3b3fbaa9-3550-4213-baf9-7714dde3128c..jpg

Yaratdığı erməni obrazına görə başı bəlalar çəkən Məlik Dadaşovun anım günüdür – FOTO/VİDEO

Baxış sayı: 587 dəfə baxılıb.

Yaratdığı erməni obrazına görə başı bəlalar çəkən Məlik Dadaşovun anım günüdür
– FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Xalq artisti, teatr və kino aktyoru Məlik Dadaşovun anım günüdür.

Cixisyolu.com xatırladır ki, Məlik Dadaşov 1924-cü ildə Bakıda doğulub. 1950-ci ildə
Azərbaycan Teatr İnstitutunu (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universiteti – red.) bitirdikdən sonra M.Əzizbəyov adına Akademik Dram
Teatrında işə başlayıb və burada ilk dəfə “Ailə namusu” pyesində oynayıb.

Onun yaradıcılığının başlanğıcı Azərbaycan milli teatr sənətinin güclü inkişaf
dövrünə təsadüf edib. Məlik Dadaşov Azərbaycan kinosunda yaddaşlardan
silinməyəcək obrazlar yaradıb.

M.Dadaşovun Azərbaycan aktyorluq məktəbinin formalaşmasında xüsusi xidmətləri
var. O, 35-ə yaxın bədii filmdə çəkilib.

“Axırıncı aşırım”da “Qəmlo”, “Dəli Kür”də “Molla Sadıq”, “O dünyadan salam”da
“Şeyx Nəsrullah”, “Birisi gün gecə yarısı”nda “Nəriman Nərimanov”, “Fəryad”da
“Aram Xaçaturyan” obrazları hamının yaddaşındadır.

Qeyd edək ki, M.Dadaşov “Fəryad” filmində “Armen Xaçaturyan” roluna vəfatından
üç il əvvəl çəkilib.

Ailəsi onun bu rola çəkilməsinin əleyhinə olsa da, erməni kirvənin iç üzünü
göstərməyə iddialı olan aktyor istədiyinə nail olur.

Film ekranlara çıxdıqdan sonra yaşlı bir qadın küçədə onun qarşısını kəsərək,
ünvanına təhqiramiz sözlər işlədir. Sonra da göz yaşları içərisində “axı sən
niyə o filmə çəkildin? Hər dəfə filmə baxanda özümü saxlaya bilmirəm. Həmin an
yanımda olsan, yəqin ki, səni öldürərəm” deyir. Qadın ətrafdakılara hücum edir
və “Ay camaat, bu, ermənidir”, – deyir.

Bu zaman polis əməkdaşı ondan sənədlərini tələb edir. M.Dadaşov filmdə erməni
rolunda olduğunu qeyd etdikdən sonra ondan əl çəkirlər.

O, U.Şekspirin “On ikinci gecə”, L.Tolstoyun “Canlı meyit”, S.Vurğunun “Fərhad
və Şirin”, Ş.Qurbanovun “Sənsiz”, İ.Qasımovun “Nağıl başlananda” və digər
tamaşalarda da maraqlı obrazlar yaradıb. Ömrünün son illərində S.Vurğun adına
Rus Dram Teatrında çalışıb.

Bu teatrda direktor kimi çalışdığı dövrdə teatrın repertuarı xeyli
zənginləşib, bura yeni yaradıcı qüvvələr cəlb olunublar. 1980-ci illərdən
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aktyor sənətindən
dərs də deyirdi.

M.Dadaşov 1996-cı ildə 72 yaşında Bakıda vəfat edib.


Source link