RenTV kanalı “Şeremetovo” hava limanına qəza enişi etmiş yanan təyyarənin pilotunun dispetçerlə danışıqlarını dərc edib.
Təyyarəni ildırım vurduqdan sonra pilot Denis Yevdokimov təyyarəyə ciddi ziyan dəydiyini bildirsə də, bunu kritik dərəcədə qiymətləndirməyib. Ekipaj yerə Pan-Pan siqnalı göndərib. Bu siqnal o deməkdir ki, təyyarəyə ziyan dəyib, lakin kömək lazım deyil.
“Geri dönüş izni istəyirik. Radioəlaqə itib, təyyarəni ildırım vurub, yanır”,- deyə komandir bildirib.
Pilotla işləyən dispetçer bu barədə həmkarlarına məlumat verib.
Bundan sonra pilot ilk dəfədən eniş edə bilməyəcəyini deyib. Dispetçerin “kömək lazımdırmı? ”sualına “o hər şey qaydasındadır, köməyə ehtiyac yoxdur” cavabını verib. Pilot avtomatik idarəetmədə problemlərin olduğunu əlavə edib.
Ekipaj təyyarənin uçuş yüksəkliyini azaldıb. Pilot təyyarənin uçuş zolağına girməsinə hazır olduqlarını təsdiqləməyib. Dispetçer pilotun səsinin eşidilmədiyini qeyd edib. Bir qədər sonra ekipaj cihazlara əsaslanaraq eniş etməyə qərar verib. “Şeremetovo” dairəsi sektoruna xidmət edən dispetçer aeroportun qülləsindən təyyarənin idarəsini həmkarlarına verib.
Pilot kömək istəyib. Qüllə ekipajın uçuş zolağına daxil olmasına yardım edib. Qəza xidməti də uçuş zolağına çağrılıb.
Bu andan etibarən danışıqlar kəsilib. Dispetçer təlimatlar versə də, ekipaj bunu eşitməyib.
Dispetçer pilotdan təyyarəni idarə edə bildiyini soruşduğu anda laynerdə partlayış baş verib.
Qeyd edək ki, mayın 5-də Rusiyanın Murmansk vilayətindən gələn “Aeroflot” aviaşirkətinə məxsus Sukhoi Superjet 100 (SSJ-100) sərnişin təyyarəsi paytaxt Moskvanın “Şeremetevo” hava limanına qəza enişini edən zaman yanmağa başlayıb. Qəza nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb. Ölənlərdən biri ekipaj üzvüdür. Qəzadan yalnız 33 sərnişin və dörd ekipaj üzvü sağ çıxıb.