Yasamalda 33 kiloqram narkotik dövriyyədən çıxarılıb – VİDEO
Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar
zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən paytaxt sakinləri
Loğman Mirzəzadə, Elbrus Hüseynov, Ələkbər Adıgözəlov, İlahə Hüseynova və
Rövşən Vəliyev saxlanılıblar.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, şəxslərdən 20 kiloqram tərkibi psixotrop maddələrlə
zənginləşdirilmiş marixuana, 3 kiloqram heroin və metamfetamin aşkar edilib.
Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarının son 15 gündə həyata keçirdikləri
silsilə əməliyyatlar zamanı isə narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən
51 nəfər saxlanılıb. Onlardan ümumilikdə 33 kiloqram müxtəlif xassəli narkotik
vasitə, psixotrop maddə, elektron tərəzilər və satışı qadağan edilən həblər
aşkar olunub. Polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə
qarşı mübarizə tədbirləri davam etdirilir.