Xronika: “Qərb Ermənistanı müharibə mərhələsinə sürükləyir” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində “Ermənistan Azərbaycana qarşı
iddialarını yenidən irəli sürəcək…” adlı analitik süjet hazırlanıb.
Cixisyolu.com xəbər verir ki, verilişdə bu il aprelin 5-də Brüsseldə keçirilən
Ermənistan, Avropa İttifaqı və ABŞ formatındakı görüşün Cənubi Qafqazda yeni
siyasi şərtlərin başlanğıcı olduğu, görüşdə Ermənistan iqtisadiyyatının
“inkişafı” məsələlərinin müzakirə olunduğu bildirilib.
Qeyd olunub ki, Ermənistana ayrılan 270 milyon avro, 65 milyon dollar gerçək
planların kamuflyajıdır:
“Avropa İttifaqı və ABŞ onsuz da hər il Ermənistana maliyyə yardımı ayırır.
Təbii ki, Brüssel görüşünə iqtisadi fon verildi, gerçək hədəf Ermənistana hərbi
dəstəklə bağlı razılaşma idi. Artıq Ermənistanın bütün sərhədboyu ərazilərdə
atəş açması bölgədə eskalasiya mərhələsinin yenidən başlaması perspektivindən
xəbər verir. Bəllidir ki, Qərbin hədəfi Rusiyadır, amma Moskvaya qarşı
siyasətdə Azərbaycan da hədəflər arasında olması riski var. Proseslər Cənubi
Qafqazda böyük, həm də həlledici qarşıdurmanın olacağı istiqamətində inkişaf
edə bilər. Bu situasiyada itirən və dağılan isə Ermənistan olacaq”.
Diqqətə çatdırılıb ki, Ermənistanda gedən müzakirələr də 5 aprel görüşünün
onlar üçün dağıdıcı gələcək vəd etdiyi yönündədir. Erməni mediası və
ekspertlərin əsas fikri belədir ki, Qərb Ermənistanı müharibə mərhələsinə
sürükləyir və baş verə biləcək hərbi toqquşma rəsmi Bakının Qərbi Azərbaycan
planının reallaşması ilə nəticələnə bilər. Ermənistandakı müzakirələr göstərir
ki, onlar Qərbi Azərbaycan reallığına etiraz etsələr də, bu reallığı tədricən
qəbul etməyə də başlayıblar.
Sonda vurğulanıb ki, Qərbi Azərbaycan bir gün azad olunacaq, həmin gün çox da
uzaq görünmür, proseslərin inkişafı da bu yöndə sürətlənib.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi
torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların
ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud
olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi
mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala,
saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr,
xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə
çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən
faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin
əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan
tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir
və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan
xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu
bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış
Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların
düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini
işıqlandırmaqdır.
Daha ətraflı Baku TV-nin süjetində: