119c87d8-7a96-4ed0-85bf-d4a436a93268..jpg

Yaşadığı yer üzrə qeydiyyata düşmək istəyən şəxslər nə etməlidirlər? – “Kaspi”nin ARAŞDIRMASI + FOTO

Baxış sayı: 555 dəfə baxılıb.

Yaşadığı yer üzrə qeydiyyata düşmək istəyən şəxslər nə etməlidirlər? –
“Kaspi”nin ARAŞDIRMASI + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Artıq qeydiyyatı olmayan vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə müraciət edə
bilərlər. Hətta evinin çıxarışı olmayanlar belə, əllərində olan müvafiq
sənədləri təqdim etməklə qeydiyyata alınırlar.

Bakıda insanların qeydiyyatı ilə bağlı problemlər illərdir ki, bitmir. Ötən
ildən daimi qeydiyyatı olmayanlar qanuna uyğun olaraq cərimələnsə də, bu
problemin həlli yolu deyil. Çünki paytaxtda sənədsiz evlərin çox olması,
“kupça”sız yeni tikililər, müqaviləsiz verilən kirayə evlər vəziyyəti
qəlizləşdirir. Məlumdur ki, bir neçə il öncəsinə qədər, Bakıda yaşayan
vətəndaşlar yaşadığı əraziyə məsul olan polis orqanlarında qeydiyyata düşə
bilirdilər. Ötən ilin yanvar ayından etibarən, Daxili İşlər Nazirliyi (DİN)
tərəfindən vaxtilə polis orqanlarında qeydiyyata düşmüş vətəndaşların
əksəriyyəti qeydiyyatdan çıxarılıb.

Bəs hazırkı vəziyyət necədir? Vətəndaşın qeydiyyat məsələsi necə həll
olunmalıdır? Bakıda işləyib sənədsiz evlərdə, yaxud kirayə mənzillərdə
məskunlaşan əhali nə etməlidir?

“Kaspi” qəzeti mövzu ilə
bağlı məqalə dərc edib.

Hüquqşünas Sabir Qəniyev açıqlamasında bildirib ki, qanuna əsasən, müəyyən
ərazidə qeydiyyatsız yaşamaq hüquqi baxımdan doğru deyil. Vətəndaş yaşadığı yer
üzrə qeydiyyata düşmürsə və yaxud qeydiyyata alınma qaydalarını pozursa, o
zaman o, İnzibati Xətalar Məcəlləsinin 563.1-ci maddəsi ilə cərimə olunur:

“Qanuna əsasən, daimi yaşayış ünvanından kənarda yaşayan şəxsə xəbərdarlıq
edilir və ya otuz manat məbləğində cərimə olunur. Əgər vətəndaş heç bir yerdə
qeydiyyatda deyilsə, onun şəxsiyyət vəsiqəsi qüvvədə olmamış hesab olunur.
Həmin şəxs etibarnamə verə, alqı-satqı edə, notarial əməliyyatlar apara,
şəxsiyyət vəsiqəsi aktiv olmadığı üçün nikaha daxil ola, hətta nikaha xitam da
verə bilmir”.

Hüquqşünasın da açıqlaması təsdiqləyir ki, qanun qeydiyyatı olmayan vətəndaşın
hüquqlarını məhdudlaşdırır. Bəs kirayədə yaşayan minlərlə vətəndaşı əgər ev
sahibi qeydiyyata almırsa, onlar nə etməlidirlər?

O qeyd edib ki, əgər ev sahibi vətəndaşı qeydiyyata alarsa, həmin vətəndaşın
mənzildən yalnız istifadə hüququ yaranır:

“Bu barədə tövsiyəm ondan ibarətdir ki, notarial qaydada kirayə müqaviləsi
bağlanarkən, notariuslar kirayəyə verənlərdən kirayəçilərini qeydiyyata
almalarını tələb etsinlər. Yəni notariuslar yalnız bundan sonra kirayə
müqavilələrini rəsmiləşdirsinlər. Azərbaycan Notariat Palatası məsələnin həlli
üçün mexanizm müəyyənləşdirməlidir”.

Məlumdur ki, ev sahiblərinin kirayə verdikləri evdə vətəndaşı qeydiyyata
almaqla bağlı narahatlıqları kirayəçinin mülk üzərində hüququnun olması ilə
bağlıdır. Məhz o səbəbdən bir çox kirayə verən kirayəçilərini qeydiyyata
almaqdan çəkinirlər.

Hüquqşünas bildirib ki, ev sahibi qeydiyyatda olan şəxsi yalnız məhkəmə ilə
çıxara bilər:

“Məhkəməsiz inzibati qaydada şəxs qeydiyyatdan çıxarıla bilməz. Şəxs özü başqa
ünvana qeydiyyata düşməlidir ki, həmin ünvandan qeydiyyatdan çıxmış sayılsın.
Kirayə mənzillərdə yaşayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi
sadələşdirilməlidir. Qanunvericilikdə elə bir mexanizm müəyyən edilməlidir ki,
kirayə müqaviləsinin xitamı nə kirayə verəni, nə də kirayəçini narahat etsin”.

Yuxarıda da qeyd edildiyi kimi, hələ də minlərlə sakin çıxarışsız mənzillərdə
yaşayır və bu mənzillərdə vətəndaşların qeydiyyata alınması prosesi tam olaraq
həll olunmayıb.

Hüquqşünas vurğulayıb ki, sənədsiz evlərin mövcudluğu həm fərdi şəxslər, həm
də bələdiyyələr üçün problemlər yaradır:

“Çıxarışların olmaması mənzil sahibləri və onların ailə üzvlərini həmin
ünvanlarda qeydiyyata alınmaq imkanından məhrum edir. Bu hal faktiki qeydiyyat
ünvanından kənar, lakin şəxsi mülkiyyətdə olan çıxarışsız mənzillərdə yaşayan
şəxslərin İnzibati Xətalar Məcəlləsinin 563.1-ci maddəsi ilə cərimə edilməsi
riskini də labüd edir. Tövsiyə kimi qeyd edə bilərəm ki, tikintisi başa
çatmayan, lakin yaşayış olan binalarda Mülki Məcəllənin 147-ci maddəsinin
müddəaları ilə təminat qeydi alınarkən mülkiyyətçilərin və onların ailə
üzvlərinin müvəqqəti qeydiyyata alınması imkanın yaradılması təmin oluna bilər.
Bu, vətəndaşların qeydiyyat problemini keçici olsa da aradan qaldıra bilər”.

Əmlak eksperti Elnur Fərzəliyev isə mövzu ilə bağlı bildirib ki, artıq
insanlar “ASAN xidmət” mərkəzlərində, rahatlıqla qeydiyyat problemlərini həll
edə bilərlər:

“Ölkəmizin böyük şəhərlərində, xüsusilə də paytaxt Bakı və Abşeron rayonu
ərazilərində yüz minlərlə çıxarışı olmayan fərdi həyət evləri var. Hazırda bu
məsələ həllini tapmaq üzrədir. Artıq qeydiyyatı olmayan vətəndaşlar “ASAN
xidmət” mərkəzlərinə müraciət edə bilərlər. Hətta evinin çıxarışı olmayanlar
belə, əlində olan müvafiq sənədləri təqdim edir, araşdırma aparılır, araşdırma
yekunlaşdıqdan sonra həmin vətəndaş müvafiq qaydada qeydiyyata alınır. Əgər
vətəndaşın heç bir əmlakı yoxdursa, yenə “ASAN xidmət” mərkəzinə müraciət edir,
araşdırma aparılır, araşdırma yekunlaşdıqdan sonra vətəndaş ərazi üzrə polis
şöbəsinə qeydiyyata alınır”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən də bildirilib ki, vətəndaşlar
yaşayış yeri üzrə qeydiyyat məsələləri ilə bağlı “ASAN xidmət” mərkəzlərinə
müraciət edə bilərlər. Qeydiyyat məsələləri ilə yanaşı, şəxsiyyət vəsiqəsinin
etibarlılıq müddəti bitən, 18 yaşı tamam olan vətəndaşların yeni sənədlərlə
bağlı müraciətləri qəbul edilir, müəyyən edilən müddət ərzində sorğular
cavablandırılır. Daxili İşlər Nazirliyi tərəfindən vətəndaşların bütün
müraciətləri diqqətdə saxlanılmaqla qanunamüvafiq tədbirlərin görülməsi təmin
edilir.

Source link