f6edbc56-d2cc-4c30-bdc3-b051a89a8184..jpg

Yaşayış sahələrinin kirayəçilərə təqdim olunması əməliyyatı ƏDV-dən azad edilir

Baxış sayı: 869 dəfə baxılıb.

Yaşayış sahələrinin kirayəçilərə təqdim olunması əməliyyatı ƏDV-dən azad edilir

2023-cü il üçün Vergi Məcəlləsində dəyişikliklərin əsas istiqamətləri vergi
inzibatçılığı mexanizmlərinin təkmilləşdirilməsi, sosial xarakterli güzəştlər
vasitəsilə əhalinin maliyyə-vergi yükünün azaldılması, ləğv prosesində olan
kredit təşkilatlarının sabit vergi xərclərinin, eləcə də investisiya mühitinin,
o cümlədən yerli istehsalın təşviqi ilə vergi yükünün aşağı salınması və
beynəlxalq reytinqlərdə ölkənin mövqeyinin qorunması və s. istiqamətləri əhatə
edir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qanunvericilikdə nəzərdə
tutulan bəzi əsas dəyişikliklər və onların əsaslandırılmasını hissə-hissə
ictimaiyyətin diqqətinə təqdim edir.

Cixisyolu.com xəbər verir ki, Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklərdən
biri İpoteka və Kredit Zəmanət Fondu tərəfindən yaşayış sahələrinin
kirayəçilərə təqdim olunması əməliyyatının ƏDV- dən azad edilməsidir. Məlum
olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 yanvar tarixli
Fərmanı ilə “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (İKZF)
yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası” təsdiq edilib.
2020-ci ilin mart ayından etibarən Fond tərəfindən yaşayış sahələrinin satın
alınması və müəyyən edilmiş şərtlərlə kirayəçinin mülkiyyətinə verilməsinə
başlanılıb.

Vergi Məcəlləsinin tələblərinə əsasən, Fond tərəfindən yaşayış sahələrinin
satmaq öhdəliyi ilə kirayə verilməsi əməliyyatı ƏDV-nin vergitutma obyekti
hesab edilir. Bu hal isə vətəndaşların aylıq ödənişlərinin artmasına və nəticə
etibarilə əhalinin mənzil əlçatanlığının düşməsinə, habelə bu mexanizmin
səmərəliliyinin azalmasına gətirib çıxara bilər. Bu baxımdan, Fondun satmaq
öhdəliyi ilə kirayə mexanizminin mahiyyətini və yaradılması məqsədlərini,
həmçinin sosial yönümlülüyünü nəzərə alaraq, qeyd olunan əməliyyatın ƏDV-dən
azad edilməsi nəzərdə tutulub.

Təklif olunan güzəşt bu mexanizmin daha da təkmilləşməsinə, o cümlədən
vətəndaşların yaşayış sahələrinə tələbatının ödənilməsi və əlçatanlığın təmin
edilməsinə öz töhfəsini verəcək.

Source link