Yalandan söz verib 38 min manatını aldı
Şirvan Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Zəfər Kərəmovun
(şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası
başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Abdullayevin sədrliyi ilə
keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilib, Kürdəmir Rayon Məhkəməsinin
çıxardığı hökm dəyişdirilib.
Belə ki, Zəfər Kərəmovun 3 il müddətinə azadlığın məhdudlaşdırılması (şərti)
cəzası yüngülləşdirilib və bir il müddətinə azadlığın məhdudlaşdırılması cəzası
həddinədək azaldılıb.
İttihama görə, Zəfər Kərəmov tamah niyyəti ilə etibardan sui-istifadə etmə və
aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə,
tanışı, özünü vəzifəli şəxs kimi təqdim edən Sahil Həsənovla (şərti) qabaqcadan
əlbir olan bir qrup şəxs halında birləşib. O, zərərçəkmiş Mahir Habilovun
(şərti) etibarından sui-istifadə edərək, vahid niyyətlə 38 000 manat
müqabilində onun oğlunu rayon polis şöbəsinin istintaq bölməsinin icraatında
istintaq olunan cinayət işi üzrə həbsdən azad etdirəcəyinə yalandan vədlər
verib. Zəfər bu yolla zərərçəkmiş şəxsi aldadıb, 2022-ci ilin iyun-iyul
aylarında ümumilikdə ondan xeyli miqdarda, yəni 38 000 manat pulu dələduzluq
yolu ilə ələ keçirib.