37f3c9df-e0cf-4356-8c10-93fc119bcac4..jpg

YARAT Müasir İncəsənət Mərkəzində “Natiq” ritm qrupu ilə görüş keçirilib – FOTO

Baxış sayı: 545 dəfə baxılıb.

YARAT Müasir İncəsənət Mərkəzində “Natiq” ritm qrupu ilə görüş keçirilib – FOTO

Avqustun 23-də YARAT Müasir İncəsənət Mərkəzində Azərbaycan Respublikası
Mədəniyyət Nazirliyinin dəstəyi, “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə
Azərbaycan Respublikasının Xalq artisti Natiq Şirinov və onun rəhbərlik etdiyi
“Natiq” ritm qrupu ilə gənclərin görüşü keçirilib.

Cixisyolu.com xəbər verir ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü
ildönümünə həsr olunmuş “MədəniyyətimİZ” layihəsi çərçivəsində baş tutan
tədbirin əvvəlində ulu öndər Heydər Əliyev və Vətənimizin azadlığı və
suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik
sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan “MədəniyyətimİZ” layihəsinin koordinatoru Riad
Cəbrayılov qeyd edib ki, “Heydər Əliyev İli”nə həsr olunmuş layihə çərçivəsində
mütəmadi olaraq mədəniyyət xadimləri ilə maarifləndirici və interaktiv görüşlər
keçirilir. Bildirilib ki, ictimai, mədəni və sosial layihələrin hazırlanması,
işlənməsi istiqamətində yaradıcı gənclərin iştirakçılıq potensialının
artırılması baxımından “MədəniyyətimİZ” layihəsi çərçivəsində keçirilən
tədbirlər olduqca unikal və bu sahədə müxtəlif vəzifələrin icrasına müvafiq
şəraiti yaradacaq amilə çevrilib.

Ölkəmizdə yaradıcı mədəniyyət sənayelərinin inkişafının məhz ümummilli lider
Heydər Əliyevin adı ilə bağlı olmasını qeyd edən Riad Cəbrayılov hal-hazırda bu
istiqamətdə görülən irimiqyaslı layihələrdən, ölkə başçısının bu sahəyə böyük
diqqət və qayğısından, beynəlxalq mədəniyyət tədbirlərinin ölkəmizdə təşkilinin
əhəmiyyətindən danışıb.

Daha sonra Xalq artisti Natiq Şirinov və “Natiq” ritm qrupu geniş təqdimatla
çıxış ediblər. Xalq artisti ulu öndər Heydər Əliyevin zəngin Azərbaycan
tarixinin, musiqi mədəniyyətinin inkişafında rolundan, ölkə gənclərinin mədəni
maarifləndirilməsi üçün yaradılan şəraitdən söhbət açıb. Azərbaycan peşəkar
musiqi mədəniyyətinin, habelə milli ritm sənətimizin dünya ictimaiyyətinə
düzgün təbliği və bu prosesdə vətəndaşlarımızın mövqeyi, o cümlədən kreativ
təşəbbüskarlığı məsələləri görüş ərzində geniş müzakirə olunub.

Tədbir “Azərbaycan peşəkar musiqi mədəniyyətinin dünya ictimaiyyətinə
tanıdılması amilləri”, “Müasir gənclik: milli-mənəvi və tarixi dəyərlərimiz” və
“Milli ritm sənəti: dünənimiz, bu günümüz, sabahımız” mövzularında panel
müzakirə ilə davam edib. Tədbirin davamında auditoriyanın çoxsaylı sualları
cavablandırılıb.

Görüşün bədii hissəsində “Natiq” ritm qrupunun ifasında “Atəşgah”, “Sarı
gəlin” və “Qarabağ” kompozisiyaları, həmçinin müxtəlif ekspromt ritm
eksperimentləri tamaşaçılara təqdim olunub. Sonda xatirə fotosu çəkdirilib.

Qeyd edək ki, “MədəniyyətimİZ” layihəsinin əsas məqsədi “Heydər Əliyev İli”
çərçivəsində ümummilli lider Heydər Əliyevin həyat fəaliyyətinin öyrənilməsi,
habelə, ölkə mədəniyyətinin inkişafı istiqamətində gənclərin iştirakçılığını
artırmaqdır.

Source link