Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə
gedib.
Jurnalist Rufik İsmayılovun müsahibi Milli Məclisin Beynəlxalq əlaqələr
komitəsinin üzvü, siyasi elmlər doktoru Rizvan Nəbiyev olub.
O, anadan olduğu Basarkeçər rayonunun Qanlı kəndindən söhbət açıb. Bildirib
ki, ilk təhsilini bu kənddəki orta məktəbdə alıb, 13 yaşına kimi Qanlıda
yaşayıb. Millət vəkili kənddə elmə, təhsilə böyük diqqət yetirildiyini,
dərslərini yaxşı oxuduğunu, kənd kitabxanasındakı kitabların mütləq
əksəriyyətini uşaq vaxtı mütaliə etdiyini vurğulayıb. Deyib ki, ailəsi ilə
birlikdə 1988-ci il dekabrın 3-də zorla ata-baba yurdundan qovulub, didərginlik
həyatı yaşamağa məhkum olub.
Sonralar orta təhsili Azərbaycanda başa vurduğunu, ali təhsil aldığını,
Avropada təhsilini davam etdirdiyini, diplomatik fəaliyyətlə məşğul olduğunu
xatırladan müsahib bildirib ki, əldə etdiyi bütün uğurlarda Qanlı kənd orta
məktəbində aldığı ilk təhsilin mühüm rolu olub. O, diplomatik fəaliyyətlə
məşğul olduğu illərdə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və
Qarabağın tarixinə dair alman, ingilis dillərində 15 kitabın həmmüəllifi
olduğunu söyləyib. Qeyd edib ki, Qərbi Azərbaycan həqiqətlərinin də bu qaydada
beynəlxalq ictimaiyyətə çatdırılması üçün elmi və diplomatik müstəvidə
fəaliyyət ortaya qoyub.
Millət vəkili deyib ki, Avropada soydaşlarımızın geriyə qayıtmaq hüququna
münasibət heç də birmənalı deyil. Vətənə qayıtmağın hər bir şəxsin ən ümdə
hüququ olduğunu dilə gətirən R.Nəbiyev onu da əlavə edib ki, Qərbi
Azərbaycandan soydaşlarımızın deportasiyasından indiyə qədər ötən vaxt ərzində
ölkəmizə, həmvətənlərimizə dəymiş ziyanın hesablanması və beynəlxalq məhkəməyə
təqdim olunması istiqamətində fəaliyyət davam etdirilir.
Deputat bildirib ki, Ermənistan soydaşlarımızın deportasiyası, torpaqlarımızın
işğalı ilə yanaşı, Azərbaycana, dinc sakinlərimizə qarşı genişmiqyaslı mina
terroru törədib. Onun sözlərinə görə, 1991-ci ildən indiyə qədər 3 500-ə yaxın
azərbaycanlı mina terrorunun qurbanı olub.
“Qərbi Azərbaycan əcdadlarımızın uyuduğu müqəddəs Vətən torpağıdır” söyləyən
R.Nəbiyev əminliklə deyib ki, soydaşlarımız dinc yolla öz ata-baba yurdlarına
qayıdacaqlar. Millət vəkilinin qənaətincə, bu zaman soydaşlarımızın
təhlükəsizliyini Ermənistan Azərbaycanla birlikdə təmin etməlidir.
Millət vəkili R.Nəbiyev Ermənistanın konstitusiyasında, həmçinin digər hüquqi
və siyasi aktlarında Azərbaycana qarşı ərazi iddialarının yer almasına da
toxunub. Deyib ki, Ermənistan konstitusiyasında dəyişiklik olmadan sülh
müqaviləsi imzalana bilməz.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi
torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların
ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud
olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi
mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala,
saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr,
at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması,
həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya
ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin
əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan
tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir
və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan
xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu
bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış
Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların
düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini
işıqlandırmaqdır.
Ətraflı Baku TV-nin süjetində:
Azərbaycana qarşı ərazi iddiaları var
Xronika: Ermənistanın hüquqi və siyasi aktlarında Azərbaycana qarşı ərazi
iddiaları var