b31eef30-e194-4eb4-9b03-baa3dcc90d95..jpg

Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi sürətləndirilib – FOTO

Baxış sayı: 525 dəfə baxılıb.

Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi sürətləndirilib – FOTO

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində Azərbaycan
Prezidentinin tapşırığı ilə icra olunan və işğaldan azad edilmiş rayon və
kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu
layihələrindən biri olan Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi
sürətlə davam etdirilir.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi
magistral avtomobil yolunun Xudafərin su anbarı yaxınlığından keçən hissəsindən
götürən Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun uzunluğu 56,4 kilometr təşkil
edir. Sözügedən yolun Xanlıq yaşayış məntəqəsindən ayrılaraq Qubadlı şəhərinə
qədər uzunluğu 14 kilometr olan yeni avtomobil yolunun da inşası icra olunur.
Yolların ümumi uzunluğu isə 70,4 kilometrdir.

Xudafərin-Qubadlı-Laçın avtomobil yolu 4 hərəkət zolaqlı olmaqla, 0-46,2
kilometrlik hissəsi I, 46,2-56,4 kilometrlik hissəsi isə II texniki dərəcəyə
uyğun olaraq inşa olunur. Hazırda yolun genişləndirilərək profilə salınması və
21,5 metr enində yeni torpaq yatağının inşası həyata keçirilir. Yolun layihə
üzrə hərəkət hissəsinin eni 16,5 metr təşkil edəcək.

Tikinti işləri çərçivəsində Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun
20,4-56,4 kilometrlik hissəsində torpaq yatağı işləri davam etdirilir. Yol
yatağı hazır olan 20,4 kilometrlik hissədə yol əsasının tikintisi işləri
yekunlaşdırılıb və asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub. Yolun
Xanlıq istiqamətində olan 14 kilometrlik hissəsində torpaq işləri, boru və
keçidlərin, körpülərin, istinad divarlarının tikintisi, topoqrafiya və
layihələndirmə işlərinin icrası davam edir. Sözügedən yolun ilk 11 kilometrlik
hissəsi I, 11-14 kilometrlik hissəsi isə II texniki dərəcəyə uyğun tikilir.

Yeni inşa edilən yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək
məqsədilə dairəvi borular və düzbucaqlı su keçidləri, əsas yolun 10, 22, 32 və
43-cü kilometrində, yanaşma yolun 35-ci kilometrində, həmçinin Qubadlı şəhərinə
gedən avtomobil yolunun 1-ci kilometrində layihə üzrə nəzərdə tutulan
körpülərin inşası aparılır. Körpülər üzrə artıq 42,5 % işlərin icrası
yekunlaşıb. Bundan başqa Xanlıq-Qubadlı yolu ilə kəsişmədə müxtəlif səviyyəli
yol qovşağının tikintisi işləri də davam etdirilir. Artıq 81 dairəvi, 32
düzbucaqlı boru və 12 yeraltı keçid tikilib, 4 796 metr istinad divarı da inşa
olunub.

Layihə üzrə ümumi uzunluğu 2 397 m-lik 7 tunelin inşası da nəzərdə tutulur.
Hazırda T-1 tunelinin giriş və çıxış portalında qazma işləri bitib, betonlanma
işləri görülür. T-2 tunelində qazma və qrunt bərkitmə işləri gedir, T-3
tunelinin girişi portalında işlər davam edir.

“İnşaat Norma və Qaydaları”na uyğun, AAYDA rəhbərliyinin şəxsi nəzarəti
altında həyata keçirilən layihə üzrə 503,8 min kubmetr ərazidə bitki qatının
çıxarılması, 6,9 milyon kubmetr həcmində qazma işləri aparılib, 3,2 milyon
kubmetr həcmində isə dolğu işləri icra olunub.

Yeni avtomobil yolunun inşası tərtib olunmuş qrafikə uyğun və texnoloji
ardıcıllığa riayət olunmaqla həyata keçirilir. Tikinti işlərinin vaxtında
yekunlaşdırılması üçün əraziyə lazımi sayda işçi qüvvəsi və texnika cəlb olunub.

Zəngilan, Qubadlı və Laçın rayonlarının ərazisindən keçən bu avtomobil yolu
Qubadlı və Laçın şəhərləri də daxil olmaqla, sözügedən rayonların 30-dan artıq
yaşayış məntəqəsini əhatə edir.

Source link