cc0bc29d-b6d8-4334-8480-fb038123822a..jpg

Yaponiya səfirliyi Yardımlıda ailə-sağlamlıq mərkəzinin tikintisi layihəsinə qrant ayıracaq – FOTO

Baxış sayı: 566 dəfə baxılıb.

Yaponiya səfirliyi Yardımlıda ailə-sağlamlıq mərkəzinin tikintisi layihəsinə
qrant ayıracaq – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yaponiyanın Azərbaycandakı səfiri Vada Cuniçi və “Yardımlı rayonunda
ailə-sağlamlıq mərkəzinin tikintisi” layihəsinin benefisiar təşkilatı qismində
çıxış edən Yardımlı Rayon Mərkəzi Xəstəxanası arasında qrant müqaviləsi
imzalanıb.

Bu barədə Yaponiya səfirliyi məlumat yayıb.

Bildirilib ki, Yardımlı Rayon Mərkəzi Xəstəxanasının rəhbəri Rasim Əkbərov və
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nümayəndələri həmin
mərasimdə iştirak ediblər.

Bu layihədə Yardımlı rayonunun Çanaxbulaq kəndində ailə-sağlamlıq mərkəzinin
(ASM) tikintisi planlaşdırılır. Sahəsi 242 kv.m olacaq mərkəzdə iki ailə həkimi
otağı, bir prosedur otağı, bir hamilə nəzarəti və reproduktiv sağlamlıq otağı,
bir çoxtəyinatlı teletibb otağı, bir laboratoriya, bir pediatr otağı, bir
peyvənd və uşaq gözləmə otağı, bir diş həkimi otağı, bir mətbəx və istirahət
otağı, bir qarderob, bir təsərrüfat otağı, iki sanitar qovşağı olacaq.

Layihənin icrası nəticəsində indiyədək ucqar ərazilərdən rayon mərkəzi
xəstəxanalarına getmək məcburiyyətində olan pasiyentlər (orta və ağır dərəcəli
pasiyentlər istisna olmaqla) yeni tikiləcək ASM-də lazımi tibbi yardımı ala
biləcəklər. Beləliklə, hədəf bölgəsi olan 15 kəndin əhalisinin tibbi xidmətə
əlçatanlığının daha da yaxşılaşdırılmasının təmin edilməsi gözlənilir. Bu
layihənin icrası üçün Yaponiya hökuməti 90 000 ABŞ dolları (təqribən 152 100
AZN) məbləğində qrant ayırıb.

Source link