Xuraman Şuşalı: “Deyəydim ki, həyat yoldaşım oliqarxdır?”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Müğənni Xuraman Şuşalı “Həftənin qonağı” verilişinin qonağı olub.
Axşam.az xəbər verir ki, ifaçı həyat yoldaşı rejissor Elçin Məmmədovla
münasibətlərindən söhbət açıb.
“Elçini məndən müsahibə almaq üçün göndərmişdilər. Sağ olsunlar. 2008 ya da
2009-cu ildə mənim haqqımda film çəkdi. Mənə zəng vurmuşdular, deyəsən
verilişin adı “Evə gəl” idi. Mən də yola verməkdə bir nömrəyəm. Çəkiliş
olacaqdı, yatıb qalmışam. Maşın sürə-sürə makiyaj edib çatdırdım özümü. Elçin
onda rəhmətlik anamı da çəkirdi. Namaz vaxtı gəldi, Elçin çəkilişi dayandırdı
gedib namazını qıldı. Ay Allah, oradaca o, anamın gözündə ucaldı. Onda mən ona
aşiq olmamışdım. Əvvəl elə bilirdim mən onu evlilik tələsinə salmışam, amma sən
demə o məni salıbmış. Elçinlə çox gözəl münasibətimiz var. Biz onunla ilk dost
olmuşuq. Həmin çəkilişdən sonra ona hörmətim artdı. Gözəl-göyçək qızam, mənə
baxmamaq nə bilim, kişi olasan və mənə baxmayasan. O elə həyalı idi ki… Mən
onun həyasını sevdim. Bir insan olaraq. Şükür Allaha ki, hələ də elədir, yoxsa
onu öldürərdim. Göz-qaşı qaynayan oğlanla ailə qurmazdım.
Ailədə qərarları hər ikimiz veririk. O, çox ağıllıdır. Çox çalışıram ki, onun
ağlına çatım. Elçindən səbri öyrənirəm. O, mənim kimi adama dözürsə, deməli
səbirlidir. Həmişə deyirəm ki, görəsən hansı hərəkətimin mükafatıdır. Elçin də
mənim üçün deyir. Amma arada Elçinə deyirəm ki, hansı günahlarımın cəzasısan.
Amma zarafatla deyirəm. Elçini çox tərifləmək istəmirəm. Qorxuram, birdən nə
vaxtsa məni yanıldar və o tərifi dediyimə görə peşman olaram. Elçinin xəstə
olmasından çox qorxuram. Bilmirəm, bəlkə də atam xəstə olub deyə o qorxu var
məndə”.
Xuraman “Bir dəfə Elçin çox az maaş alır və bu, yalnız kommunal xərclərə çatır
demişdin. Bu müsahibədən sonra Elçin səndən incimişdi?” sualını belə cavablayıb:
“Yalan danışaydım? Deyəydim ki, həyat yoldaşım oliqarxdır? Mən bilirdim
kiminlə ailə qururam. Bilmişəm ki, o, dövlət kanalında çalışır və oradan alınan
məbləğ bəllidir. Lakin o, çalışır ki, nələrsə etsin. Ancaq indi bizə görə gedib
oğurluq etməli deyil ki. Əgər ruzini mənə və ya bərəkəti mənə verirsə, buna
görə çox şükür edirəm. Nə mənim qazancım Elçinin, nə də onunku mənim deyil. Bu,
uşaqlarımızın qazancıdır. Həyat yoldaşım bilmir ki, toydan nə qədər qazanıram.
Onun mənim qəpiyimdə belə gözü yoxdur. Hətta olub ki, demişəm, gəl sənin
maşınını dəyişək. Deyib ki, mənə lazım deyil, öz qazancım var. Mən həyat
yoldaşıma pul vermirəm, ya da o istəmir ki, toya getmisən, gətir bura ver.
Bizim ailədə belə şey yoxdur. Lakin belə ailələr var. Bilirəm. Elçin həm də
gözəl övladdır. Ailənin tək oğludur, onlara da baxır. O can atır, işləmək
istəyir, amma nə etsin ki, müğənni deyil. O, həm də gözəl atadır”.