e1389637-5193-4ce4-a8a8-6cfa2095b0e7..jpg

Xudayar Yusifzadənin şəhid olduğu gündür – VİDEO

Baxış sayı: 401 dəfə baxılıb.

Xudayar Yusifzadənin şəhid olduğu gündür – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Vətən müharibəsinin şəhidi, “Vətən yaxşıdır” mahnısı ilə könüllərdə
taxt quran Xudayar Yusifzadənin anım günüdür.

Cixisyolu.com xatırladır ki, şəhidimiz 1998-ci il iyulun 15-də Bərdə şəhərində anadan
olub.

X.Yusifzadə 2004-2015-ci illərdə Bərdə şəhərində Bülbül adına 1 nömrəli Uşaq
İncəsənət Məktəbində təhsil alıb.

O, 2016-2018-ci illərdə Dövlət Təhlükəsizliyi Xidmətinin “N” saylı hərbi
hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra isə o, Dövlət Sərhəd
Xidmətinin Sərhəd Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət
qulluqçusu olaraq xidmət edib və “gizir” hərbi rütbəsi alıb.

2020-ci ilin Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid
olmasından sonra öz istəyi ilə Bərdə Rayon Hərbi Komissarlığına müraciət edib.

Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının giziri olan Xudayar Yusifzadə 2020-ci
il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı
altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa
olunması üçün başlanan Vətən müharibəsi zamanı əvvəlcə Füzuli rayonunda sərhəd
məntəqəsində xidmət edib.

Daha sonra isə Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə
savaşıb. Xudayar Yusifzadə oktyabrın 22-də Zəngilan döyüşləri zamanı Ağbənd
istiqamətində şəhid olub.

O, Bərdə şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına
qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə
borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti, Ali Baş Komandan
İlham Əliyevin sərəncamlarına əsasən Xudayar Yusifzadə ölümündən sonra “Vətən
uğrunda”, “Zəngilanın azad olunmasına görə” medalları və “Azərbaycan Bayrağı”
ordeni ilə təltif edilib.

2021-ci il fevralın 18-də Xudayar Yusifzadənin təhsil aldığı Bərdə şəhərinin
Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində onun büstünün açılış mərasimi
olub.

Xudayar Yusifzadə ölümündən iki gün əvvəl Əliağa Vahidin “Vətən yaxşıdır”
şeirinə bəstələnmiş mahnını ifa edib və bunu telefon vasitəsilə çəkib. Həmin
video qısa müddət ərzində sosial mediada trendə çevrilib.

Qeyd edək ki, “Vətən yaxşıdır” təsnifinin musiqisi Əlibaba Məmmədova, sözləri
Əliağa Vahidə aiddir. Təsnif Əlibaba Məmmədovun xeyir-duası ilə “Xudayar
təsnifi” adlandırılıb.


Source link