Ötən gün Ağac Emalı Zavodunun (hazırda fəaliyyət göstərmir) təxminən 500 m2 ərazisində işlənmiş avtomobil şinləri yanıb. Nəticədə havaya qatı tüstü yayılıb ki, bu da havanının çirklənməsinə səbəb olub.
Statistikaya əsasən, Azərbaycanda bir milyondan artıq avtomobil qeydə alınıb. Təxminən bir neçə il istifadədən sonra avtomobil şinləri (işlənmiş təkər) dəyişdirilir. Köhnə təkərlərə Bakının müxtəlif yerlərində təkər “qəbiristanlığı” deyilən ərazilərdə də rast gəlmək mümkündür.
Bu avtomobil şinləri yenidən emal edilmədiyi üçün onlar saxlanıldığı ərazilərdə təhlükəsizlik qaydalarına riayət edilmədən yandırılır. Təbii ki, təkərin tərkibi müxtəlif kimyəvi maddələrdən ibarətdir və yandırılarkən ətrafa yayılan tüstü insanlar üçün ciddi təhlükəyə səbəb olur.
Bəs, bu avtomobil şinlərinin yenidən emal edilməsi mümkündürmü? Onlar yandırılan zaman atmosferin çirklənməsinə səbəb olurmu?
ÇıxışYolu.Com məsələ ilə bağlı ətraflı araşdırma aparıb.
Paytaxt ərazisində əmələ gələn bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi sistemini müasir standartlara uyğun qurmaq və idarə etməklə şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması işləri “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilir.
“Təmiz Şəhər” ASC-nin mətbuat xidmətinin rəhbəri Elmar Məlikovun sözlərinə görə, köhnə avtomobil şinlərinin yenidən emalı ilə bağlı hələ ki addımlar atılmayıb:
“Tullantıların arasında işlənilmiş təkərlər gətirilir, amma hazırda bizdə onun emalı olmadığı üçün onların çeşidlənməsinə də maraq yoxdur. Gələcəkdə rezident olsa, onlar çeşidlənəcək və yenidən emal olunacaq”.
Elmar Məlikov qeyd edib ki, tullantıların təkrar emala göndərilməsi yalnız Balaxanı Sənaye Parkındadır:
“Orada işlənmiş mühərrik yağlarının, tullantı plastik butulkaların, kağız-karton məmulatların, tullantı plastik materiallarının, süngər tullantılarının təkrar emalı sahələri üzrə beş rezidenti fəaliyyət göstərir”.
Dünya ölkələrində isə istifadəsiz avtomobil təkərləri yığılaraq yenidən emal edilir və yol salınmasında istifadə olunur. Səbəb isə köhnə təkərlərin təbii yolla eroziyaya uğramasının uzun illər çəkməsi və torpağı yararsız vəziyyətə salmasıdır.
Təbii ki, şinlərin yandırılması havanın çirklənməsinə səbəb olur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova ÇıxışYolu.Com-a açıqlamasında bildirib ki, ötən gün təkər şinlərinin yanması nəticəsində atmosferə atılan müxtəlif mənşəli zərərli maddələrin miqdarının dəfələrlə çox olduğu müəyyən edilib:
“Binəqədi rayonu 7-ci mikrorayon ərazisində işlənmiş avtomobil şinlərinin yanması nəticəsində atmosferə atılan tullantıların çirklənmə səviyyəsini müəyyən etmək məqsədilə Nazirliyin mütəxəssisləri tərəfindən sözügedən ərazinin atmosfer havasından nümunələr götürülərək fiziki-kimyəvi analizlər aparılıb.
Analizlərin nəticələrinə görə atmosferə atılan müxtəlif mənşəli karbohidrogen birləşmələri, his, dəm qazı, kükürd oksidləri kimi zərərli maddələrin miqdarının dəfələrlə çox olduğu müəyyən edilib. Faktla bağlı akt və protokol tərtib edilib. Hazırda ətraf mühitə dəymiş ziyanla bağlı iddia və cərimə qərarının qəbul edilməsi istiqamətində tədbirlər görülür”.
İradə İbrahimova qeyd edib ki, Azərbaycanda atmosfer çirklənməsi əsasən istehsalat sahələrindən, zavodlardan, fabriklərdən, avtomobillərdən atılan tullantılar, eyni zamanda məişət və sənaye tullantılları, məsələn rezin və şinlərin yandırılması səbəb olur.
Bakı ərazisində əmələgəlmə mənbəyindən asılı olmayaraq, bütün bərk məişət tullantılarının yığılması, daşınması Bakı Şəhər İcra Hakimiyyətinə səlahiyyətində qalır. Məsələ barədə qurumla əlaqə saxlasaq da telefonlarımıza cavab verilmədi.
Məsələnin iqtisadi tərəfi də var. Məsələn, Azərbaycana köhnə təkərlər də digər ölkədən gətirilir ki, bu zaman valyutanın xaricə axını baş verir.
İqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, Azərbaycanda sənaye üsulu ilə köhnə təkərlərin yenidən emal edilməsi demək olar ki, yox dərəcəsindədir:
“Bəzi kiçik müəssisələr köhnə təkərləri alır və onları üzlüyərək işlənmiş və ya yeni təkər adlı ilə bazara çatışa çıxarırlar. Amma bunun sənaye tələblərinə uyğun istehsal edilməsi yoxdur.
Sovet dövründə Azərbaycanda şin istehsalı zavodu mövcud olub, amma bu müəssisə keçmiş SSRİ dağılandan fəaliyyət göstərmədi. Sənaye üsulu ilə belə bir istehsalın Azərbaycanda ləğv edilməsi təəssüf hissi doğurur. Çünki biz neft ölkəsiyik və şinlərin istehsalında əsas komponentdə neftdə alınan məhsullardır. Belə bir emaldan sonra onun bazara çıxarılması daha gəlirlidir. Təəssüf ki, bu sahəyə diqqət yetirilmir”.
Ekspert bildirib ki, Azərbaycanda təqribən bir milyon 200 minə yaxın nəqliyyat vasitəsi var:
“Hazırda onların istifadə etdiyi təkərlərin sayı dörd milyon yarıma yaxındır. Sürücülər il ərzində avtomobillərinin təkərini dəyişmək məcburiyyətində qalır ki, bu da milyonlarla dollarlıq vəsaitin xaricə axmasına və xaricdən şinlərin gətirilməsinə səbəb olur.
Köhnə təkərlərin yenidən emal daha məqsədəuyğundur. Bu sahə gəlirli sahədir. Köhnə şinlərin üzlənməsi, emalı, istehsala qaytarılması sənaye üsulu və geniş yatırımlar şəkilində baş versə daha məntiqli və dayanıqlı olar”.
Qeyd edək ki, Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il tarixli Qərarına əsasən, 2018-ci ilin yanvar ayının 1-dən etibarən ölkəyə gətirilən bərpa edilmiş şinlərə) yeni gömrük rüsumları tətbiq edilib. Azərbaycan bu ildən işlənmiş avtomobil təkərlərinin idxalı üzrə gömrük rüsumunu 3 ABŞ dollarından 10 dollara qaldırılıb.
İlhamə Əbülfət
www.ÇıxışYolu.Com