Yaşar Bəşirov Dünya Şotokan Federasiyasına I vitse-prezident təyin edildi

Baxış sayı: 1. 979 dəfə baxılıb.

Yaşar Bəşirov Dünya Şotokan Federasiyasına I vitse-prezident təyin edildi

Azərbaycan Milli Karate Federasiyasının (AMKF) prezidenti Yaşar Bəşirov daha bir təşkilatın məsul vəzifəsində çalışacaq. 

ÇıxışYolu.Com xəbər verir ki, o, artıq Dünya Karate Federasiyası (WKF) tərəfindən rəsmən tanınan Dünya Şotokan Federasiyasının (WSF) I vitse-prezidenti təyin edilib.

WKF-in prezidenti Antonio Espinosun göstərişi ilə təyin edilən rəhbərlik heyətinə Türkiyə Karate Federasiyasının (TKF) prezidenti Əsəd Dəlihasan başçılıq edəcək. A.Espinos, Ə.Dəlihasan və Y.Bəşirovun iştirakı ilə yığıncaqda 2009-cu ildə yaradılan WSF-in yeni İdarə Heyətinin üzvləri seçilib.

Rumıniya Karate Federasiyasının prezidenti Adrian Popesku WSF başçısının köməkçisi, Gürcüstan Karate Federasiyasının prezidenti Kaxa Basiliya II vitse-prezident, TKF-in rəsmilərindən Hayrettin Hamurçu III vitse-prezident, Ərcümənt Taşdəmir isə baş katib təyin edilib.

Təşkilatın İdarə heyətinin üzvləri arasında Bolqarıstan Karate Federasiyasının vitse-prezidenti Rossalin Rossalinov, Cənubi Afrika Respublikası Karate Federasiyasının prezidenti Soni Pilay, həmçinin ölkələrində bu təşkilatın rəhbərləri olan Keyvan Qazi (Yunanıstan) və Erol Gülal Vesef (İsveçrə) yer alıb.

1-3 noyabrda Şimali Makedoniyanın paytaxtı Skopyedə populyarlaşmqda olan WSF-nin növbəti Avropa çempionatı keçiriləcək. Yarışda 30-dək ölkədən 2500-dən artıq karateçi iştirak edəcək. Yarış ərəfəsində təşkilatın İdarə heyətinə yeni üzvlərin qəbul olunması nəzərdə tutulub. Yığıncaqda WSF-i inkişaf etdirmək məsələləri gündəmə gətiriləcək.

WSF təşkilatının WKF tərəfindən tannınması ilə bağlı görüşdən sonra Antonio Espinos Yaşar Bəşirovla söhbətində 2020-ci ilin martında Bakıda 55-ci Avropa çempionatına hazırlıq işlərindən, eləcə də nəzərdə tutulan başqa planlar barədə danışıblar.