Yaqub Zurufçunun həyat yoldaşı: “Mahnılarını heç kim icazəsiz oxuya bilməz,
artıq şəhadətnamə almışıq”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Yaqub Zurufçunun mahnılarını Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan
keçirirəm. Bizim əlimizdə şəhadətnamə var. Çünki Yaqub bəy bütün əmlakını
oğluna və mənə həvalə etdiyinə görə hüquqlar da biz tərəfdən qorunur”.
Bunu Moderator.az-a açıqlamasında böyük sənətkar, məşhur müğənni Yaqub
Zurufçunun həyat yoldaşı Aynur Zurufçu deyib.
O daha sonra əlavə edib:
“Mahnının müəllifi var. Müəllif dünyadan köçübsə, onun varisləri var,
hüquqlarını qoruyan şirkət var. Hər-hansısa musiqiyə müraciət etməmişdən öncə
onun icazəsi alınmalıdır. Mən klassik musiqilərdən danışmıram. Bu, dünyanın hər
yerində belədir. İcazə alınmayıb oxunulubsa, bunun özü bir hörmətsizlik,
bilgisizlikdir.
Məlumatsızlıqdan belə hallar baş verir. Məlumat verəndə yenə də pis sən
olursan. Mahnının müəllifi və varisləri icazə vermirsə oxunmamalıdır. Buna da
əks münasibət göstərmək, əsəbiləşməyin özü də müəllif sahibinə qarşı
mədəniyyətsizlikdir. Yavaş-yavaş artıq Yaqub bəyin bütün musiqilərini
qeydiyyatdan keçirəcəyəm. Hələlik “Dəniz” mahnısı üçün müraciət edib,
şəhadətnamə almışam. Şəhadətnamə alandan sonra bunu televiziyalara vermək
istəyirəm ki, bilinsin mahnının müəllifi var. Gəlib-gedən, hər yoldan ötən bu
mahnıları oxuya bilməz. Zatən Yaqub bəyin “YouTube” səhifəsində, digər musiqi
platformalarda rəqəmsal formada yayımlanır. Nə qədər ki mən həyatdayam, bu işlə
ciddi məşğul olacağam”.
Aynur xanım bildirib ki, Yaqub Zurufçu hər zaman qalmaqallardan uzaq durub.
“Bir-iki dəfə belə bir məsələ olmuşdu. Mən bir az çılğın insanam, reaksiyam
fərqli olurdu. Yaqub bəy çox sakit, mədəni, təmkinlə deyirdi ki, nə qədər ki
insan məşhur olacaq, belə qalmaqallar, söz-söhbətlər də baş verəcək. Məsələ o
vaxt şişir ki, sən ona reaksiya verirsən. Belə bir məsəl də var ki, sözü kim
böyüdər? Əlbəttə ki, yiyəsi. O, həddindən artıq mülayim insan idi. Sözünü,
yerini, danışığını bilən adam idi. Mənə də həmişə təmkin, səbir arzulayırdı”, –
deyə sənətkarın həyat yoldaşı bildirib.