305df0ee-a924-4d6e-970a-9474af363c9e..jpg

Yarım milyon manata yaxın qızıl oğurlayanlar Ali Məhkəməyə müraciət etdilər

Baxış sayı: 541 dəfə baxılıb.

Yarım milyon manata yaxın qızıl oğurlayanlar Ali Məhkəməyə müraciət etdilər
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda vaxtilə usta işlədiyi mənzildən yarım milyon manata yaxın qızıl-zinət
əşyalarını oğurlamaqda təqsirləndirilən Babək Səmədov və Tacir Muradovun
barələrindəki hökmdən kassasiya şikayəti verilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət hakim Nazim Mövsümovun
sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclası noyabrın 29-na təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tacir Muradov və Babək Səmədov hər
biri 5 il müddətinə azadlıqdan məhrum ediliblər. Bakı Apellyasiya Məhkəməsi
şikayəti təmin etməyib.

İttihama görə, Babək Səmədov Yasamal rayonu, S.Dadaşov küçəsi, 523-cü
məhəllədəki fərdi mənzillərdən birində 2017-2020-ci illərdə təmir işləri
aparıb. Həmin zaman mənzildə dəmir seyf olduğunu görüb, ev sahibinin mənzildə
külli miqdarda pul saxladığını güman edib. Pulları ələ keçirmək barədə tanışı
Tacirlə razılığa gəlib. Onlar cinayətkar niyyətlərini həyata keçirmək üçün bir
neçə dəfə həmin ünvana gələrək kənardan müşahidə aparıblar. Oğurluq edəcəkləri
vaxtı dəqiqləşdirdikdən sonra isə dəmir seyfi kəsmək üçün avtogen aparatı və
digər əşyaları yaxınlıqdakı həyətlərdən birində yerləşdiriblər. 2022-ci il
iyunun 30-da gecə saatlarında hasardan aşaraq həyətə keçiblər. Üçmərtəbəli evin
qarajındakı pəncərənin dəmir barmaqlıqlarını lomla əydikdən sonra, mənzilə
daxil olublar. İkinci mərtəbədəki yataq otağında saxlanılan seyfi özləri ilə
gətirdikləri avtogen aparatı ilə kəsiblər. Seyfin içərisində olan 4 min dollar
pulu və 439 min manatlıq qızıl-zinət əşyalarını oğurlayıblar.

Zərərçəkmiş ifadəsində onlara dəymiş ziyanın ödənildiyini, oğurlanan əşyaların
hamısının geri qaytarıldığını, təqsirləndirilən şəxslərə qarşı şikayət və
tələbinin olmadığını, barışdıqlarını göstərib.

Source link