Xüsusi Təyinatlılarımız Qapıcıq zirvəsində – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti
seçilməsinin 20 illiyi ilə əlaqədar Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) xüsusi
təyinatlıları Qapıcıq zirvəsinə yürüş ediblər.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
“Ölkə başçısı İlham Əliyev 20 il bundan öncə 2003-cü ildə ilk dəfə Prezident
vəzifəsinə seçilən zaman Azərbaycan xalqına müraciət edərək bildirib ki, nəyin
bahasına olursa-olsun, biz öz tarixi torpaqlarımızı düşmənin əlindən alacağıq.
İstər sülh yolu ilə, istər müharibə yolu ilə və belə də olub. Sözü imzası qədər
dəyərli olan İlham Əliyevin siyasi iradəsi və sərkərdəliyi, ordumuzun rəşadəti,
xalqımızın birliyi nəticəsində 30 illik işğala son qoyulub. Müharibədə
qazanılan möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazılıb.
ƏÜO-nun şəxsi heyəti “Biz qəhrəman əsgər və zabitlərimiz hesabına qələbə
qazanmışıq”, – deyən İlham Əliyevin Prezident seçilməsinin 20-ci ildönümünü
bayram əhvali-ruhiyyəsi ilə qeyd edir və onun Ali Baş Komandanlığı altında
xidmət etmək şərəfinin yaratdığı qürur hisslərini nümayiş etdiririk”, – deyə
nazirlikdən bildirilib.
ƏÜO-da Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti
seçilməsinin 20 illiyi ilə əlaqədar keçirilən silsilə tədbirlərin davamı olaraq
xüsusi təyinatlılarımız Naxçıvan Muxtar Respublikasının ən hündür nöqtəsi olan
Qapıcıq zirvəsinə yürüş ediblər.
Çətin dağ aşırımlarından keçərək Ordubad rayonu ərazisində yerləşən və
hündürlüyü 3905 metr olan Qapıcıq zirvəsinə qalxan xüsusi təyinatlılar
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin
Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətinin 20 ilini tərənnüm edən və
üzərinə dəmir yumruğun əks olunduğu lövhəni qaya üzərində bərkidiblər.