b964e9e5-0581-4b5b-b97a-5b3e8dc37f61.jpg

Yaşıl biznes necə olmalıdır?

Baxış sayı: 30 dəfə baxılıb.

KOBİA-nın təşəbbüsü və dəstəyi ilə hazırlanmış “Yaşıl biznesin idarəedilməsi
sistemləri” dövlət standartı yaşıl biznes modelinə keçmək istəyən sahibkarlar
üçün faydalı sənəddir.

Cixisyolu.com xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi
məlumat yayıb.

Bildirilib ki, iqlim dəyişiklikləri ilə mübarizə, ətraf mühitin qorunması,
resurslardan səmərəli istifadə fonunda yaşıl bizneslərin önəmi artmaqdadır.
Yaşıl biznes dedikdə ekoloji və dayanıqlı inkişaf prinsiplərinə əsaslanan,
ətraf mühitə və cəmiyyətə müsbət təsir etməyə çalışan iş modeli nəzərdə
tutulur. Fəaliyyətində yaşıl prinsipləri əsas götürən bizneslər ətraf mühitə
dost olur, resurslardan daha səmərəli istifadə edir, az tullantı yaradır,
ekoloji təmiz məhsul və xidmətlər istehsal edir. Bir sözlə, yaşıl biznes yalnız
gəlir əldə etməyi deyil, həm də ətraf mühitin və cəmiyyətin rifahını ön planda
tutmağı hədəfləyir.

Ətraf mühitə münasibətdə məsuliyyətli davranış istehsal zamanı birbaşa
təsirlərin aradan qaldırılması ilə məhdudlaşmır, ümumilikdə yaşıl davranışların
təşkilatın bütün biznes proseslərinə və idarəetmə sisteminə inteqrasiyasını
zəruri edir. Bu baxımdan, yaşıl planlama, yaşıl idarəetmə üzrə strategiya və
siyasətlərin hazırlanması və tətbiq olunması əhəmiyyətlidir. Ekoloji təmiz
xammal və materialların seçilməsi, su, enerji və torpaq ehtiyatlarından
səmərəli istifadə, tullantıların düzgün idarəedilməsi, yaşıl maliyyələşmə kimi
amillər yaşıl fəaliyyətin təşkili üçün zəruridir. Yaşıl biznes idarəetmə
sisteminin tətbiqi ilə yanaşı, onun mütəmadi olaraq monitorinqinin
aparılmasına, qiymətləndirilməsinə və təkmilləşdirilməsinə də diqqət
yetirilməlidir.

Bu yaxınlarda qəbul edilmiş AZS 962:2024 “Yaşıl biznesin idarəedilməsi
sistemləri” dövlət standartı bizneslərin hansı istiqamətdə hansı yaşıl
prinsipləri tətbiq edə biləciyini göstərməklə, həm də faydalı təlimat rolunu
oynayır. Yeni standartın tətbiqi bizneslərin, o cümlədən KOB-ların yaşıl biznes
modelinə keçidini asanlaşdırmaqla qlobal bazarda daha rəqabətqabiliyyətli
olmasına imkan verəcək. KOB-ların ətraf mühitə təsirinin minimuma
endirilməsini, resurslardan səmərəli istifadəni və ekoloji məsuliyyəti
artırmağı nəzərdə tutan yeni standart, həmçinin ekoloji innovasiyaların
stimullaşdırılmasına xidmət edəcəkdir.

Dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı
Agentliyinin (KOBİA) təşəbbüsü və dəstəyi ilə hazırlanmış yeni standart
beynəlxalq müstəvidə ilk belə təcrübələrdəndir.

Qeyd edək ki, AZS 962:2024 “Yaşıl biznesin idarəedilməsi sistemləri” dövlət
standartı “ESDGoals” MMC tərəfindən təqdim edilən standart layihəsi
çərçivəsində “Uyğunluğun qiymətləndirilməsi” (AZSTAND/TK 08) və “Ekologiya”
standartlaşdırma üzrə Texniki Komitələrdə (AZSTAND/TK 09) müzakirə edilib,
ümumi razılıq əsasında qərar qəbul edilərək təsdiq edilməsi üçün İqtisadiyyat
Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin
tabeliyində Azərbaycan Standartlaşdırma İnstitutuna təqdim olunub. Standart bu
yaxınlarda müvafiq institut tərəfindən qəbul olunub.

Source link