YARAT Müasir İncəsənət Mərkəzində Şəmistan Əlizamanlı ilə görüş keçirilib –
FOTO
Sentyabrın 30-da YARAT Müasir İncəsənət Mərkəzində Mədəniyyət Nazirliyinin
dəstəyi, “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycanın tanınmış
hərbi diktoru Şəmistan Əlizamanlı ilə görüş keçirilib.
Cixisyolu.com xəbər verir ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü
ildönümünə həsr olunmuş “MədəniyyətimİZ” layihəsi çərçivəsində baş tutan
tədbirdə şəhid ailələrinin üzvləri, qazilər, gənclər təşkilatlarının
nümayəndələri və gənclər iştirak ediblər. Görüşün əvvəlində ulu öndər Heydər
Əliyev və Vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçən
şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“İRƏLİ” İctimai Birliyinin sədri Şahin Rəhmanlı açılış nitqi ilə çıxış edərək
“MədəniyyətimİZ” layihəsi çərçivəsində baş tutan görüşün YARAT Müasir İncəsənət
Mərkəzində keçirilməsinə görə minnətdarlığını bildirib. Birgə əməkdaşlıqdan
məmnunluğunu ifadə edən Şahin Rəhmanlı qeyd edib ki, 2023-cü il “Heydər Əliyev
İli”nə həsr olunmuş layihə çərçivəsində mütəmadi olaraq mədəniyyət xadimləri
ilə maarifləndirici və interaktiv görüşlər keçirilir.
Diqqətə çatdırılıb ki, ictimai, mədəni və sosial layihələrin hazırlanmasında
gənclərin iştirakçılığının artırılması baxımından “MədəniyyətimİZ” layihəsi
çərçivəsində keçirilən tədbirlər olduqca unikal və bu sahədə müxtəlif
vəzifələrin icrasına müvafiq şəraiti yaradacaq amilə çevrilib. Layihə
çərçivəsində keçiriləcək görüşlərin il ərzində davam edəcəyi vurğulanıb.
Daha sonra hərbi diktor Şəmistan Əlizamanlı geniş təqdimatla çıxış edib. O ulu
öndər Heydər Əliyevin ordu quruculuğuna ayırdığı xüsusi diqqət və qayğıdan,
zəngin Azərbaycan tarixinin, musiqi mədəniyyətinin inkişafında rolundan, ölkə
gənclərinin mədəni maarifləndirilməsi, habelə onların vətənpərvər ruhda
yetişməsi üçün görülən tədbirlərdən söhbət açıb. Hərbi-vətənpərvərlik
mövzularında yaranan musiqi və ekran əsərlərinin əhəmiyyəti, eləcə də, bu
sahədə gənclərin təşəbbüskarlığı görüş ərzində geniş müzakirə olunub.
Tədbir “Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsi və milli
ideologiya”, “Hərbi vətənpərvərlik nəğmələrinin təbliği və gənclərin
tərbiyəsindəki rolu” və “Şanlı Azərbaycan Ordusu: dünənimiz, bu günümüz,
sabahımız” mövzularında panel müzakirə ilə davam edib. Tədbirin davamında
auditoriyanın çoxsaylı sualları cavablandırılıb.
Görüşün bədii hissəsində Şəmistan Əlizamanlının ifasında “Cənab leytenant”,
“Əsgər marşı”, “Azərbaycan əsgəri”, “Can Azərbaycan” kimi sevilən nəğmələr,
həmçinin gənc musiqiçi Məbud Əhmədovun ifasında “Qarabağ” mahnısı təqdim olunub.
Qeyd edək ki, “MədəniyyətimİZ” layihəsinin əsas məqsədi “Heydər Əliyev İli”
çərçivəsində ümummilli lider Heydər Əliyevin həyat fəaliyyətinin öyrənilməsi,
habelə ölkə mədəniyyətinin inkişafı istiqamətində gənclərin iştirakçılığını
artırmaqdır.