248a9301-027a-4a76-be7d-07e44687c60d.jpg

Xronika: “Ermənistan hakimiyyətinin siyasəti azərbaycanlıların qayıdışına zəmin yaradacaq”

Baxış sayı: 235 dəfə baxılıb.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet
hazırlanıb.

“Ermənistanda azərbaycanlıların bələdiyyəsi, məktəbi, parlament fraksiyası
olacaq” adlı süjetdə Prezidentİlham Əliyevin Bakıda Aşıq Ələsgərin abidəsinin
açılış mərasimindəki mesajlarının Ermənistanda gündəmi zəbt etməsindən bəhs
olunub.

Bildirilib ki, Prezidentin çıxışında Qərbi Azərbaycana qayıdışla bağlı mühüm
məqamlar və “yol xəritəsi” var: “Bu mesajların məhz orada – Göyçənin Ağkilsə
kəndindən olan, Qərbi Azərbaycandan ilk deportasiyanın qurbanı olmuş, 97
yaşında yurdundan didərgin düşsə də, bütün təhlükələrə rəğmən, 100 yaşında
yenidən evinə qayıdan el sənətkarının abidəsi önündə verilməsi əslində
xalqımızın Aşıq Ələsgərin yolundan gedəcəyinin də rəmzi mənası idi. Dövlət
başçısı məhz bunu izah etdi və dedi ki, bütün çətinliklərə və təhlükələrə
rəğmən, Qərbi Azərbaycana – Göyçəyə, Zəngəzura, İrəvana qayıdacağıq”.

Qeyd olunub ki, deportasiyadan sonra qayıdışın reallaşması üçüncü etnik
təmizləmə dalğasına məruz qalmış Qərbi azərbaycanlıların da öz dədə-baba
torpaqlarına qayıdacaqlarına əminlik yaradır: “Qarabağa və Şərqi Zəngəzura
qayıdışın baş verdiyi tarixi günlərin şahidiyik. Bu, eyni prosesin tezliklə
Qərbi Azərbaycanda da baş verəcəyi inamını gücləndirir. Prezident də bəyan etdi
ki, “Qərbi Azərbaycandan olan soydaşlarımız da əminəm ki, eyni hissləri
yaşayacaqlar. Hər şey bizim əlimizdədir”.

Süjetdə diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin Qərbi Azərbaycanla
bağlı dedikləri Ermənistanda gündəmi zəbt edib. Qafqaz üzrə erməni ekspert
Karen İgitay hesab edir ki, azərbaycanlılar Ermənistana (Qərbi Azərbaycana) adi
vətəndaş kimi yox, xüsusi statusa malik olan insanlar kimi gələcəklər.

Erməni jurnalist Sevak Akopyanın “Yerevantoday” saytında yayımlanan
videosujetində isə qeyd olunur ki, azərbaycanlıların Ermənistana qayıtması
mümkün ssenarilərdəndir: “Prezident İlham Əliyev bunu açıq şəkildə bildirdi.
Görünür, Ermənistan-Azərbaycan danışıqlarının gündəliyində bu məsələ də var.
Ermənistan hakimiyyətinin həyata keçirdiyi siyasət azərbaycanlıların qayıdışına
zəmin yaradacaq.

“Biz Qərbi Azərbaycana qayıdacağıq. Öz məktəbimiz, öz icmamız olacaq. Seçmək
və seçilmək hüququmuz təmin ediləcək. Bələdiyyəmiz, Ermənistanda parlamentində
fraksiyamız olacaq. Bu, beynəlxalq hüququn tələbidir və Ermənistan bunu icra
etmək məcburiyyətindədir. Əks təqdirdə, tarixi torpaqlarımızda Qərbi Azərbaycan
Respublikasının yaradılması əsas alternativlərdən biridir”, deyə sonda
vurğulanıb.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim
torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların
ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud
olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi
mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala,
saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr,
xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə
çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən
faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin
əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan
tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir
və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan
xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu
bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış
Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların
düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini
işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

Xronika: “Ermənistan hakimiyyətinin siyasəti
azərbaycanlıların qayıdışına zəmin yaradacaq”
Xronika: “Ermənistan hakimiyyətinin siyasəti azərbaycanlıların qayıdışına
zəmin yaradacaq”

Source link