8d3d582c-bc22-48f7-9456-93fd278a3b64..jpg

Yaşıl Əjdaha ilindən yola saldığımız ilin yaşıl enerji siyasətinə ötəri baxış – FOTO

Baxış sayı: 559 dəfə baxılıb.

Yaşıl Əjdaha ilindən yola saldığımız ilin yaşıl enerji siyasətinə ötəri baxış
– FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Artıq yeni, 2024-cü – Yaşıl Əjdaha ilinə qədəm qoyduq. Yola saldığımız 2023-cü
il enerji sahəsində, xüsusilə də yaşıl enerji sahəsində bir çox mühüm
hadisələrlə yadda qaldı. Ötən il Azərbaycanda yaşıl enerji sektorunda bir sıra
mühüm işlər görüldü, yeni müqavilələr, anlaşma memorandumları imzalandı.
Azərbaycanın yaşıl enerji sahəsinə və yaşıl enerji məkanına yeni xarici
şirkətlər qədəm qoydu və öz təcrübələrini Azərbaycan enerji bazarında bölüşmək,
ölkəmizə investisiya yatırmaq imkanlarını araşdırmaq istəklərini qeyd etdilər.
Bununla da ötən il Azərbaycan hökuməti tərəfindən Yaşıl Əjdaha ili üçün yaşıl
enerji sektorunda yeni prioritet hadisələrin davam etdirilməsi üçün yeni zəmin
yaradıldı.

“Report” 2023-cü ildə yaşıl enerji sahəsində görülən işlərə bir daha nəzər
salmaq, ötən ilin ən mühüm hadisələrini oxucularına bir daha qısaca olaraq
xatırlatmaq qərarına gəlib.

Bakıda Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin ilk iclası baş tutdu

Yaşıl enerji məsələləri ilə bağlı işlər Bakıda hər il keçirilən Cənub Qaz
Dəhlizi Məşvərət Şurası nazirlərinin iclasından başladı. Belə ki, artıq
doqquzuncu ildir ki, Azərbaycan Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin
iclasına ev sahibliyi edir. Amma ötənilki iclas əvvəlkilərdən fərqli oldu. Belə
ki, doqquzuncu iclas çərçivəsində Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin
birinci iclası da baş tutdu.

Ötən ilin yaddaqalan enerji hadisələrini xatırladıqda ilk yada düşən – bu
iclas çərçivəsində Azərbaycanın Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı
Krallığının “ACWA Power” şirkəti arasında “Dənizdə 1,5 GVt-dək külək
layihəsinin həyata keçirilməsinə dair İcra Müqaviləsi”, “Quruda 1 GVt külək
stansiyasının yaradılmasına dair İcra Müqaviləsi” və “Azərbaycan
Respublikasında enerji saxlanc sistemlərinin inkişaf etdirilməsinə dair Anlaşma
Memorandumu”nun imzalanması olur.

“ACWA Power” şirkəti ilə Azərbaycanın tərəfdaşlığı ümumi gücü 2,5 GVt olan
külək elektrik stansiyaları və ölkəmizdə ilk dəfə olaraq enerji saxlanc
sistemlərinin yaradılması üzrə layihələri ilə genişlənir. Bu layihələr
Azərbaycanın yaşıl artım ölkəsi və yaşıl enerji təchizatçısı kimi inkişafına
dair dövlət siyasətinin həyata keçirilməsinə növbəti töhfələridir.

Qeyd edək ki, hazırda “ACWA Power” şirkəti 240 MVt gücündə “Xızı-Abşeron”
Külək Elektrik Stansiyasını inşa edir.

Ərəblər Azərbaycanda küləyi enerjiyə çevirəcəklər

Ötən ilin ilk ayında Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə
(BƏƏ) işgüzar səfəri çərçivəsində Əbu-Dabi şəhərində SOCAR ilə BƏƏ-nin “Masdar”
şirkəti arasında Azərbaycanda 2 GVt gücündə Dənizdə Külək və Hidrogen
Layihələrinin işlənməsinə dair Birgə İşlənmə Sazişi, həmçinin 1 GVt gücündə
Günəş Fotovoltaik və 1 GVt gücündə Quruda Külək Layihələrinin işlənməsinə dair
Birgə İşlənmə Sazişi imzalanıb.

Necə olmasa da, Azərbaycan 2030-cu ilə qədər elektrik enerjisi istehsalı
gücündə bərpa olunan enerji mənbələrinin payının 30%-ə çatdırılmasını
hədəfləyir. Sözügedən sazişlər Azərbaycanla BƏƏ arasında əməkdaşlıq
əlaqələrinin daha da gücləndirilməsinə, habelə Azərbaycanda istixana qazı
emissiyalarının azaldılmasına, bərpa olunan enerji mənbələrinin və ölkənin
davamlı iqtisadi inkişafına töhfə verəcək.

Xatırladaq ki, bərpa olunan enerji sahəsində “Masdar” hazırda Azərbaycanda 230
MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyası layihəsini icra edir.
Stansiyanın hər il yarım milyard kilovat/saat elektrik enerjisi istehsal etməyə
və atmosferə atılan tullantıların ildə 200 000 tondan çox azaldılmasına imkan
yaradacağı nəzərdə tutulur. Yeri gəlmişkən, artıq ötən il “Qaradağ” GES-də ilk
Günəş paneli də quraşdırılıb.

SOCAR karbonsuzlaşmağa doğru gedir

Ötən il yaşıl enerji istiqamətində atılan ən önəmli addımlardan biri də
SOCAR-ın Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı (JBIC) ilə dekarbonizasiya
sahəsində əməkdaşlığın təşviqinə dair Anlaşma Memorandumun imzalanması olub.
Belə ki, bu memorandum karbon emissiyasının azaldılmasına töhfə verən
layihələrin icrasını sürətləndirmək məqsədilə SOCAR ilə Yaponiya şirkətləri
arasında əməkdaşlığın təşviqini nəzərdə tutur.

Tərəfdaşlıq çərçivəsində şirkətlər dekarbonizasiyaya doğru qlobal tendensiyaya
uyğun olaraq aşağı karbonlu texnologiyaların, o cümlədən karbon tutma və
saxlama (CCS) və karbon tutma, istifadə və saxlama (CCUS), hidrogen və ammonyak
layihələrinin tətbiqi ilə bağlı məlumat mübadiləsini həyata keçirəcəklər. SOCAR
və Yaponiya şirkətləri əməkdaşlığı inkişaf etdirmək və karbon qazının
azaldılması və ekologiyanın yaxşılaşdırılmasına töhfə verəcək layihələrin
həyata keçirilməsini sürətləndirmək üçün birgə çalışacaqlar.

Yeri gəlmişkən, ötən il SOCAR “Neft və Qazın Dekarbonizasiyası Xartiyası”na
(OGDC) da qoşulub. OGDC xartiyası 2050-ci ilə qədər əməliyyatlarda xalis sıfıra
nail olma, 2030-cu ilə qədər “Upstream” seqmentində metan emissiyaları üzrə
sıfır hədəfinə yaxınlaşma, 2030-cu ilə qədər normal hasilat prosesində məşəldə
yandırmaların sıfıra endirilməsi kimi hədəfləri özündə əks etdirir.

Azərbaycanın Çin olan arzuları

Bundan başqa, bütün sadalananlarla bərabər, Azərbaycan “China Gezhouba Group
Overseas Investment” şirkəti ilə də 2 GVt gücündə bərpa olunan enerji
layihələri üzrə əməkdaşlıq edəcək. Belə ki, Çin şirkəti elektrik enerjisinin
yüksəkgərginlikli sabit cərəyan kabelləri vasitəsilə uzaq məsafələrə ötürülməsi
sahəsində təcrübə mübadiləsini həyata keçirəcək. Azərbaycanın Energetika
Nazirliyi ilə “China Gezhouba Group Overseas Investment” şirkəti arasında
imzalanan Anlaşma Memorandumu ölkədə sənayemiqyaslı Günəş enerjisi, quruda və
dənizdə külək enerjisi, enerji saxlama və inteqrasiya olunmuş “ağıllı” enerji
sistemləri, həmçinin yaşıl hidrogen istehsalı layihələrinə investisiya qoyuluşu
üçün potensialın qiymətləndirilməsi üzrə əməkdaşlığı ehtiva edir. Sənəd,
həmçinin, şirkət tərəfindən layihələrin şəbəkəyə qoşulma imkanlarının tədqiqi,
ətraf mühitə təsirin qiymətləndirilməsi, geoloji və topoqrafik tədqiqatların
aparılmasını nəzərdə tutur.

Çinlə əməkdaşlıq çərçivəsində “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq
Forumu çərçivəsində elektrik enerjisi, neft-qaz, neft-kimya və bərpa olunan
enerji sahələrində əməkdaşlığın inkişafı və enerji layihələrinə investisiyanın
təşviqi məqsədilə “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Çin Xalq
Respublikasının Milli Enerji Administrasiyası arasında Anlaşma Memorandumu”
imzalanıb. Bu sənəd hər iki ölkənin energetika sektorunda ikitərəfli əlaqələrin
genişləndirilməsini, yeni texnologiyaların tətbiqi, enerji infrastrukturunun
yenilənməsi üzrə əməkdaşlığı, qarşılıqlı investisiya və biznes fəaliyyətlərinin
təşviqini, bərpa olunan enerji mənbələri sahəsində təcrübə mübadiləsini,
həmçinin birgə konfrans, forum və təlimlərin keçirilməsini nəzərdə tutur.

Naxçıvan yaşıl enerji zonasına çevrilir

Ötən il hər il ənənəvi olaraq keçirilən Bakı Enerji Həftəsi çərçivəsində
“Naxçıvan və Şərqi Zəngəzurun yaşıl enerji potensialı” mövzusunda xüsusi
sessiya təşkil olunub. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə
həyata keçirilən siyasət nəticəsində muxtar respublikanın strateji əhəmiyyəti
artır. Naxçıvanın enerji təhlükəsizliyini möhkəmləndirən və onu enerji
mərkəzinə çevirən yeni bir inkişaf mərhələsi başlanır. Qarabağ və Şərqi
Zəngəzurla yanaşı, Naxçıvanın yaşıl enerji zonası elan edilməsi də dövlət
başçısının mütərəqqi inkişaf siyasətinin təzahürüdür.

Bu ərazilərin bərpa olunan enerji mənbələri üzrə ümumi texniki potensialı 15
GVt təşkil edir. Azərbaycanın azad edilmiş ərazilərində 53,6 MVt gücündə 11
Kiçik Su Elektrik Stansiyaları (KSES) artıq istismar edilir, 70,5 MVt gücündə 7
KSES hazırda inşa olunur və bu il daha ümumi gücü 76,8 MVt olan doqquz
stansiyanın tikintisinə başlanacaq. Həmçinin, KSES-lərin bərpasına özəl
investisiyanın cəlbi istiqamətində işlər aparılır. Cəbrayılda 240 MVt gücündə
“Şəfəq” Günəş Elektrik Stansiyası, Araz çayı üzərində 140 MVt gücündə
“Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları da
Şərqi Zəngəzurun yaşıl inkişafına öz töhfəsini verəcək.

Əlverişli Günəş radiasiyasına malik Naxçıvanın yaşıl enerji zonasında inkişafı
üçün konsepsiya hazırlanıb. Külək və Günəş enerjisi üzrə 1 500 MVt-lıq istehsal
güclərinin xarici investisiya hesabına yaradılması və onun ən azı 1 000 MVt-nın
Türkiyə və Avropa istiqamətində ixracı strateji hədəfimizdir.

Ötən il Bakı Enerji Həftəsi çərçivəsində Naxçıvanda Fransanın “TotalEnergies”
və yerli “Nobel Energy Management” şirkətləri ilə ümumi gücü 900 MVt olan Günəş
və külək enerjisi layihələri üzrə əməkdaşlıq sənədləri imzalanıb. Bu güclərin
650 MVt-ı məhz Naxçıvanda yaradılacaq. Güclərin yaradılması həm Naxçıvanı, həm
də Şərqi Zəngəzuru yaşıl enerjinin istehsal və istehlakı ilə bərabər, ixracının
da mənbə və marşrutuna çevirir.

Həmçinin, Energetika Nazirliyi “Nobel Energy Management” şirkəti ilə
Naxçıvanda 400 MVt gücündə Günəş elektrik stansiyasının tikintisi və istehsal
ediləcək elektrik enerjisinin Türkiyəyə ixracı üzrə əməkdaşlığa dair Anlaşma
Memorandumu da imzalayıb. Energetika Nazirliyi və “TotalEnergies” şirkəti
arasında 250 MVt gücündə quruda külək, Naxçıvan Muxtar Respublikasında 250 MVt
gücündə Günəş elektrik stansiyaları, habelə enerji saxlanc sistemləri
layihələrinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə
əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Beləliklə, yaşıl enerji layihələrinin reallaşdırılması yaxın illərdə Naxçıvanı
enerji ixracatçısına çevirəcək və onun strateji əhəmiyyətini daha da artıracaq.
Belə ki, külək və Günəş enerjisi üzrə 1 500 MVt-lıq istehsal güclərinin
yaradılması və onun ən azı 1 000 MVt-nın ixrac edilməsi planları çərçivəsində
beynəlxalq enerji şirkətləri ilə əməkdaşlığın Naxçıvanı yaşıl enerjinin
istehsalı-ixracının da mənbəyi və marşrutuna çevirəcək. Naxçıvan üzərindən
“Türkiyə-Azərbaycan Qarşılıqlı Əlaqə” layihəsinin icrası ilə əlaqədar
2023-25-ci illərdə “TEİAŞ” və “Azərenerji” ASC-nin birgə həyata keçirəcəyi yol
xəritəsi, “Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan
Enerji Mənbələri Dövlət Agentliyi və “A-Z Czech Engineering” MMC arasında
Azərbaycan ərazisində bərpa olunan enerji mənbələri üzrə layihələrin icrası,
həmçinin Naxçıvanda gücü 500 MVt-a qədər olan Günəş elektrik stansiyasının
tikintisi, eləcə də elektrik enerjisinin Türkiyəyə ixracı üçün ötürücü
şəbəkənin qurulması imkanlarının araşdırılması üzrə əməkdaşlığa dair Anlaşma
Memorandumu” və “Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa
Olunan Enerji Mənbələri Dövlət Agentliyi və “ACWA Power” şirkəti arasında
Batareya Enerji Saxlama Sistemi (BESS) layihəsi və 200 MVt quruda külək
layihəsi üçün tədbirlər təqvimi (yol xəritəsi)” imzalanıb.

Həmçinin, Türkiyənin “Baltech Enerji” şirkəti Qarabağda 100 MVt külək elektrik
stansiyası, Naxçıvanda isə 50 MVt gücündə Günəş elektrik stansiyası üzrə
əməkdaşlıq təklifi irəli sürüb.

Azərbaycan COP29-a ev sahibliyi edəcək

Ötən ilin ən yaddaqalan hadisələrindən biri, bəlkə, önəmlilik baxımından ən
birincisi Azərbaycanın BƏƏ-nin Dubay şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasında (COP28)
iştirakı olub. COP28 çərçivəsində bir sıra dövlətlərin rəsmiləri, aparıcı
enerji şirkətlərinin rəhbərləri ilə mühüm və önəmli ikitərəfli görüşlər
keçirilib. Həmçinin, COP28 çərçivəsində “Bərpa olunan enerji və enerji
səmərəliliyi nazirləri”nin dəyirmi masası, eyni zamanda Azərbaycan pavilyonu da
təşkil edilib və ölkəmizdə yaşıl enerji sahəsində investisiya imkanlarına həsr
olunan tədbir də keçirilib.

Ən maraqlı hadisə də burada baş verib: Azərbaycan 2024-cü ildə BMT-nin İqlim
Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına ev
sahibliyi edəcək.

Təbii ki, bir sıra olduqca yüksək səviyyəli beynəlxalq tədbirlərə ev sahibliyi
etmiş ölkəmiz üçün bu, növbəti etimadın göstəricisidir. Əslində, sözügedən
qərar hər şeydən əvvəl Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzundan,
müxtəlif dövlətlərin və beynəlxalq təşkilatların Bakıya olan marağından xəbər
verir. Bu isə şübhəsiz ki, ilk növbədə, Azərbaycanın Cənubi Qafqazda ədaləti
bərpa etməsi, torpaqlarını işğaldan azad etməsi və uzun illərdən sonra
Ermənistanla münasibətlərin normallaşdırılması mərhələsinə qədəm qoyması ilə
izah olunmalıdır.

İndidən də artıq proqnozlaşdırmaq olar ki, Azərbaycan COP29-a uğurla ev
sahibliyi edəcək. Belə düşünmək üçün kifayət qədər əsas var. Azərbaycanda olan
infrastruktur, habelə rəsmi Bakının beynəlxalq tədbirlərin keçirilməsi ilə
bağlı təcrübəsi COP29-a da uğurla ev sahibliyi edəcəyinə şübhə qoymur.

Və sonda, 2023-cü ilə nöqtəni, daha doğrusu, nidanı ölkə başçısı İlham Əliyev
qoydu. Azərbaycan Prezidenti sərəncam imzalayaraq 2024-cü ili Azərbaycanda
“Yaşıl dünya naminə həmrəylik ili” elan etdi. Prezidentin sərəncamında bir daha
qeyd olunub ki, yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya
bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. “COP29 kimi
mötəbər bir tədbirin isə Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın
verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və
etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin
qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir
olunmasının bariz nümunəsidir. Məhz bütün bunlar nəzərə alınaraq iqlim
dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi
məqsədilə Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan
edilib”, – sərəncamda bildirilir.

Bir sözlə, 2024-cü il – Yaşıl Əjdaha, bizim üçün isə “Yaşıl dünya naminə
həmrəylik ili” daha maraqlı olacaq.

Source link