b5626725-1393-4038-99a0-fac862dae73f.jpg

Xronika: Elçilikdə “zər bizdə zibil kimidir” sözü ilə Qamışlı kəndinin adı dəyişdi

Baxış sayı: 379 dəfə baxılıb.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə
doktoru Elçin Əlibəylinin təqdimatında “İrsimiz” rubrikasının növbəti
buraxılışı hazırlanıb.

Cixisyolu.com xəbər verir ki, “Bizanslıların bazarının yerləşdiyi Zərkənddə Rumbasar
yolu” adlı bugünkü buraxılış Göyçə mahalının Basarkeçər (Vardenis) rayonu
ərazisində yerləşən Zərkəndin tarixi, irsi, abidələri və mədəni nümumələri
araşdırılıb.

Bildirilib ki, kəndin yaranma tarixi XV əsrin sonuna (1480), XVI əsrin
əvvəlinə (1510) təsadüf edir. Kəndin ilk adı 1890-1892-ci illərə qədər Qamışlı
bulağın adı ilə bağlıdır.

Süjetdə Qədim Kalafalar kəndinin yerində 1480-ci ildə salınmış Zərkəndin adı
ilə bağlı əhvalata toxunulur: “Kəndin bir qrup ağsaqqalları qonşu Qızılvəng
kəndinə qız elçiliyinə gedirlər. Elçilik zamanı, ağsaqqallardan biri elçi
adamlarına bildirdi ki, bura Qızılvəngdir. Bu kəndə qız almağa gələn elçilərin
qızılı gərək bol olsun. Elçi adamlarından biri tez cavab verərək bildirib ki,
zər bizdə zibil kimidir. Elçilik vaxtı baş verən əhvalat mahalda bütün kəndlərə
yayılır. Hadisə ilə əlaqədar kəndin adı Qamışlı bulaqla bərabər Zərzibil
adlandırılmağa başlanıb. Kəndin ikinci adı 1890-1892-ci illərdən 1935-ci ilin
yanvarın 3-nə qədər Zərzibil olub. Kəndin üçüncü adı olan Zərkənd sözünün
mənası “Zər” “Qızıl” “Kənd” isə “Oba” və yaxud da “El” mənasını bildirir.
1935-ci ilin yanvarın 3-dən 1988-ci ilin dekabrına qədər Zərkənd olub”.

Qeyd olunur ki, kənddə 1831-ci ildən 1988-ci ilədək azərbaycanlılar yaşayıb.
Kənd rayon mərkəzi Basarkeçərdən 17 kilometr məsafədə yerləşir. 1935-ci il
yanvarın 3-də kəndin adı Zərkənd, 1991-ci il aprelin 19-da isə kəndin adı Kut
qoyulub.

Süjetdə 1800 il əvvəl şaxta üsulu ilə çıxarılan qızılın fılizdən təmizlənib
emal olunduğuna, bizanslıların bazarının yerləşdiyi Zərkənddə Rumbasar yoluna,
Qoros türk tayfalarının məskunlaşdığı qədim yaşayış yerinin qalıqlarına
aydınlıq gətirilir.

Ümumiyyətlə, “İrsimiz” layihəsinin məqsədi Qərbi Azərbaycanın mahal və
kəndlərində itməkdə olan irsimizin qorunub saxlanılması, yaşadılması və təbliği
kənd sakinləri, tarixçilər, etnoloqlar, etnoqraflar, folklorşünasların dəlil və
söhbətləri ilə böyük türk izlərinin araşdırılmasıdır.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi
torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların
ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud
olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi
mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala,
saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr,
xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə
çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən
faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin
əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan
tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir
və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan
xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu
bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış
Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların
düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini
işıqlandırmaqdır.

Ətraflı süjetdə:

Xronika: Elçilikdə “zər bizdə zibil kimidir” sözü ilə
Qamışlı kəndinin adı dəyişdi
Xronika: Elçilikdə “zər bizdə zibil kimidir” sözü ilə Qamışlı kəndinin adı
dəyişdi

Source link