Xüsusi amansızlıqla qətl törədənlər tutulub - FOTO

Xüsusi amansızlıqla qətl törədənlər tutulub – FOTO

Baxış sayı: 2. 987 dəfə baxılıb.

Ölkənin daxili işlər və prokurorluq orqanlarının peşəkarlıqla həyata keçirdikləri əməliyyat-axtarış və istintaq hərəkətləri nəticəsində Sumqayıt şəhərində baş verən qətl hadisəsinin üstü açılıb.

Bu barədə ÇıxışYolu.Com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Belə ki, bu il mayın 8-də Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisində “Mersedes” markalı avtomobilin sükanı arxasında çoxsaylı bıçaq xəsərətləri nəticəsində naməlum bir şəxsin öldürülməsi barədə Şəhər Polis İdarəsinə məlumat daxil olub. Dərhal Polis İdarəsi və şəhər prokurorluğu rəhbərliyinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, təxirəsalınmaz istintaq hərəkətləri aparılaraq müvafiq əl-barmaq izləri götürülüb, meyidi tapılan şəxsin “Mersedes” markalı avtomobilin sürücüsü, paytaxt sakini Aydın Şıxəliyev olması müəyyənləşdirilib.

DİN-in Baş Cinayət Axtarış, Kriminalistik Təhqiqatlar idarələri və Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən ağır cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Pərviz Məmmədov, Sumqayıt şəhərində yaşayan Rahin Hüseynov və Şəmkir rayon sakini Şamil Bayramov tutulub.

İstintaqla müəyyən edilib ki, saxlanılan şəxslər Bakı-Sumqayıt istiqamətində hərəkət edən taksilərdən birinə müştəri kimi əyləşərək avtomobili H.Z.Tağıyev qəsəbəsinə sürdürməyi və orada sürücüyə zor tətbiq edərək onun pulunu, mobil telefonunu almaq barədə əvvəlcədən razılığa gəliblər. Bu niyyətlə hər 3 şəxs mayın 8-də metronun “20 Yanvar” stansiyasının yaxınlığında A.Şıxəliyevin idarə etdiyi “Mersedes” markalı avtomobilə əyləşiblər. Qabaqcadan nəzərdə tutulmuş yerə çatdıqda Ş.Bayramov və R.Hüseynov üzərlərində olan bıçaqlarla A.Şıxəliyevə çoxsaylı zərbələr endirərək onu qətlə yetiriblər. Sonra onlar sürücünün cibindən 19 manat və 2 ədəd mobil telefonunu götürərək hadisə yerini tərk ediblər.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Saxlanılanların digər cinayətlərdə iştirakları da istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102 – Zəng Mərkəzi” Xidmətinə və ya Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edə bilərlər.

www.ÇıxışYolu.Com