Dövlət İmtahan Mərkəzinin (DİM) dövlət qulluğunda inzibati vəzifələrin B növü üzrə keçirdiyi imtahanda iştirak edən namizədlərin yaş kateqoriyası və gender aspektləri üzrə statistik məlumatlar açıqlanıb.
ÇıxışYolu.Com-ın məlumatına görə, imtahanda iştirak etmək məqsədilə qeydiyyatdan keçən 1537 namizəddən 970 nəfəri kişi, 567 nəfəri isə qadın iddiaçılar olub.
Qeydiyyatdan keçən namizədlərdən kişilər üzrə 833 nəfər (qeydiyyatdan keçənlərin 86 %-i), qadınlar üzrə isə 512 nəfər (qeydiyyatdan keçənlərin 90 %-i) 20-34 yaş intervalında olanlardır.
Ən yuxarı yaş qrupu (60-64 yaş intervalı) üzrə qeydiyyatdan keçənlərin üçü kişi, biri isə qadındır. Bildirilib ki, yuxarı yaş intervalına aid kişi və qadın namizədlərin heç biri imtahanda uğur qazana bilməyib.
Ümumiyyətlə, imtahanda iştirak edən və yaşı 45-dən yuxarı namizədlərin yalnız bir nəfəri imtahanda uğur əldə edə bilib.
Ümumilikdə imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 1537 namizəddən 469 nəfəri müvəffəqiyyət qazanıb.
Müddətli əmək müqaviləsi və digər əsaslarla işə qəbul edilən şəxslərdən isə 388 nəfər imtahanda iştirak etmək üçün qeydiyyatdan keçib və onlardan 78 nəfər müvəffəqiyyət əldə edib.
İşdən azad edilənlər kateqoriyasına aid şəxslərdən isə 53 nəfər imtahanda iştirak etmək üçün qeydiyyatdan keçib və onlardan 12 nəfər müvəffəqiyyət qazanıb.
Bundan başqa, 1537 namizəddən 174 nəfəri ali təhsil müəssisələrinə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının əmri ilə qəbul olmamış şəxslərdir. Onlardan yalnız 13 nəfər (7,4%) uğur qazanıb. Müvəffəqiyyət əldə edənlərdən bir nəfər xarici təhsil müəssisəsini, 12 nəfər isə ölkənin ali təhsil müəssisələrini bitirib.
DİM tərəfindən dövlət qulluğu üzrə keçirilən imtahanlar nəticəsində ümumilikdə 1439 nəfər keçid balını toplayaraq müxtəlif altqruplara aid 1515 sertifikat əldə etmək hüququ qazanıb.
Qeyd edək ki, A növü üzrə vakant vəzifələri tutmaq üçün növbəti test imtahanı mayın 26-da, B növü vəzifələr üzrə imtahanlar isə aprelin 22-də və iyunun 30-da keçiriləcək.