyini vurğulayıb. Dövlət başçısının siyasi iradəsinə
uyğun olaraq Dünya Bankının dəstəyi ilə məhkəmə sisteminin və infrastrukturunun
müasirləşdirilməsi üzrə görülən tədbirləri, rəqəmsal innovasiyaların geniş
tətbiqini qeyd edib.

Azərbaycanda olmağından məmnunluğunu ifadə edən qonaq iki dost ölkənin ədliyyə
nazirlikləri arasında əməkdaşlığın inkişafında maraqlı olduğunu söyləyib.
İ.Malenitsa Azərbaycanın Dünya Bankı ilə məhkəmə-hüquq sahəsində uğurlu
əməkdaşlığı barədə məlumatlı olduğunu qeyd edib, Xorvatiyanın bundan
yararlanaraq bank ilə əməkdaşlığa başladığını vurğulayıb. Bildirib ki, müasir
məhkəmə infrastrukturunun yaradılması, məhkəmənin rəqəmsallaşması,
e-məhkəmənin, e-ədliyyənin tətbiqi ölkəsi üçün əsas prioritetdir və bu sahədə
Azərbaycanın təcrübəsinin öyrənilməsi olduqca faydalıdır.

Qonaqlar ədliyyə və məhkəmə sistemində rəqəmsal innovasiyalara böyük maraq
göstərərək məsafədən əhaliyə göstərilən elektron xidmətlər, “Elektron məhkəmə”,
“Elektron icra”, “Elektron notariat” informasiya sistemləri, “Mobil notariat”
brendi, “ƏN TEZ” (Ədliyyə Nazirliyinə Təcili Elektron Zəng) innovativ xidmət
konsepsiyası barədə məlumatlandırılıb, bununla bağlı təqdimat keçirilərək
faydalı fikir və təcrübə mübadiləsi aparılıb, onları maraqlandıran çoxsaylı
suallar cavablandırılıb.

Nümayəndə heyəti nazirlikdə ədliyyə tarixinə və Vətən müharibəsində Böyük
Qələbəmizə həsr olunan muzeylərlə tanış olub. Qonaqlara azad edilmiş
ərazilərimizin bərpası ilə bağlı görülən işlər, bu prosesə ciddi əngəl törədən,
çoxsaylı insan ölümünə və yaralanmasına səbəb olan Ermənistanın mina terroru
barədə məlumat verilərək buna qarşı həyata keçirilən lokal xarakterli
antiterror tədbirləri ilə bağlı yayılan yanlış və qərəzli məlumatları təkzib
edən əsl həqiqətlər diqqətə çatdırılıb. Xorvatiyanın minadan əzab çəkən ölkə
olaraq bu işdə dəstəyi minnətdarlıqla qeyd edilərək xüsusi broşür təqdim edilib.

Həmin gün xorvatiyalı nazir ölkəmizin müasir məhkəmə infrastrukturu ilə tanış
olmaq məqsədilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə və Sumqayıt Məhkəmə
Kompleksinə baş çəkib, yüksək texnoloji imkanlarla təchiz edilmiş məhkəmə
zallarını və “Elektron məhkəmə” informasiya sisteminin tətbiqini yüksək
qiymətləndiriblər.

Tədbirlərdə Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebiç iştirak edib.

Səfər çərçivəsində nümayəndə heyətinin nadir memarlıq incilərindən olan Heydər
Əliyev Mərkəzini ziyarət edərək ulu öndərin mənalı ömür yoluna və zəngin irsinə
həsr olunan maraqlı ekspozisiyalarla, habelə Azərbaycan brendi olan, ədliyyənin
mühüm xidmətlər göstərdiyi ASAN və Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin tabeliyində olan DOST mərkəzləri, orada fəaliyyət göstərən “ƏN
TEZ” innovativ xidməti, eləcə də paytaxtın tarixi və mədəni abidələri ilə
tanışlığı nəzərdə tutulur.

Source link