Xüsusi təyinatlılar təlimdə: Şərti düşmənin ehtiyatları pusqular qurularaq
məhv edildi – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Əlahiddə Ümumqoşun Ordunun aidiyyəti üzrə ümumqoşun birləşmələri ilə 2024-cü
tədris ilinin ilk ikitərəfli komanda-qərargah təlimi keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Komanda-qərargah təliminin birinci mərhələsi praktiki fəaliyyətlərə cəlb
olunan bölmələrin müxtəlif vaxtlarda həyəcan siqnalı ilə qaldırılaraq təlim
rayonlarına çıxarılması ilə başlayıb.
Qoşunların səfərbərlik ehtiyatları ilə komplektləşdirilməsi üçün şəxsi heyət
və texnikaların qəbulu məntəqələri açılaraq xüsusi ixtisaslar üzrə çağırılmış
heyətin praktiki qəbulu həyata keçirilib. Açılmış məntəqələrdə müvafiq
qeydiyyat aparıldıqdan sonra şəxsi heyət həkim müayinəsindən keçirilib, silah
və digər zəruri təminat növləri ilə təmin olunub.
Təlimdə əsas diqqət düşmənin radioelektron vasitələrinin güclü təsiri altında
ümumqoşun, eləcə də tabeliyə verilən və dəstəkləyən bölmələrin qısa müddətdə
gizli olaraq müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilib, düşmənin
təxribat-diversiya fəaliyyətinin qarşısını alıb, qəfil fəaliyyətlərinə imkan
vermədən preventiv zərbələrlə hücum əzmini qırmağa yönəldilib.
Stasionar və səhra idarəetmə məntəqələrində təlimin rəhbərliyi tərəfindən
müxtəlif müdaxilələrlə qərargahların fəaliyyəti qiymətləndirilib və
hesabatların aparılma ardıcıllığına, düzgünlüyünə və real şəraiti əks
etdirməsinə köməklik göstərilib.
Təlimə cəlb olunan mexanikləşdirilmiş, tank, artilleriya, hava hücumundan
müdafiə, Hərbi Hava Qüvvələri və xüsusi təyinatlı bölmələr verilmiş
tapşırıqların öhdəsindən müvəffəqiyyətlə gələrək ümumqoşun bölmələrinin
qarşısında duran tapşırıqların icrasına əlverişli şərait yaradıblar.
Təlimin gedişində xüsusi təyinatlı bölmələrin vasitəsi ilə vizual müşahidə
aparılıb, şərti düşmənin döyüş mövqeləri və yaxın dərinlikdəki vacib obyektləri
qiymətləndirilib. Verilən döyüş tapşırığına əsasən xüsusi təyinatlılar
tərəfindən şərti düşmənin müdafiəsinin ön xəttində yerləşən döyüş mövqelərinə
və komanda-idarəetmə məntəqəsinə basqınlar keçirilib.
Xüsusi təyinatlı bölmələr mövqeləri və vacib obyektləri ələ keçirdikdən sonra
yaxınlaşma yollarında şərti düşmənin ehtiyatlarına pusqular quraraq məhv
ediblər.
Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzinin simulyasiya mərkəzində
komandir və qərargahların yaranmış şəraitə uyğun qərarları dinlənildikdən sonra
ikitərəfli təlimə onlayn rejimdə start verilib.
Yekunda aidiyyəti üzrə təlimə cəlb olunmuş bölmələr tərəfindən icra edilmiş
fəaliyyətlərin təhlili aparılıb, çatışmazlıqlar qeyd olunub, mövcud
problemlərin həlli istiqamətində və qazanılan təcrübələrin növbəti təlimlərdə
tətbiq edilməsi barədə müvafiq tapşırıqlar verilib.