b38a8334-57f1-4745-9552-e7e0c8ccb9ab..jpg

Yalançı, saxtakar Tehran rejimi, ABŞ-yə yaltaqlanan İran XİN başçısı – ŞƏRH + FOTO

Baxış sayı: 1. 014 dəfə baxılıb.

Yalançı, saxtakar Tehran rejimi, ABŞ-yə yaltaqlanan İran XİN başçısı – ŞƏRH +
FOTO

İran hakimiyyəti ictimaiyyəti aldatmaq məqsədilə uzun illərdir müxtəlif
məsələlərlə bağlı yalan vədlər verir. Ölkədə ABŞ və onun müttəfiqləri ilə
münasibətlərin normallaşmasını istəyənlərin sayı artmaqdadır. Tehran rejimi bu
sosial sifarişi bildiyindən Vaşinqtonla təmaslarının olduğuna dair yalan
açıqlamalar verməklə təşəbbüsü ələ keçirməyə cəhd göstərir.

İran hakimiyyəti ABŞ də daxil olmaqla “altılıq” ölkələri ilə nüvə proqramına
dair Əhatəli Razılaşma Müqaviləsinin bərpası istiqamətində son mərhələdə
olduqlarını açıqlayır. Dövlət Departamenti isə İranın bu yalanını təkzib edir.
Bu günlərdə İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian bildirib ki, ABŞ
ilə məhbusların mübadiləsi üzrə razılıq əldə ediblər və məsələ yaxın günlərdə
reallaşacaq. İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani nazirin
danışdığı yalana yön verməyə çalışıb və bildirib ki, ABŞ ilə danışıqlar
vasitəçilərlə davam edir. Fikrimizcə, sözçü kimi nazir də belə açıqlaya
bilərdi. ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays da məsələyə dair açıqlama
verərək rəsmi Tehranın iddialarını təkzib edib: “İran hakimiyyəti nağıl
uydurmaqdan əl çəkmir. Onların bu son nağılları məhbusların ailələrinin
məyusluğuna səbəb olacaq”.

Hüseyn Əmir-Abdullahianın yalan açıqlaması ABŞ-yə yaltaqlıq kimi də
dəyərləndirilə, yaxud Ağ Evlə münasibət qurmaq üçün ismarış da sayıla bilər…

Qeyd edək ki, ABŞ-də sanksiyaları pozmaqda təqsirli bilinən İranın azı üç
vətəndaşı casusluq ittihamı ilə həbsdədir. İranla ABŞ arasında məhbus
mübadiləsi sonuncu dəfə 2020-ci ilin iyun ayında keçirilib. 2020-ci ilin
oktyabrında isə İranda casusluqda təqsirli bilinərək 10 il müddətinə azadlıqdan
məhrum edilmiş 85 yaşlı, İran və ABŞ vətəndaşı Məhəmməd Baqer Namazi “humanitar
səbəbdən” sərbəst buraxılmışdı. Ancaq onun oğlu Siyamək Namazi casusluq
ittihamı ilə hələ də İranda həbsdədir.

Ümumiyyətlə, Tehran rejimi xarici ölkə vətəndaşlarına qarşı daha sərt
davranır. 2023-cü ilin yanvarında İran-Britaniya ikili vətəndaşlığı olmuş
Əlirza Əkbəri barəsində çıxarılan edam hökmü icra edildi. Qeyd edək ki, Əlirza
Əkbəri Ali Milli Təhlükəsizlik Şurasının katibi, keçmiş müdafiə naziri Əli
Şamxaninin yaxın adamı, nazir olanda isə müşaviri və müavini olmuşdu. Əlirza
Əkbəri on il əvvəl Böyük Britaniya vətəndaşlığını qəbul etmişdi. O, 2018-ci
ildə “Britaniyaya casusluq” ittihamı ilə həbs edilmişdi. Bu günlərdə isə İran
hakimiyyəti İsveç vətəndaşı, Əhvazın Azadlığı uğrunda Ərəb Hərəkatının keçmiş
lideri Həbib Əssyudi barəsində ölüm hökmü çıxarıb. Məlumata görə, o, 2020-ci
ilin noyabrında Türkiyəyə səfəri zamanı İran təhlükəsizlik qüvvələri tərəfindən
oğurlanaraq İrana aparılıb. İsveçin xarici işlər naziri Tobias Bilstrem Həbib
Fərəcullah Şaabın (Əssyudi) işi üzrə Tehran rejiminin uyğun qurumları ilə təmas
saxladıqlarını bildirib: “Edam qeyri-insani və dönməz cəzadır. Ölkəmiz
istənilən vəziyyətdə onun tətbiqini pisləyir”. İran hakimiyyəti onu Xuzistan
əyalətində “terror aktlarını təşkil etməkdə” günahlandırır. İran və Almaniya
vətəndaşı Cəmşid Şarməhd barəsində də edam hökmü çıxarılıb. Bildirilib ki,
rejimin təhlükəsizlik qurumlarının əməkdaşları 67 yaşlı Şarməhdi 2019-cu ilin
avqustunda Almaniyadan Hindistana səfər edərkən Dubaya üç günlük ziyarəti
zamanı oğurlayıb. 2020-ci ilin dekabrında isə “Amada News”un qurucusu Ruhullah
Zam Fransadan oğurlanaraq edam edilib.

Yeri gəlmişkən, bu günlərdə Tehran rejimi Əhvazda ərəblərin hüquqlarını
müdafiə edən altı nəfər barəsində edam hökmü çıxarıb. Məlumata görə, onlardan
biri Əli Müqəddəmdən etiraf almaq üçün həyat yoldaşı və övladının gözü
qarşısında ona işgəncə verilib. Əhvazın Azadlığı uğrunda Ərəb Hərəkatının edama
məhkum edilən altı üzvü “separatçı qruplaşmaya rəhbərlik etməkdə”, həmçinin
Xuzistan əyalətində “çoxsaylı terror əməliyyatları” təşkil etməkdə ittiham
olunublar.

Bu İran rejimidir – ABŞ ilə əlaqələrinin olduğunu cəmiyyətə yalan deməklə
özünü güclü göstərməyə çalışan qeyri-legitim hakimiyyət. Bu, böyüklər önündə
daim qulluq göstərməyə çalışan rejimdir. Onun təməli belə qurulub. Pəhləvilərə
qarşı olduqlarını bildirsələr də, böyük dövlətlərə yarınmaları ilə onları
yamsılayırlar. Elə Ağ Evin nümayəndələri ilə təmasda olduqlarını deməklə də
cəmiyyətin ABŞ-yə və Qərb ölkələrinə olan rəğbətindən sui-istifadə etmək
istəyirlər. Bununla da cəmiyyətin həmin təbəqəsinə sanki “sizin güvəndiyiniz və
arxalandığınız ABŞ və Qərb ölkələri bizimlə müzakirə aparır” kimi ismarışını
verirlər. İran hakimiyyəti 44 ildir cəmiyyətə yalan danışır…

Yuxarıda sadaladığımız faktlarla Tehran rejimi terrorçu və insan oğrusu
olduğunu da isbatlayır. Azərbaycan vətəndaşı Fərid Səfərli də İranda itkin
düşüb. Kim zəmanət verə bilər ki, onu oğurlamayıblar? Onun həyatının təhlükə
qarşısında olduğu istisna deyil. Xarici ölkə vətəndaşlarına qarşı amansızlıq
edən bir rejimin girovluğunda olan Fərid Səfərlinin taleyinə beynəlxalq
ictimaiyyətin də münasibət bildirməsi vacibdir. Çünki terrorçuluğa və
beynəlxalq cinayətə qarşı mübarizə qlobal bir hadisədir. Tehran rejimi bunların
hər ikisi ilə məşğuldur…

“Report” İnformasiya Agentliyi

Source link