02812e86-82ef-4235-b992-c2cdf2628be0..jpg

“Yasin” oxuyub ailəsini dolandırdı, həmkarından incik getdi – Ramiz Əzizbəyli haqqında maraqlı faktlar – FOTO

Baxış sayı: 894 dəfə baxılıb.

“Yasin” oxuyub ailəsini dolandırdı, həmkarından incik getdi – Ramiz Əzizbəyli
haqqında maraqlı faktlar – FOTO

Kulis.az rejissor, aktyor, Xalq artisti Ramiz Əzizbəyli haqqında on maraqlı
faktı təqdim edir.

Ramiz Hacıağa oğlu Əzizbəyli 20 iyul 1948-ci ildə Bakı şəhərində anadan olub.
Atası Hacıağa ömrünün son illərinə qədər 11 uşaqlı ailəsini “Yasin” oxumaqla
dolandırıb. 10 yaşı olanda atası dünyasını dəyişib. Ailənin kiçiyi olduğu üçün
anası və bacısı ona hər cür şərait yaradıblar. 190 nömrəli məktəbdə təhsil
alıb. Rəsm dərnəyinə də gedib. Qılıncoynatma, üzgüçülük, gimnastika, güləş,
futbol, atçılıqla da məşğul olub.

Ramiz Əzizbəylinin sənətə gəlişi 1957-ci ildən – 9 yaşından başlayıb. Veriliş
və televiziya tamaşalarında azyaşlı aktyor kimi çıxış edib. İlk dəfə AzTV-nin
uşaq redaksiyasında daimi üzv kimi işləməyə başlayıb. Hətta adına müvəqqəti
əmək kitabçası da açılıb. Əmək kitabçası müvəqqəti olsa da, redaksiyanın daimi
üzvü olub. Azyaşlı olduğu üçün maaşı onun özünə verməyib, poçtla evə
göndəriblər.

1959-cu ildə kinostudiyanın dublyaj redaksiyasına cəlb olunub. O vaxta qədər
uşaq rollarını da böyüklər səsləndiriblər. İlk dəfə uşaq obrazlarını
səsləndirməyi ona həvalə ediblər. Bundan sonra kinostudiyada fəhlə kimi işə
başlayıb. Həmçinin İncəsənət İnstitutunun mədəni-maarif fakültəsində qiyabi
təhsil almağı qərara alıb. Oranı bitirəndən sonra aktyor və rejissor kimi
fəaliyyət göstərib.

1987-ci ildə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının “Debüt”
studiyasında çəkdiyi “Pirverdinin xoruzu” qısametrajlı bədii filmi ilə özünü
rejissor kimi təsdiqləyib. Bu film bir neçə beynəlxalq festivalda Azərbaycan
kino sənətini uğurla təmsil edib, Kiyev şəhərində keçirilən Ümumittifaq
Kinofestivalında “ən yaxşı rejissor debütünə görə” nominasiyasının qalibi olub.

O, xalqımızın nə istədiyini çox gözəl bilib və bütün işləri ilə də
tamaşaçıların sevimlisi olmağı bacarıb. Təkcə “Bəxt üzüyü” filmi hər şeyi
deyir. “Bəxt üzüyü” müasir kino tariximizə yüksək bədii keyfiyyətli və ən
yüksək kassa gəliri gətirən film kimi daxil olub. Film Daşkənddə keçirilən
Asiya və Latın Amerikası ölkələrinin ənənəvi kinofestivalında xüsusi diploma
layiq görülüb.

“Bəxt üzüyü” filminə Ramiz Əzizbəyli həyat yoldaşı Zümrüd xanımı çəksə də,
sonradan o, çəkilən hissələri montaj edib.

Rejissorun iki qızı var. Qızı Xədicəni o, yaxın dostu olan Rasim Balayevin
baldızının oğluna verib. Lakin Xədicənin ailə həyatı alınmayıb və həyat
yoldaşından ayrılıb. Bu məsələ Ramiz Əzizbəylini çox sarsıdıb. O, Rasim
Balayevdən küsüb və ömrünün sonuna qədər onu bağışlamayıb.

Ramiz Əzizbəyli yaxın dostu Afaq Bəşirqızından da incik olub. Bu barədə o,
müsahibələrinin birində deyib:

“Mənim çəkdiyim filmlə zirvəyə çıxdı, sonra o zirvədən mənə daş atdı. Acığıma
gedib “Bəxt üzüyü – 2”ni çəkdi. Çox pis təsir etdi mənə. Çox bərbad, səviyyəsiz
bir iş çıxdı ortalığa”.

Xalq artisti üç dəfə insult keçirib. O, uzun müddət yüksək qan təzyiqi və
şəkər xəstəliyindən əziyyət çəkib. Onun bir ayağındakı barmaqları amputasiya
edilib. Ramiz Əzizbəyli 8 dəfə əməliyyat keçirib. Hər dəfə narkozdan ayılanda
Allaha şükür edib. Bir müddət əvvəl sənətkar Zığ qəsəbəsində yerləşən
koronavirus xəstələrinin müalicə aldığı modul tipli hospitala yerləşdirilib.
İnfarkt keçirdiyi açıqlanıb.

Ramiz Əzizbəyli 9 iyun 2021-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat edib.
Ömrünün son illərində verdiyi müsahibələrinin birində deyib:

“Ən çox incikliyim anamdandır. Onu tez-tez yuxumda görürəm. Gərək məni bu
dünyaya gətirməyəydi”.

Source link