Yaşar Əliyev: “Regionda olmayan dövlətlər Cənubi Qafqazı geosiyasi qarşıdurma
obyektinə çevirmək istəyir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Bəzi regionda olmayan dövlətlərin Cənubi Qafqazı geosiyasi rəqabət və
qarşıdurma obyektinə çevirmək, o cümlədən Ermənistanı silahlandırmaq və onun
nifrət təbliğatını təşviq cəhdləri sülhə, barışığa və hərtərəfli inkişafa
xidmət etmir”.
“Report” xəbər verir ki, bunu Azərbaycanın BMT yaninda daimi nümayəndəsi Yaşar
Əliyev BMT Təhlükəsizlik Şurasının “Ümumi əməkdaşlıq yolu ilə sülhün
qorunmasına yardım” mövzusunda açıq müzakirəsində çıxışı zamanı deyib.
Səfir bildirib ki, 30 ildən çox işgal müddətində Ermənistanda həmin ölkənin
silahlı qüvvələri tərəfindən törədilmiş ağır cinayətləri mühakimə etməkdən
yayınan qüvvələr bu gün də 4 minə yaxın itkin düşmüş azərbaycanlının taleyinə
biganə yanaşır, əvvəllər işğal olunmuş ərazilərə yerləşdirdikləri mina və digər
partlayıcı qurğularla bağlı dəqiq məlumatları paylaşmaqdan yayınırlar.
Daimi nümayəndə silahlı münaqişə və onun dağıdıcı təsirlərinə baxmayaraq,
Azərbaycanın regionda inkişafın və sülhün qorunması səylərini davam etdirərək
reallaşdırdığı genişmiqyaslı layihələrdən danışıb:
“Azərbaycan davamlılığa, inklüziv inkişafa, sosial ədalətə və təmiz enerjiyə
diqqət yetirməklə ölkə iqtisadiyyatının yenidən qurulması üçün transformasiya
xarakterli dəyişikliklərin sadiq tərəfdarı olmuşdur. Son 20 ildə Azərbaycan
iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qyulub ki, bunun 200
milyarda yaxın qeyri-enerji sektorunun payına düşür. Bundan əlavə, Azərbaycan
nəqliyyat infrastrukturuna sərmayə yatırılmasına və regional tərəfdaşlarla
əməkdaşlığın genişləndirilməsinə böyük töhfə verərək, Avropa və Asiya arasında
əsas nəqliyyat və logistika qovşaqlarından birinə çevrilib.
Üç il əvvəl müharibə başa çatdıqdan sonra Azərbaycan məcburi köçkünlərin
təhlükəsiz geri qayıtmasını normal yaşayışını təmin etmək üçün işğaldan azad
edilmiş ərazilərin minalardan təmizlənməsi, bərpası və yenidən qurulmasını,
onların ölkə iqtisadiyyatına reinteqrasiyasını prioritet vəzifə kimi qoymuşdur.
Bu torpaqlara həyat tədricən qayıdır və köçkün ailələrin ilk qrupları artıq öz
doğma yurdlarına qayıdıblar”.